Mühazirə-15 Uilyam Folkner (1897-1962) həyatı Amerikan yazıçısı U. Folkner ABŞ-ın cənubunda, Missisipi ştatında aristokrat ailəsində anadan olmuşdur. Gələcək yazıçı sistemli təhsil almamışdır. Birinci dünya müharibəsində Kanada aviasiyasında hərbi qulluq etmiş, Fransada yaralanmışdır. Müharibədən sonra müxtəlif vəzifələrdə çalışmış, iki semestr ərzində Missisipi universitetində təhsil almışdır. Folkner 1924-cü ildə “Mərmər favn” (Romeo mifologiyasında meşə və çöl allahı) şeirlər toplusunu nəşr etdirmişdir. Bu dövrdə Folkner görkəmli sənətkar Şervud Auderson ilə tanış olmuş və onun təsiri ilə nəsr əsərləri yazmağa başlamışdır. Anderson ona ilk romanı “Əsgər mükafatı” (1926) əsərini çap etdirməyə kömək etdi. Bu roman o dövrdə dəbdə olan itirilmiş nəsil probleminə həsr olunmuşdur. 1927-ci ildə Folkner özünün ikinci “Mığmığalar” əsərini nəşr etdi. Bu roman yaxtada əyləncəli gəzintiyə həsr olunmuşdur. Bu iki ilk əsər sənətkara heç bir uğur gətirmədi.
Folkner “Sartoris” (1929) əsəri ilə ilk dəfə Yoknapatof mövzusunu yaradıcılığında əks edir və bununla da yaradıcılığının yeni mərhələsinə qədəm qoyur. Bundan sonra yazıçının əsərlərində hadisələr bir qayda olaraq müəllifin uydurduğu Yoknapatof adlı coğrafi məkanda cərəyan edirlər. Müəllif bu mifik məkanın xəritəsini və onun paytaxtı Cefferson şəhərinin planını çəkmişdir və həmçinin bu məkanın 200 illik tarixini yazmışdır. Müəllifin “Səs küy və qəzəb” (1929), “Ölüm yatağında” (1930), “İbadətgah” (1931), “Avqustda işıq” (1932) və digər romanlarında təsvir olunan hadisələr məhz Yoknapatofda cərəyan edirlər.
Yoknapatof haqqında silsilədə “Kənd” (1940), “Şəhər” (1957), “Malikanə” (1959) romanlarından ibarət olan trilogiya xüsusi yer tutur. Bu trilogiya yeni cənub nəsli olan Snoupslara həsr olunmuşdur.
Amerika ədəbiyyatında Folkner təkcə öz romanları ilə deyil, həmçinin novellaları ilə də şöhrət qazanmışdır. Çox zaman onun novellaları gələcək romanları üçün təməl rolunu oynayır.
Folkner bütün yaradıcılığı ilə ABŞ-ın cənub ştatlarının dünyaduyumu, dili, mifologiyası, folkloru, gündəlik həyat tərzi ilə bağlıdır. Uilyam Folkner Nobel mükafatı laureatıdır.