A.S.Makarenko Xarkovun Belopole kəndində anadan olmuşdur. Atası dəmir yolunun vaqon emalatxanasında usta idi. Makarenko Kremençuk şəhər məktəbini və pedaqoji kursları bitirdikdən sonra 1905-ci ildə dəmir yol məktəbində müəllimliyə başlamışdı. 1914-cü ildə köhnə arzusunu həyata keçirərək Poltava Müəllimlər İnstitutuna daxil olmuşdu. Hələ institutda oxuyarkən pedaqoji ədəbiyyatlarla maraqlanar, pedaqoji konfranslarda fəal iştirak edərdi. İnstitutu əla qiymətlərlə başa vuran Makarenko dəmir yol məktəbinə müfəttiş təyin olunur. Poltava quberniyasının xalq maarif şöbəsinin tapşırığı ilə azyaşlı qanunpozan uşaqlar üçün koloniya təşkil edir. Yaradıcı pedaqoq olan Makarenko üçün koloniya bir növ pedaqoji laboratoriya idi. Bu laboratoriyada tərbiyənin yeni metodikasını yaradırdı. Makarenko kollektiv tərbiyə sistemini burada yaratmışdı. 1927-ci ildə Ukraynanın dövlət siyasi idarəsinin təşəbbüsü ilə əmək kommunası yaradılmasında Makarenko da iştirak edir və onu kommunaya rəis vəzifəsinə təyin edirlər. Burada uşaq kollektivinin quruluşu, kollektiv daxilindəki münasibətlərin formaları və əməyin təşkili xeyli kamilləşir. Bir sözlə, A.S.Makarenkonun tərbiyə işi doğrudan da heyrətamiz nəticələr verir. A.S.Makarenko koloniyada öz fəaliyyətini, pedaqoji təcrübəsini əks etdirən «Pedaqoji poema» əsərini yazmış və tərbiyə üzrə öz pedaqoji əsaslarını vermişdi. 1937 və 1938-ci illərdə Makarenkonun iki yeni böyük əsəri çap olundu: «Valideynlər üçün kitab» və «,Qalalar üstündə bayraqlar». «Qalalar üstündə bayraqlar» kitabı bir növ «Pedaqoji poema»nın davamı idi. Üç hissədən ibarət olan bu romanda kommunanın pedaqoji nailiyyətləri cəmlənir. Romanda müəllif kommunanın bir çox şagirdlərinin dərin psixoloji portretini, xarakteristikasını yaratmış və öz tərbiyə işinin üsullarını işıqlandırmışdır.
A.S.Makarenkonun yüzdən artıq nəzəri - ədəbi əsəri vardır. O, tərbiyə nəzəriyyəsi haqqında böyük bir əsər yaratmaq istəyirdi. 4 cilddə nəzərdə tutulan «Valideynlər üçün kitab» əsərinin birinci cildini yazmışdı. Qalan üç cildini də qurtarmağı arzulayırdı.
A.S.Makarenko əsas etibarilə tərbiyə məsələləri ilə məşğul olmuşdu. O, pedaqogika elminin ən böyük sahəsinə - əxlaqı tərbiyə metodikasına böyük diqqət vermişdi.
ƏDƏBİYYAT Y.Talıbov və b. Pedaqogika 2003, səh. 28-33
L.Qasımova və b. Pedaqogika 2003, səh. 53-56, 59-60
Komenski, “Böyük didaktika”, Bakı 2012
Y.Talıbov, “Komenskinin pedaqoji sistemi”, Bakı, 1992.
Y.Talıbov, “ Russonun pedaqoji görüşləri”, Bakı 1990.