Mühazirə 9 Mövzu: Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində. Plan


XV əsrdə Azərbaycanda siyasi quruluş, idarə sistemi, sosial-iqtisadi həyat



Yüklə 162,5 Kb.
səhifə4/4
tarix10.11.2022
ölçüsü162,5 Kb.
#68419
növüMühazirə
1   2   3   4
MÜHAZİRƏ 9

4. XV əsrdə Azərbaycanda siyasi quruluş, idarə sistemi, sosial-iqtisadi həyat.
XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin hakimiyyəti dövründə Azərbaycanın siyasi həyatında, dövlət idarəçilik sistemində müəyyən dəyişikliklər baş verdi. Hər iki dövlətin hökmdarları padşah titulu daşıyırdılar. Lakin Uzun Həsən özünü Teymuri və Osmanlı sultanlarına bənzətmək üçün həm də sultan titulunu qəbul etmişdi. Buna baxmayaraq mənbələrdə Uzun Həsən bəzən “Həsən padşah” kimi adlandırılır. Sülalə üzlərinin tərbiyəsi ilə məşğul olmaq üçün kiçik yaşlarından onlara yüksək rütbəli əmirlərdən lələ (tərbiyəçi) təyin olunurdu. Padşahdan sonra dövlətdə ikinci əsas vəzifə əmir əl-üməra vəzifəsi idi. Əmir əl-uməra ordunun baş komandanı hesab olunurdu. Dövlətdə üçüncü mühüm vəzifə sədr-əzəm vəzifəsi idi. Sədr-əzəm müsəlman ruhanilərinə və dövlətin ərazisindəki dini idarələrə rəhbərlik edirdi. Sədr-əzəm vəzifəsindən sonra digər mühüm vəzifə baş vəzir vəzifəsi hesab olunurdu. Baş vəzir dövlətin gəlirlərini və maliyyə işlərini idarə edir, habelə xarici ölkələrlə münasibətləri tənzimləyirdi. Baş vəzir ali divana rəhbərlik edir və buna buna görə də sahib-divan adlanırdı. Bu vəzifələrlə yanaşı XV əsrdə Azərbaycan feodal dövlətlərində digər vəzifələr də mövcud idi: eşikağası, möhrdar, xəzinədar, mustovfi, münşi əl-məmalik və s.
Qaraqoyunlu və Ağqoyunlu orduları əsasən yarımköçəri əhalidən təşkil olunurdu. Qoşunun özəyini süvarilər təşkil edirdi. Bundan başqa Qara Yusifin dövründə ilk dəfə olaraq piyadalardan da istifadə edilməyə başlanmışdı. Lakin mənbələrin məlumatına görə orduda hüquqsuz vəziyyətdə olan piyadalar əsasən xəndək qazmaq, istehkam qurmaq işlərində istifadə olunurdu. XV əsr feodal dövlətlərinin qoşunlarının dəqiq sayı barədə məlumat yoxdur. Qaraqoyunlu qoşununda 50 min, Ağqoyunlu qoşununda 100 minədək döyüşçünün olduğunu ehtimal etmək olar. Qeyd etmək lazımdır ki, hərbi-təşkilati quruluşuna görə XV əsr feodal dövlətlərinin qoşunları Avropa, Osmanlı və Məmlük ordularından geridə qalırdı. Odlu silahlardan isə ilk dəfə Ağqoyunluların hakimiyyəti dövründə istifadə edilmişdir.
XV əsrdə Azərbaycanda təsərrüfat həyatı ölkənin müxtəlif ərazilərində qeyri-bərabər şəkildə inkişaf edirdi. XV əsrdə Azərbaycanda təsərrüfatın daha çox inkişaf etdiyi ərazi Şirvan ərazisi idi. Bu, I İbrahimin dövründən başlayaraq, habelə onun varisləri dövründə Şirvanın demək olar ki hərbi təcavüzə məruz qalmamsı, Şirvanda siyasi sabitliyin hökm sürməsi, hökmdarların təsərrüfatı himayə etməsinin nəticəsi idi. Xüsusilə, I İbrahim, I Xəliüllah və Fərrux Yasarın dövrü Şirvanın iqtisadiyyatının çiçəkləndiyi dövrdür.
Azərbaycanın cənub vilayətlərində isə vəziyyət başqa cür idi. Burada uzun müddət davam edən feodal ara müharibələri, viranedici basqınlar təsərrüfatın inkişafını ləngidirdi. Mənbələrin məlumatından aydın olur ki, məhz XV əsrin əvvəllərində Azərbaycanın cənub vilayətlərində aclıq hökm sürmüşdür. Ağqoyunluların hakimiyyətə gəlməsi, xüsusilə Uzun Həsənin hakimiyyəti dövrü iqtisadi dirçəliş dövrüdür. 1474-cü ildə Azərbaycan və İranın mərkəzi ərazilərində olmuş Venesiya səyyahı Ambroco Kontarini qeyd edir ki, “Ağqoyunlu dövlətinin ərzisində meyvələr və digər ərzaq məhsulları boldur”.
