P.F.Lesqaftın pedaqoji ideyaları. Pyotr Fransyeviç Lesqaft (1837-1909) görkəmli alim, anatom-bioloq, pedaqoq, fiziki təhsil və ailə tərbiyəsi nəzəriyyəsinin banisidir. O, fiziki təhsil nəzəriyyəsini əsaslandırmış, fiziki təhsili şəxsiyyətin hərtərəfli inkişafının zəruri tərkib hissəsi saymış, fiziki təhsili əqli, mənəvi və estetik tərbiyə ilə vəhdətdə şərh etmişdir. P.F.Lesqaft insanın normal inkişafını təmin edən müntəzəm və sistemli şəkildə həyata keçirilən fiziki təmrinlər sistemini yaratmışdır. O, fiziki təhsilin əqli tərbiyə ilə sıx vəhdət təşkil etdiyini elmi cəhətdən əsaslandırmışdır. O, bu məsələləri “Məktəbyaşlı uşaqların fiziki təhsili” adlı iki cildlik əsərində geniş şərh etmişdir. P.F.Lesqafta görə fiziki təhsilin başlıca vasitəsi təmrinlər, çalışmalardır. Təmrin, çalışma deyərkən Lesqaft hər hansı bir hərəkətlə bədənin bu və ya digər üzvünün möhkəmlənməsinə xidmət edən, tez-tez təkrar olunan hərəkətləri nəzərdə tuturdu. Lesqaft fiziki təmrinləri məqsədyönlü vahid hərəkətlər sistemi hesab etməklə onları ikitərəfli mənəvi və təkmilləşmə prosesi kimi qiymətləndirirdi.
P.F.Lesqaftın ikinci böyük xidməti ailə tərbiyəsi məsələlərini işləməsidir. O, “Ailə tərbiyəsi və onun əhəmiyyəti” adlı iki cildlik əsərində ailə tərbiyəsinin zəruri məsələlərini işləmiş, həmin əsərində məktəbli tiplərini - yaltaq tip, şöhrətpərəst tip, xeyirxah tip, qəzəbli-fağır tip, mülayim tip, məzlum tip - qeyd etmişdir. O hər bir tipin səciyyəvi əlamətlərini ətraflı təhlil etmiş və qeyd etmişdir ki, uşaq tipləri mühitin, ətraf adamların, əməyin təsirinin nəticəsidir.
Qərbdə burjua inqilabları dövrünün məşhur pedaqoji fikir sahiblərindən biri ingilis pedaqoqu Con Lokk (1632-1704) olmuşdur. C.Lokk İngiltərədə vəkil ailəsində anadan olmuşdur. O, Oksford Universitetində təhsil almış, burada təbiət elmləri ilə maraqlanmış, tibb ilə məşğul olmuşdur. C.Lokk İngiltərədə kral hökumətinin yeni dövlət quruluşu ilə əvəz olunması tərəfdarlarından olmuşdur. «İnsan əqli haqqında təcrübə» əsərində insanın inkişafında tərbiyənin roluna yüksək qiymət vermişdi. Bu əsər sonralar ingilis və fransız maarifçilərinin görüşlərinin formalaşmasına təsir edə biləcək pozitiv sosial proqram vermişdi.
C.Lokk emprizmin banisi olmuşdur. Emprizmə görə, bizim əldə etdiyimiz bütün biliklər təcrübədən keçir, ondan əldə edilir. O, anadangəlmə biliklər ideyasını rədd edərək təcrübəyə əsas yer vermişdir. Lokk göstərir ki, insan şüurunda və təsəvvüründə fitri ideyalar yoxdur, uşaq ruhu «ağ lövhəyə» bənzəyir. Bununla o, insanın tərbiyə və sosial mühitin məhsulu olduğunu, onun beyninin «dünyaya ağ lövhə şəklində gəldiyini, oraya həyatda istənilən şeyin yazıla bildiyini» göstərmişdi. C.Lokk deyirdi ki, tərbiyənin məqsədi öz işini ağıllı, planlı qurmağı bacaran centlmen yetişdirməkdir. Centlmen mənşəyi etibarilə zadəgan olmalı, ona evdə fərdi tərbiyə verilməli, o, əqli, əxlaqi baxımdan düzgün tərbiyə almalıdır. O, fiziki tərbiyəyə böyük əhəmiyyət verərək yazırdı ki, «sağlam bədəndə sağlam ruh olar». Bunun üçün uşaqları aşağı yaşlardan möhkəmləndirmək lazımdır ki, hər çətinliyə qatlaşa bilsin. C.Lokk məktəbə, xüsusilə xalq məktəblərinə mənfi münasibət bəsləyirdi. Onun «fəhlə məktəbləri haqqında» yazdığı məktubunda xalqa və onların uşaqlarına bəslədiyi nifrət aydın duyulur. Onun fikrincə, fəhlə uşaqları cəmiyyətə həmişə yük olmuşdur. Dövlətə yardım üçün müraciət edən fəhlələrin 3 yaşdan 14 yaşadək uşaqlarına fəhlə məktəbləri açılmalı, məcburən orada oxudulmalı, orada uşaqlara yalnız çörək verilməli, isti xörək verilməsi müstəsna hal olmalıdır, uşaqlara işləməyi öyrətməli, əldə edilən pulla onların xərci ödənilməlidir.
