Mühazirə-14 Ernest Heminqueyin həyatı (1899-1961) E. Heminquey Amerikalı yazıçıdır. O, həkim ailəsində dünyaya gəlmiş, 1917-ci ildə məktəbi bitirdikdən sonra Kanzas-siti şəhərində qəzetdə reportyor işləmişdir. O 1914-18-ci il Birinci dünya müharibəsində iştirak etmiş, 1920-21-ci illərdə “The Toronto Daily Star” qəzetinin əvvəlcə yerli, sonra Avropa müxbiri vəzifəsində çalışmışdır. Jurnalist praktikası Heminqueyin bir yazıçı kimi təşəkkülündə mühüm rol oynamışdır. Müharibə, “itirilmiş nəslin” taleyi, həyatın əsl dəyərlərinin axtarışları XX əsrin 20-ci illərində sənətkarın yaradıcılığının məzmununu təşkil edir. Onun ilk əsərləri 1928-ci ilə qədər yaşadığı Parisdə çap olunurlar. 1925-ci ildə yazıçının “Bizim zəmanəmizdə” kitabı işıq üzü görür. Kitab kiçik həcmli fəsillərdən və hekayələrdən ibarətdir. Bu əsərlərlə Heminquey bir çox cəhətdən özünün sonrakı gələn yaradıcılığının inkişaf istiqamətlərini müəyyən etmişdir. “Günəş çıxdı” (1926) romanında müəllif ətraflı şəkildə Birinci dünya müharibəsinin səngərlərindən qayıtmış əsgərlərin sivil həyatda öz yerlərini tapa bilməməkləri və “itirilmiş nəsil”ə çevrilməsi probleminə toxunmuşdur. “Əlvida, silah” (1929) romanı yazıçıya dünya şöhrəti gətirdi. Bu əsərdə müəllif müharibəni vəsf etməkdən qətiyyətlə imtina etmişdir. 1930-cu illərin birinci yarısı Heminquey dərin yaradıcılıq böhranı keçirir və bu onun “Günortadan sonra ölüm” (1932), “Afrikanın yaşıl təpələri”, (1935), “Kilimancaronun qarları” (1936), “Malik olmaq və malik olmamaq” (1937) əsərlərində öz əksini tapmışdır. 1930-cu ilin ikinci yarısında İspaniyada baş vermiş Vətəndaş müharibəsində iştirak edən Heminquey özünün məşhur “Əcəl zəngi” (1940) əsərini yazmışdır. İkinci dünya müharibəsindən sonra E. Heminquey “Qoca və dəniz” (1952) povestini yazmışdır. Bu əsərə görə yazıçı Nobel mükafatına layiq görülmüşdür. Ömrünün axırlarında ağır xəstəlik keçirən yazıçı intihar etmişdir.
Heminqueyin “Əlvida, silah” əsəri Əsər 1929-cu ildə “İtirilmiş nəsil” haqqında iki digər məşhur əsərlə-ingilis yazıçısı R. Oldinqtonun “Qəhrəmanın ölümü” və E. M. Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” romanları ilə eyni zamanda işıq üzü görmüşdür. “Əlvida, silah” romanı Heminqueyin müharibə ilə bağlı xatirələri əsasında yaradılmışdır. Müharibə vaxtı gələcək yazıçı İtaliya ordusunda sanitar maşının sürücüsü işləyirmiş. Əsərin baş qəhrəmanı Frederin Henri İtalyan ordusunda əsgərdir. Yazıçının özü bu əsəri “Romeo və Cülyetta”nın müasir, müharibə dövrünün variantı adlandırmışdır. Lakin əsərin süjet xətti təkcə müharibə mövzusu əsasında qurulmamışdır. Bu eyni zamanda müharibənin ortaya qoyduğu problemləri dərindən bilən sənətkar tərəfindən yaradılmışdır. Heç də təsadüfi deyildir ki, tədqiqatçılar bu əsəri fransız yazıçı Stendalın və rus yazıçısı Tolstoyun əsərləri ilə müqayisə edirlər. Leytenant Henrinin ingilis əsilli tibb bacısı Ketrin Barkli ilə tanışlığı bədii süjet xəttinin inkişafına təkan verir. Ketrin Barklinin nişanlısı cəbhədə öldürülmüşdür. Frederik Henri üçün məhəbbət həyatda itirdiklərini bərpa etmək üçün yeganə ümid yoludur. Leytenant Henri İtaliya ordusunun darmadağın edilməsi ərəfəsində fərarilik edir. Onun