Real Həyatdan Misal MİCROSOFTLA BAĞLI MƏHKƏMƏ İŞİ Son illərdə ən əhəmiyyətli və ziddiyyətli anti-inhisar işi 1998-ci ildə ABŞ hökuməti tərəfindən "Microsoft" Corporation-a qarşı qaldırılmış məhkəmə işi olmuşdur. Məhkəmə işi dramatikliyi ilə seçilirdi. O, dünyanın ən varlı adamlarından birini (Bill Qeyts) dünyanın ən qüdrətli tənzimləyici orqanına (ABŞ Ədliyyə Nazirliyi) qarşı qoymuşdu. Dövlətin maraqlarını məşhur iqtisadçı (MİT professoru Franklin Fişer), Microsoft-un maraqlarmı isə məşhur iqtisadçı (MİT professoru Riçard Şmalensi) təmsil edirdi. İqtisadiyyatın ən sürətlə inkişaf edən sənaye sahəsində (kompüter proqramları) dünyanın ən çox gəlir gətirən şirkətlərindən birinin (Microsoft) gələcək taleyi həll olunurdu.
Microsoft-la bağlı işdə əsas məsələ yeritmə siyasəti idi - daha dəqiq, Microsoft-a öz İnternet brauzerini Windows əməliyyat sisteminə daxil etməyə icazə verilib-verilməməsi idi. Hökumət Microsoft-un bu iki əmtəəni kompyuter əməliyyat sistemləri bazarındakı gücünü onunla əlaqəli olmayan bazara (İnternet brauzarləri) daxil olmaq üçün genişləndirmək məqsədilə paket şəklində təklif etdiyini iddia edirdi. Hökumətin fikrincə Microsoft-a belə əmtəələri öz əməliyyat sistemlərinə daxil etməyə icazə verilməsi Netscape kimi proqram təminatı sahəsindəki digər şirkətlərin bazara daxil olmasını və yeni əmtəələr təklif etməsini məhdudlaşdıracaq.
Microsoft isə buna, köhnə əmtəələrə yeni xüsusiyyətlərin əlavə edilməsi texnoloji tərəqqinin təbii hissəsi olduğunu göstərməklə cavab verdi. Bu gün maşınlara ayrılıqda satılan maqnitofon və kondisionerlər qoyulur, kameralara işıqlandırıcılar quraşdırılır. Əməliyyat sistemləri ilə də eyni şey baş verir. Zaman keçdikcə Microsoft Windows-a əvvəllər ayrıca əmtəə olan çoxlu xüsusiyyətlər əlavə etmişdir. Bu kompyuterləri daha etibarlı edir və istehlakçılar hissələrin birlikdə işləməsindən əmin olduğundan onlardan istifadəni asanlaşdırır. Microsoft-un iddia etdiyi kimi İnternet texnologiyasının inteqrasiyası növbəti təbii addım idi.
Fikir ayrılıına səbəb olan məsələ Microsoft-un bazar gücünü artırması ilə bağlı idi. Yeni fərdi kompyuterlərin 80 faizindən çoxunun Microsoft əməliyyat sistemindən istifadə etdiyini qeyd etməklə, hökumət şirkətin əhəmiyyətli inhisar gücünə malik olduğunu və onu genişləndirməyə çalışdığını iddia edirdi. Microsoft isə proqram təminatı bazarının daim dəyişdiyini və Microsoft Windows-un davamlı olaraq Apple Mac və Linux əməliyyat sistemləri kimi rəqibləri tərəfindən rəqabətə cəlb olunduğunu qeyd etməklə cavab verirdi. O, həmçinin, Windows üçün təyin edilmiş qiymətin - təxminən 50 dollar və ya tipik kompyuterin cəmi 3 faizi - onun bazar gücünün sərt şəkildə məhdud olmasmı sübut etdiyini iddia edirdi.
Bir çox inhisara qarşı məhkəmə işlərində olduğu kimi, Microsoft-la bağlı iş də hüquqi bataqlığa çevrildi. 1999-cu ilin noyabr ayında uzun araşdırmadan sonra Hakim Penfild Jackson Microsoft-un böyük inhisar gücünə malik olduğunu və bu gücdən qanunsuz sui-istifadə etdiyini müəyyən etdi. 2000-ci ilin iyun ayında mümkün həll yolları ilə bağlı dinləmələrdən sonra o qərara aldı ki, Microsoft -əməliyyat sistemi satan və tətbiqi proqramları satan iki şirkətə bölünməlidir. Bir il sonra apelyasiya məhkəməsi Ceksonun parçalanma ilə bağlı qərarını ləğv edərək işi yeni hakimə verdi. 2001-ci ilin sentyabr ayında Ədliyyə Nazirliyi artıq şirkətin parçalanmasına nail olmağa çalışmadığını və işin tezliklə həll olunmasını istədiyini elan etdi.
Sonda, 2002-ci ilin noyabr ayında məsələ həll olundu. Microsoft biznes fəaliyyətində bəzi məhdudiyyətləri qəbul etdi. Hökumət brauzerin Windows əməliyyat sisteminin tərkib hissəsi olaraq qalmasını qəbul etdi.