Məlumdur ki, İkinci dünya müharibəsindən sonra “sosialist düşərgəsi” bütün Şərqi Avropanı, Çini, Vyetnamı, Kubanı, Şimali Koreyanı ehtiva etdi. Bütün bu ölkələrdə sosialist realizmi prinsipləri hökm sürürdü. Onu da qeyd ermək lazımdır ki, bütün bu ölkələrdə sosialist realizmi bu və ya digər dərəcədə məcburi idi. Lakin eyni zamanda bəzi ölkələrdə müəyyən ideoloji sərbəstlik də mövcud idi. Belə ki, bəzi sosialist ölkələrində abstraksionizm və digər avanqardist cərəyanlar öz ölkələrinin mədəni həyatında iştirak etmək imkanına malik idilər. Məsələn, Kubada abstraksionizm sərbəst şəkildə inkişaf etmək, müxtəlif incəsənət sərgilərində təmsil olunmaq imkanına malik idi. Lakin eyni zamanda Almaniya Demokratik Respublikasında, Çində, Şimali Koreyada incəsənətdə heç bir avanqardist eksperimentə yol verilmirdi. Bununla yanaşı bir sıra sənətkarlar kapitalist ölkələrində yaşasalar da, sosialiat realizmi ruhunda əsərlər yazırdılar. Buna fransız yazıçısı Ə. Araqonun bir sıra nəsr əsərləri, habelə amerikalı sənətkar Hovard Fastın “ Azadlıq yolu” romanı misal ola bilər. Bu sənətkarlar belə hesab edirdilər ki, yalnız inqilabi sənət XX əsrin gerçəkliyini əks etdirə bilər: “Həqiqət inqilabi səciyyə daşıyır” . Buna görə də incəsənət nə qədər sosialist ideologiyasına, sosialist inqilabının qarşıya qoyduğu vəzifələrər qulluq edirlərsə, bir o qədər onlar yüksək bədii keyfiyyətlərə malik olmalıdırlar. Bu sənətkarlar incəsənət nümunələrindən partiyalılıq tələb edirdilər. Onlar görmək istəmirdilər ki, partiyalılıq prinsipi həyat həqiqətinin əleyhinə gedir. İncəsənətin özünün təbiətinə yaddır. Lakin bununla belə partiyalılıq prinsipi həm SSRİ-də, həm də digər sosialist ölkələrində mədəniyyətin həm ideoliji, həm də təşkili baxımından idarə olunmasında aparıcı rol oynadı. Qeyd etmək lazımdır ki, sosialist realizmi prinsipləri mahiyyət etibarilə marksizmdən uzaq olan mütəfəkkirlərin görüşlərinə təsir edirdi. Belə ki, fransız ekzistensialist filosof J.P. Sartr mahiyyəti etibarilə sosialist realizminə yaxın olan “səfərbər” incəsənət konsepsiyasından çıxış edirdi.