fərariliyi silaha “əlvida” deməsi deməkdir. Bu romanda simvolik mətnaltı kimi də şərh oluna bilər. Bu eyni zamanda sosial gerçəkliyin qanunları əleyhinə yönəlmiş bir aktdır. Heminqueyin bütün sonrakı əsərlərində “itirilmiş nəslin” nümayəndələri ictimai həyata qarşı çıxırlar. Leytenant Henri cəmiyyət qarşısında bütün öhdəliklərindən imtina edir: o, özünün şəxsi seçimini ictimai əxlaqa qarşı qoyur. Amerikalı yazıçı M. Qaysmar göstərirdi ki, “Əlvida, silah” romanı mahiyyəti etibarilə insanın məğlubiyyətləri silsiləsindən ibarətdir: o, yağışa, Xoleroya məğlub olur. Henri müharibədə iştirak etməməkdən ötrü özünü şikəst edən əsgərlərdən heç bir şeylə fərqlənmir. Ümidsizlik onun təbiətini müəyyən edən əsas xüsusiyyətə çevrilir. Henri ümidsizlikdən qurtulmaq istəyir, lakin buna heç cür nail ola bilmir. Düzdür, Henri öz sevgilisi Ketrinlə İsveçrəyə çəkilir. Lakin burada da onların xoşbəxt həyatı uzun müddət davam etmir: doğuş zamanı Ketrinin ölümü və uşağın dünyaya ölü gəlməsi Henriyə sağalmaz zərbə vurur. Müəllif göstərmək istəyir ki, fərd insan qırğınlarının hökm sürdüyü dünyada cəmiyyətdən təcrid olunaraq silaha “əlvida” deyə bilməzdi.
“Qoca və dəniz” “Qoca və dəniz” Heminqueyin ən məşhur əsərlərindəndir. Əsər 1950-51-ci illərdə, sənətkarın ömrünün son çağlarında Kubada yaşayarkən yazılmışdır və 1952-ci ildə işıq üzü görmüşdür. 1954-cü ildə bu əsərə görə yazıçıya Nobel mükafatı verilmişdir.
Əsər artıq yaradıcılıq qabiliyyətindən məhrum olmağa başlayan sənətkarın sonuncu görkəmli povestidir. “Qoca və dəniz” dünya və xüsusilə Amerika ədəbiyyatında geniş yayılmış dəniz mövzusuna həsr olunmuşdur. Əsərdə Heminquey parlaq obrazlar vasitəsilə qoca balıqçının həyatından bir sıra dramatik epizodları təsvir etməyə nail olmuşdur. Eyni zamanda “Qoca və dəniz” əsərini insanın taleyi, tənha adamın həyat dramı, onun həyata qarşı təkbətək mübarizə meydanına atılması və bu mübarizədə qalib gəlməsi haqqında ekzistensial hekayətdir. Bu əsərdə Heminquey hələ gənc yaşlarında bir sıra novellalarında toxunduğu mövzuya-“məğlubiyyətdə qələbə” mövzusuna qayıtmış və cismən məğlub olsa da, ruhən qələbə çalan insanı vəsf etmişdir.
Əsər simvollarla zəngindir və burada amerikan ədəbiyyatı üçün ənənəvi olan bir mövzuya-inadkar dənizçi və dəhşətli balıq mövzusuna toxunulmuşdur. Tədqiqatçılar “Qoca və dəniz” əsərinin ideya məzmununu Melvillin “Mobi Dik” əsəri ilə bağlayırlar. Qoca kubalı balıqçı Santyaqo bir neçə dəfə uğursuzluğa düçar olduqdan sonra tək dənizə çıxır və onun tilovuna nəhəng marlin balığı düşür. Üç günlük mübarizədən sonra qoca balığa qalib gəlir və onu sahilə doğru aparmağa başlayır. Lakin köpək balıqları marlinə hücum edirlər və qoca sahilə yalnız balığın skeletini gətirə bilir. Bu əsərdə Heminquey öz yaradıcılığı üçün ənənəvi olan əyilməz adam obrazını davam və inkişaf etdirmişdir. Müəllif eyni zamanda qocanın məruz qaldığı məşəqqətləri İsa peyğəmbərin İncildə təsvir olunmuş əzabları ilə müqayisə etmək üçün əsas verir. Qoca Santyaqonun “İnsan məğlub olmaq üçün yaranmamışdır” insanı məhv etmək olar, lakin ona qalib gəlmək mümkün deyil.” Sözləri təkcə bu əsərin deyil, ümumiyyətlə Heminqueyin bütün yaradıcılığının məğzini təşkil edir.