Folknerin “Avqustda işıq” romanı Folknerin “Avqustda işıq” əsəri (əsərin adı əvvəlcə “qaranlıq ev” kimi nəzərdə tutulmuşdur.) Əsər 1931-ci ilin avqustunda yazılmağa başlanmış, 1932-ci ilin avqustunda başa çatmışdır. Bu əsər Missisipi ştatında yerləşən Yoknapatof haqqında saqanın növbəti kitabıdır. Folknerin özü əsərinin mənasını aşağıdakı kimi izah etmişdir: Avqustun ortalarında Missisipidə bir neçə sərin gün olur. Bu vaxt birdən payızın gəlməsi hissi yaranır. Bu işıqda favnlar, satirlər, allahlar nəzərə çarpırlar. Romanda bir-birindən təcrid olunmuş bir neçə süjet xətti mövcuddur. Bu süjet xətləri təsvir olunan hadisələrin zamanın və məkanın vəhdəti sayəsində çulğalaşırlar. Əsərin ilk variantında hamilə qadın baş qəhrəman rolunda çıxış etməli idi. Bu qadın onu tərk etmiş oynaşını axtarıb tapmaq üçün Yoknapatofun yollarında gəzir. Əsərin son variantında Lina Qrouv adlı bu qadın cəmisi iki epizodda peyda olur. Oxucu onunla yalnız romanın əvvəlində və sonunda rastlaşır. Lakin bu obraz romanın məna strukturunda mühüm rol oynayır. Hamilə Lina əbədi təbiət başlanğıcını simvolizə edir. Əsərdə ikinci mühüm personaj keşiş Haytanerdir; Amerikanın Cənubunun faciəvi taleyi keşiş Haytanerin qatğılarının predmetidir. Romanın ilk variantında keşiş də baş qəhrəmanlardan biri olmalı idi. Əsərin yekun variantında Co Kristmas obrazı ön plana çıxır. Bu obrazda antik yunan faciəsində öz bədii təcəssümünü tapmış antik tale faciəsinin mövzusu öz əksini tapmışdır. Co Kristmas obrazı antik tale faciəsi mövzusu ilə XX əsr ekzistensializmində öz ifadəsini tapmış insanın tənhalığı və özgələşməsi mövzusu ilə birləşir. Folknerin özü Co Kristması özünün azsaylı faciəvi qəhrəmanlarından biri hesab edirdi. İlk baxışdan Co Kristmas antisosial elementdir. O oğurluqla məşğul olur, qatildir, kontrabanda ilə məşğul olur. Onda mənfi cəhətlər birbaşa Amerika gerçəkliyi ilə bağlıdır. Öz qəhrəmanını xarakterizə edən yazıçı yazırdı: Heç kim haqqında demək olmaz ki, o yaxşı yaxud pis adamdır. İnsan imkanları daxilində yaxşı adam olmağa çalışır. Qeyd etmək lazımdır ki, Kristmasın yaxşı adam olmaq imkanları son dərəcə məhduddur. O, dumanlı şəkildə hiss edir ki, onda ağ adamın qanı ilə yanaşı zənci qanı da axır. Buna görə də qəlbinin səsinə qulaq asaraq yaşamağı üstün tutur. Lakin onun qəlbinin səsi onu məhv olmağa sürükləyir. Bu onu həm zəncilərə, həm də ağ adamlara nifrət etməyə vadar edir. Ağ adamlara nifrət Ktistmasın iki nəfəri öldürməsinə səbəb olur. Bu əsər yeganə romandır ki, Yoknapatofun digər qəhrəmanları kimi müəllifin əsərlərində bir daha təsadüf olunmurlar.