XV əsrdə Azərbaycanda torpaq mülkiyyəti sahəsində də müəyyən dəyişikliklər baş verdi. Bu dövrdə divani, xassə, mülk, vəqf və yeni meydana gəlmiş soyurqal torpaq mülkiyyəti formaları mövcud olmuşdur. Divani, xassə və mülk torpaqları üzərində sosial-iqtisadi və hüquqi münasibətlər əvvəllərdə olduğu kimi idi. Vəqf torpaqları isə iki yerə ayrılırdı. Müsəlman və xristian dini idarələrinə məxsus olan vəqf mülkləri. Bunlar vəqfi-xeyri adlanırdı. Seyidlərə, dərvişlərə, müqəddəs hesab olunan şəxslərə, ruhanilərə məxsus vəqf mülkləri isə vəqfi-əhli adlanırdı. XV əsrdə yeni meydana gələn torpaq sahibkarlığı forması soyurqal torpağı idi. Əslində soyurqal torpaqları köhnə iqtaları əvəz edirdi. Soyurqal sözü monqolca “soyurqamışi” sözündən olub bəxşiş deməkdir. Azərbaycanda ilk soyurqallara Cəlairilərin dövründən təsadüf edilsə də, onların geniş şəkildə paylanması Qaraqoyunlulara və Ağqoyunlulara aiddir. Hərbi və mülki xidmət müqabilində paylanan bu torpaqlar feodalların irsi istifadəsində olurdu. İqtaya nisbətən soyurqal sahibinin səlahiyyətləri daha geniş idi. Soyurqal sahibləri vergi immunitetinə malik idilər. Yəni, onların soyurqallarından mərkəzi xəzinənin xeyirinə vergi alınmırdı. Soyurqal sahiblərinin öz torpaqlarında vəzifəyə təyin etdiyi şəxslər də yalnız soyurqal sahibinin qarşısında cavabdehlik daşıyırdılar. Beləliklə, soyurqal torpaq sahibliyinin inkişafı mərkəzi hakimiyyəti ziflədir, xəzinənin gəlirini azaldır, dövlətin iqtisadi əsaslarını sarsıdırdı. Soyuqralın irsiliyi təhlükəli amilə çevrilirdi. İri soyurqal sahibləri özlərindən asılı kiçik feodallara soyurqal bağışlayırdılar. Qarqaoyunluların hakimiyyəti dövründə soyurqalları əsasən köçəri hərbi əyanlar alırdılarsa, Ağqoyunluların hakimiyyəti dövründə soyurqallar əsasən mülki bürokratiyanın nümayəndələrinə paylanırdı.
XV əsrdə vergi və mükəlləfiyyətlərdə də müəyyən dəyişikliklər meydana gəlmişdi. Bu dövrdə əsas vergi malcəhət hesab olunurdu. Bu vergi bəzən bəhrə vergisi də adlandırılırdı. Uzun Həsənin “Qanunnaməsi”nə əsasən malcəhət məhsulun 1/5 həcmində alınırdı. Kəndlilər istifadə etdikləri suyun müqabilində də malcəhət vergisi ödəyirdilər. Hərbiçilərin, ruhanilərin və mülki bürokratiyanın xeyirinə toplanan vergi ixracat adlanırdı. Yarımköçəri maldarlıqla məşğul olan əhali çobanbəyi vergisi ödəyirdi. Azərbaycanda əvvəlki dövrlərdə olduğu kimi, XV əsrdə də vergilərin toplanması işi çox vaxt müqatiəyə (icarə) verilirdi. Bu isə vergi özbaşnalığını artıran başlıca səbəblərdən biri idi. Verginin məbləğini əvvəlcədən ödəyən icarədarlar özbaşına istədikləri qədər vergi toplayırdılar.
XIV əsrin 70-ci illərindən XV əsrin 30-cu illərinədək olan dövr Azərbaycanda şəhərlərin, sənətkarlığın və şəhər həyatının tənəzzül dövrü olmuşdur. İri şəhərlərin iqtisadi səviyyəsinin aşağı düşməsi, şəhərlərin aqrarlaşması, orta və kiçik şəhərlərin dağılıb sıradan çıxması bu dövrün səciyyəvi xüsusiyyəti olmuşdur. XV əsrin 30-80-cı illəri isə Azərbaycanda nisbətən sabit inkişaf dövrü olmuşdur. Bəzi Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının – Cahanşahın, Uzun Həsənin və Sultan Yaqubun şəhərləri, ticarəti və sənətkarlığı himayə etməsi şəhərlərin sürətli inkişafına səbəb oldu. Bəhs edilən dövrdə Azərbaycan şəhərlərinin inkişafı daxili və xarici bazarlarda əmtəələrə olan tələbatın artması ilə əlaqədar olmuşdur. Bu dövrdə də Təbriz, Bakı, Gəncə, Şamaxı, Marağa, Ərdəbil, Sultaniyyə və s. kimi şəhərlər iri iqtisadi-mədəni mərkəzlər hesab olunurdu. Təbriz şəhərində 300 minədək əhali yaşayırdı. Şəhər öz inkişafı baxımından digərlərindən kəskin fərqlənirdi. Bəhs edilən dövrdə Azərbaycanın pul sistemində də müəyyən dəyişikliklər baş verdi. Dəyişikliklərin əsası Əmir Teymurun Hindistana səfərindən sonra başlandı. Onun Hindistandan gətirdiyi təngə əsas pul vahidi kimi işlənməyə başladı. XV əsrdə təngə Ərəb xilafəti dövründə tətbiq edilən və Şərq ölkələrində 700 ildən çox hökmranlıq etmiş gümüş dirhəmi dövriyyədən sıxışdırıb çıxartdı. Azərbaycanın bir çox şəhərlərində pul kəsilir, sikkə zərb olunurdu. Gömüş sikkələrin kəsildiyi əsas mərkəz Şamaxı idi. Bakıda və Dərbənddə isə yalnız mis sikkələr kəsilirdi. Əsas sikkəxana isə Təbrizdə yerləşirdi.
Beləliklə, aydın olur ki, XV əsrdə Azərbaycanda bütün məhdudiyyətlərə və maneələrə baxmayaraq sosial-iqtisadi həyat inkişaf edirdi.

N.D.Zeynalov - -

Yüklə 162,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin