Mühazirə-7 “Şüur axını” ədəbiyyatının meydana gəlməsinin tarixi “Şüur axını” ədəbiyyatı XX əsrin modernist cərəyanlarından biridir. İnsanın daxili həyatının, təəssüratlarının və düşüncələrinin təsviri “şüur axını” ədəbiyyatının səciyyəvi təsvir vasitəsidir. Qərbi Avropa və Amerika tənqidi fikrində “şüur axını” anlayışı psixologiyadan əxz olunmuşdur və bir qayda olaraq “daxili monoloq”la eyniləşdirilir. Müasir ədəbiyyatşünaslıqda “şüur axını” daxili monoloqun ən son pilləsi, ifrat formasıdır. İnsanın daxili psixi fəaliyyətinin təcəssümü baxımından “şüur axını” insanın iç aləminin ən dolğun bədii təcəssümü vasitəsi hesab olunur.
İnsanın daxili həyatının birbaşa əksi cəhdləri bədii ədəbiyyatda qədim dövrlərdən mövcud olmuşdur. “Qəlbin özü ilə söhbətləri” (Platon), dramatik monoloqlar, tövbələr, esselər, məktub formasında yazılan əsərlər müxtəlif dərəcədə və formalarda insan düşüncələrinin və hisslərinin axarını təsbit edirlər. Belə ki, ingilis yazıçısı Lorens Stern özünün məşhur “Tristram Şendininin həyatı və rəyləri” (1767) romanında sistemli şəkildə psixoloji təhlilin və daxili monoloqun prinsiplərindən istifadə etmişdir. İnsan hisslərinin təsvirinə böyük əhəmiyyət verən L. Stern XX əsr ədəbiyyatında geniş yayılmış gizli psixi proseslərə marağın əsasını qoymuşdur. XIX əsr ədəbiyyatında insanın daxili aləminin təsvirinə meyl özünü Stendalın, Teodor Qotyenin əsərlərində öz ifadəsini tapmışdır. XIX əsr ədəbiyyatında insanın daxili alıminə diqqət xüsusilə L. Tolstoyun əsərləri üçün səciyyəvidir. Rus yazıçısı hələ gənc yaşlarında L. Sterinin yaradıcılığı ilə maraqlanırdı. Bu ona sonradan öz romanlarında və hekayələrində psixoloji təhlilin bədii nümunələrini yaratmağa kömək etdi. Onun əsərlərində daxili monoloqun müxtəlif təzahür formalarına rast gəlmək olar. “Anna Karenina” romanında baş qəhrəmanın qatarın altına atılması ərəfəsində keçirtdiyi hislərin, qırıq-qırıq düşüncələrin təsvirində L. Tolstoy faktiki olaraq “şüur axını” ədəbiyyatının ən böyük nümayəndəsi hesab olunan C. Coysu qabaqlamışdır. Lakin bununla belə özünün daxili aləmin təsvirində Tolstoy müəyyən dözümə riayət etməyi üstün tuturdu.
“Şüur axını” anlayışının fəlsəfədə və psixologiyada meydana gəlməsi 1880-ci ildə amerikalı filoloq və psixoloq U. Ceyms əvvəlcə öz mühazirələrində, sonra isə “Psixologiyanın elmi əsasları” (1890) kitabında “şüur axını” anlayışını irəli sürdü: “Biz bəzən görür, bəzən eşidir, bəzən düşünür, bəzən istəyir, bəzən xatırlayır, bəzən gözləyir, bəzən sevir, bəzən nifrət edirik. Eyni zamanda biz bilirik ki, bizim şüurumuz növbə ilə yüzlərlə başqa üsullarla məşğuldur. Şüur heç zaman özünü parçalanmış şəkildə təsəvvür etmir. “Zəncir” yaxud “sıra” ifadələri onun mahiyyətini açıqlamır. Şüur axır. Buna görə də “çay” yaxud “axır” metaforaları təbii şəkildə şüurun hərəkətini təcəssüm edir.” Fransız filosofu A. Berqson da özünün “Şüurun fəaliyyəti haqqında birbaşa məlumatlar” (1889) əsərində bu problemə toxunmuşdur. Elə həmin illərdə fransız yazıçısı E. Düjardın “Dəfinələr qoparılmışdır” (1887) romanında ilk dəfə bədii ədəbiyyatda “şüur axını”nın təsvirini vermişdir. Müəyyən mənada bu üsuldan U. Ceymsin qardaşı amerikalı yazıçı H. Ceyms habelə C. Mur, C. Konrad, J. Huismans istifadə etmişlər. Bu sənətkarların əsərlərində “şüur axını” artıq ədəbiyyatda istifadə olunan üsullardan biri yox, aparıcı üsula çevrilir. “Şüur axını” bir növ insan düşüncələrini və hislərini yarıyolda tutub saxlamağa, qeyri-müəyyən təəssüratları, daha doğrusu, onların axarını təsbit etməyə cəhd göstərir. “Şüur axını” ideyası psixoanalizin banisi Z. Freydin və onun şagirdi K. yunqun əsərlərində insanın iç aləminin əsas qanunauyğunluğu kimi əsaslandırıldı. XX əsrin ilk onilliklərində “şüur axını” konsepsiyası çoxsaylı sənətkarların diqqətini cəlb edir, “şüur axını” məktəbi yaranır. Bu məktəbin nümayəndələri “şüur axını”nı gerçəkliyi və insanı təcəssüm etməyin yeganə bədii vasitəsi hesab edir. İngilis yazıçısı Lorens onu “Ölümsüz Uilyam Ceymsin ölümsüz ifadəsi” adlandırmışdır. Bu fikir xüsusilə Ceyms Coysun “Uliss” romanının işıq üzü görməsindən sonra məşhurlaşdı və tez bir zaman içində müxtəlif sənətkarlar tərəfindən bu və ya digər şəkildə istifadə olunmağa başladı.