İsveçrənin görkəmli pedaqoqu İ.H.Pestalotsinin (1746- 1827) fəaliyyəti Fransada burjua inqilabının başa çatdığı dövrə təsadüf edirdi. O, İsveçrənin Sürix şəhərində həkim ailəsində anadan olmuşdu. Ali məktəbdə oxuyarkən bəzi müəllimlərin köməyi ilə müxtəlif fəlsəfi və siyasi ədəbiyyatlarla tanış olmuş, xalqa xidmət etmək fikri ilə yaşamışdı. O, yetim və yurdsuz uşaqlar üçün uşaq evi təşkil etmiş, təlimi əməklə birləşdirmişdi. 1780- 1798-ci illərdə «Həyatdan atılmışların axşam saatları» və «Linqard və Gertruda» əsərlərini yazmışdı. «Həyatdan atılmışların axşam saatları» əsərində uşaq evinin təcrübəsini ümumiləşdirmiş və onun bağlanması səbəbini vermişdi. «Linqard və Gertruda» əsərində isə uşaqların təliminin əməklə bağlanması, habelə kəndlilərə kömək yolları qeyd edilmiş, həm də analara övladlarını təlim etmək bacarığının zərurililiyi göstərilmişdi.
Pestalotsiyə görə, tərbiyənin əsas məqsədini insanın təbii qabiliyyətlərini inkişaf etdirmək və daim onu təkmilləşdirmək təşkil edir. O qeyd edir ki, insan şəxsiyyətinin ahəngdar tərbiyəsi əqlin, qəlbin və əllərin inkişafını tələb edir. Pestalotsi xalq məktəblərinin inkişafına böyük təsir göstərmişdi. İbtidai məktəblər üçün elementar təhsil nəzəriyyəsini işləmiş və bu təhsilin üç ünsürünü göstərmişdi: say, söz və forma. Onun fikrincə, belə təlim çalışmalar vasitəsilə uşaqları düşünməyə vadar edəcəkdir və düşünmək qabiliyyətləri yaradacaqdır. Pestalotsi ibtidai təlimin fənlər üzrə metodikasının əsaslarını yaratmaq təşəbbüsündə olmuşdu. O, ibtidai təlimin geniş proqramını müəyyən etmiş və onun həyata keçirilməsinin metodik istiqamətini vermişdir.
Pedaqoji fikrin inkişafında görkəmli nəzəriyyəçi pedaqoqlardan biri İohan Fridrix Herbartdır (1776-1841). O, Almaniyada müəllim ailəsində anadan olmuşdur. İen Universitetini bitirdikdən sonra ev tərbiyəçisi işləmişdir. Fəlsəfə və psixologiya sahəsinə yaxından bələd olan Herbart bu iki elmə əsaslanaraq pedaqogikanı nəzəri cəhətdən əsaslandırmağa çalışmışdır. O, «Tərbiyənin məqsədindən doğan ümumi pedaqogika», «Psixologiya dərsliyi», «Psixologiyanın pedaqogikaya tətbiqi haqqında», «Pedaqogika üzrə mühazirələr xülasəsi» adlı əsərlərin müəllifidir. Herbart tərbiyənin məqsədini xeyirxah insanın formalaşdırılmasında görürdü. O, məqsədi dəyişməz və daimi hesab edirdi. O, elə adamlar tərbiyələndirməyi nəzərdə tuturdu ki, həmin adam mövcud münasibətlərə uyğunlaşa bilsin, müəyyən olunmuş qayda-qanunlara hörmət etməyi və tabe olmağı bacarsın. O, ümumi məqsədi iki yerə bölürdü: a) məkan daxilində olan məqsəd - bu müəyyən sahədə ixtisas verməyi nəzərdə tutur; b) zəruri məqsəd-əxlaqi xarakteri formalaşdırmaqdan ibarətdir. Herbart tərbiyə prosesini üç hissəyə bölürdü: idarə, təlim, əxlaq tərbiyəsi. İdarə uşağın hazırkı vəziyyətini qaydaya salmağı və özünü idarə etmək bacarığı aşılamağı nəzərdə tutur. O, hədələmə, əmr və qadağan etməni, cərimə kitabı, müxtəlif formalı fiziki cəzanı idarənin əsas vasitələri adlandırmışdı.
Herbart əqli tərbiyəyə böyük əhəmiyyət vermiş və təlimi tərbiyədə əsas vasitə hesab etmişdi. O göstərirdi ki, bu iki anlayış bir-birindən ayrı təzahür edə bilməz. Herbart pedaqogikaya tərbiyəedici təlim anlayışını gətirmişdi və qeyd edirdi ki, təlim çoxtərəfli marağa əsaslanmalıdır. O, altı maraq növünü göstərirdi: empirik, fəlsəfi, estetik, sistematik, ictimai və dini.
Herbart təlimi dörd mərhələyə (dərəcəyə) bölürdü: 1) aydınlıq mərhələsi; 2) assosiasiya mərhələsi; 3) sistem mərhələsi; 4) metod mərhələsi. Herbart təlimi təsviri, təhlili, tərkibi kimi növlərə ayırır. Herbarta görə, təlim prosesində bu üç təlim növü bir-birindən ayrı deyil, vəhdətdə götürülməlidir.
Herbart əxlaq tərbiyəsini idarədən ayırır və onlar arasında əsaslı fərqi müəyyən etməyə çalışırdı. Əxlaq tərbiyəsində dini tərbiyə böyük yer tuturdu. O, uşaqları kiçik yaşlardan bu ruhda tərbiyə etməyi lazım bilirdi. Herbart əxlaq tərbiyəsinin vasitələrini göstərmiş və bu sahədə müəllimin nüfuzunu əsas saymışdı.