Ritorika haqqında Klassik ədəbiyyatlarda ritorika antik dövrdən başlamış çağdaş zamanı qədər geniş bir vaxt kəsiyini əhatə edir və qloballaşan dünyanın getdikcə daha vacib olan kütləvi kommunikasiyasında əhəmiyyətli rol oynamağa başlayır. Ritorikanın (latınca: danışmaq sənəti) vətəni qədim demokratiyanın mənbəyi olan Yunanıstan sayılır, baxmayaraq ki, natiqlik sənəti o dövrdə Misir, Assuriya, Babil və Hindistanda da məlum idi. Yalnız Yunanıstanda onun inkişafı sürətlə davam edir və onun nəzəriyyəsi haqqında ilkin sistematik işlər yaranır. Şifahi nitqin mədəniləşməsinin əsaslarını ilk dəfə Sofistlər qoymuşdur. Sofistlər həmin dövrdə natiq kimi tanınan və bunu başqalarına öyrədən müəllimlər idilər. Söz onların məktəbində nitq öyrənmə obyektinə çevrilir, ritorika isə bütün sənətlərin başı sayılırdı. Onun öyrənilməsi antik təhsilin ən ali pilləsi hesab olunurdu. Sofistlər daimi olaraq sözün gücünü vurğulayır, həqiqətin axtarışına yarış xarakteri verirdilər. Yəni ritorikanı onlar aqonal (yarışma) kommunikasiya kimi istifadə edirdilər. İnandırmaq - deməli verilmiş ideyanı elə bir formada əsaslandırmalı ki, onun müzakirəsində iştirak edənlər gətirilən dəlillər ilə razılaşsınlar və ona qoşulsunlar.
Yunanıstan dövlətində hökm sürən demokratiya natiqliyin inkişafı üçün əlverişli şərait yaradır. O, ictimai həyatın əsas hissəsinə çevrilir və siyasi mübarizələrdə önəmli rol oynayır. Tədricən, adi vətəndaşların tələbatlarını ödəmək üçün praktiki cərəyanlar meydana gəlir.
Ritorikanın ilkin predmeti poeziyadan fərqli olaraq cəmiyyəti maraqlandıran bir çox məsələlərin demokratik diskusiyalarından ibarət idi. Ilkin olaraq çıxışlar danışıq tərzinə görə üç yerə bölünürdü: məhkəmə, məsləhət və tərif çıxışları aid idilər. Çıxışın növündən asılı olaraq natiq öz düşüncələrini, sakitləşdirici söhbətləri və ya həyacanlarını publikaya çatdırmağa çalışırdı. Hermenevtikadan (yunanca: mətnləri aydınlaşdırmaq sənəti) ritorikanı fərqləndirən əsas cəhət mətnin inandırıcı gücünə olan maraqdan ibarət idi.
Bu günə qədər bizə gəlib çatan antik əsərlər arasında Aristotelin “Ritorika” əsəri ən vacibi sayılır. Aristotelin ritorikaya baxışı ondan qabaqkı yanaşmalardan prinsipial fərqlənir. O, ilk dəfə olaraq ritorikanı tək çıxışetmə incəsənəti kimi yox, konkret bir elm sahəsinə aid olmayan nə isə bir ümumi anlayış kimi dəyərləndirir. Aristotel ritorikada üç əsas təşkiledicini vurğulayır:
Loqos (sübutlar, arqumentlər sistemi),
Etos ( natiqin xarakteri, onun çıxışının sosial duruma uyğunluğu), - Pafos (ifadə olaunan predmet haqqında publikanın emossiyaları).
O dövrdən bəri loqos və pafos prinsipial dəyişikliyə məruz qalmadığı halda, etos daimi zamandan, milliyyətlərdən, sosial və yaş kimi müxtəlif xarakteristikalardan asılıdır. Hər dövr öz ritorik idealını yaradır.
Yunanıstanda əsası qoyulan ritorika Roma imperiyasında şagirdlərə artıq dərs kimi tədris edilirdi. Şagirdlər çıxışetmə vərdişlərinə yiyələnir, tarixi, hüquqi və fiktiv problemlər haqqında nitq söyləyirdilər. Kvinitilian məktəbini yaratmaqla romalılar ilk dəfə olaraq ritorika kafedrasına da sahib idilər. Hal-hazırda çıxışın hazırlanması zamanı tətbiq olunan 5 əsas mərhələ də Kvintilianda tədris olunan klassik ritorikaya aiddir (Cədvəl ).