Azərbaycan tarixinin öyrənilməsində yardımçı elmlərin rolu. Azərbaycan tarixinin
öyrənilməsində bir sıra
yardımçı elmlər böyük əhəmiyyət kəsb edir. Onlar aşağıdakılardır:
•
Arxeologiya (yunanca “arxoyos” – qədim, “loqos” elm) qədim dövr haqqında elm
deməkdir. Bəşər tarixi arxeoloji qazıntılar zamanı tapılan maddi mənbələr (bina qalıqları, qab-
qacaq qırıqları, əşyalar, insan və heyvan sümükləri və sairə) əsasında öyrənilir;
•
Antropologiya (yunanca “artropos”- insan, “loqos” elm) insan haqqında elm deməkdir.
Ən qədim insan skeletləri əsasında insanların fiziki quruluşunu, onların qadın və ya kişi
olduğunu və yaxud hansı irqə,
etnosa mənsub olduğunu öyrənir;
•
Etnoqrafiya (yunanca “etnos” – xalq, “qrafo”- yazmaq) müxtəlif xalqların həyatını və
mənşəyini öyrənən elmdir;
•
Poleoqrafiya (yunanca “paleo” – qədim, “qrafo” yazıram) qədim yazıları
öyrənən elmdir;
•
Linqvistika (latınca “lingua”- dil deməkdir) qədim insanların dil proble-
mini öyrənən elmdir;
•
Fizika və kimya elmləri. Fiziki aşınmalar və kimyəvi reaksiyalar vasitəsilə qədim dövrə
aid tapıntıların yaşı təyin edilir;
•
Xronologiya (yunanca “xronos” – zaman, “loqos”- elm) zaman haqqında elmdir, tarixdə
baş vermiş hadisələri zaman ardıcıllığı ilə öyrənir.
Azərbaycan tarixinin xronologiyası və dövrlərə bölünməsi. Qeyd
edildiyi kimi,
xronologiya fənni tarixi hadisələrin vaxtını müəyyənləşdirir və onların ardıcıl izahını təmin edir.
Tarix elminin əsas prinsiplərindən biri xronoloji-ardıcıllıq prinsipidir. Yəni, tarix elmi
hadisələrin baş verdiyi vaxtın mümkün qədər dəqiq və ardıcıllıqla verilməsini tələb edir. Əks
halda tarix eklektik faktlar yığımına çevrilər, tarixi biliklərin əldə edilməsi çətinləşərdi.
Müxtəlif dövrlərdə, müxtəlif cəmiyyətlərdə tarixin hesablanması adətən müəyyən
başlanğıc nöqtəsindən aparılmışdır. Bu cür başlanğıc nöqtəsinə “era” adı verilmişdir. Ən qədim
zamanlardan onlarla “eralar”
mövcud olmuş, lakin heç biri kütləvi olaraq insan cəmiyyəti
tərəfindən qəbul edilməmişdir. Adətən era həqiqi və qeyri-həqiqi tarixi hadisə ilə bağlanılırdı.
Məsələn, qədim yunanlar öz tarixlərini e.ə.776-cı ildən, yəni birinci Olimpiya oyunlarının
~ 8 ~
başlanmasından, qədim romalılar isə e.ə.773-cü ildən, yəni Roma şəhərinin salınmasından
hesablayırdılar.
Hal-hazırda dünya xalqlarının böyük əksəriyyətinin işlətdiyi təqvim üçün eranın başlanğıcı
kimi tarixi şəxsiyyət olmayan və xristian dininin banisi İsa peyğəmbərin doğulduğu il
götürülmüşdür.
Era xristian din xadimlərinin təbliği və rəsmiləşdirilməsi nəticəsində vaxtilə
Avropada
işlədilmiş, sonra isə başqa ölkələrdə yayılmışdır. Eranın başlanğıcı İsusun (İsanın)
təvəllüdü, yəni doğum günü kimi qeyd edilir. Həmin gün, həmçinin, “milad” (anadanolma) kimi
də adlandırılır. Günəş ili hesabına əsaslanan Miladi təqvimə görə bir il 365 gün 6 saatdan
ibarətdir.
Müasir dünyamızda tarixi hesablama eradan (miladdan), yəni başlanğıc nöqtəsindən
müasir dövrə doğru hesablanır. Bu başlanğıc nöqtəsindən qabaq baş vermiş hadisələr “bizim
eradan əvvəl” və yaxud “miladdan öncə” anlayışları ilə qeyd edilir. Ən qədim və qədim
dövrlərin hadisələri xronoloji ardıcıllıqla eramızın başlanğıcına doğru hesablanır və başlanğıca
yaxınlaşdıqca say kiçilir. Əksinə, bizim eranın başlanğıcından sonra baş verən hadisələr müasir
dövrə yaxınlaşdıqca say böyüyür. Azərbaycan tarixinin hadisələri
də bu xronologiya üzrə
aparılır.
Müasir dövrdə Azərbaycanda Miladi təqvimdən istifadə edilir. Ancaq orta əsrlərdə uzun
müddət bizim ölkəmizin tarixi də bəzi İslam ölkələrində indi də istifadə olunan Hicri təqvimə
görə hesablanmışdır.
Hicri təqvimin başlanğıcı kimi Miladi təqvimin 622-ci ilində Məhəmməd Peyğəmbərin
Məkkədən
Mədinəyə köçməsi, yəni “hicrət etməsi” götürülür. Hicri təqvimdə Ay ili əsas
götürülür ki, o da 354 gündən ibarətdir. Miladi təqvimdə baş verən hadisənin Hicri təqvimin
neçənci ilində baş verməsini hesablamaq üçün aşağıdakı düsturdan istifadə etmək olar: Hicri =
Miladi–622+(Miladi – 622):33.
Məsələn, Azərbaycan Respublikasının dövlət müstəqilliyi Miladi
təqvimlə 1991-ci ildə bərpa edilmişdir. Hicri təqvimi ilə bu hadisə neçənci ildə baş vermişdir?
1991 – 622 +(1991 – 622) :33=1411. Deməli, Azərbaycan Respublikasının
dövlət müstəqilliyi
Hicri təqvimi ilə 1411-ci ildə bərpa edilmişdir.
Bəzi hallarda Azərbaycan tarixinin qədim dövrlərə aid hadisələrinin xronoloji vaxtını, yəni
hadisələrin illərini dəqiq vermək mümkün olmur. Çox hallarda bu illər təxmini göstərilir.
Məsələn, qədim Azərbaycanda mövcud olmuş Kuti və Lullubi dövlətlərinin hakimiyyəti
dövründəki yazılı məlumatların müqayisəsi, həmçinin Manna dövlətinin hökmdarı İranzunun,
Uallinin hakimiyyəti illəri, Mannanın süqutu ilə təxmini müəyyənləşdirilmişdir.
III-V əsrlərdə
Albaniyanı idarə etmiş hökmdarların da hakimiyyət illəri bəzən mübahisə doğurur və bu dövrə
aid hadisələrin də tarixi müxtəlif qaynaqların məlumatlarına uyğun olaraq dəqiqləşdirilmişdir.
Müasir dövrdə hər hansı ölkənin tarixinin dövrlərə bölünməsində sosial-iqtisadi
formasiyalar, sivilizasiya, industrial, post-industrial cəmiyyətlər və s. yanaşmalar tətbiq edilir.
Azərbaycan tarixinin dövrləşdirilməsində əsas meyar kimi sosial-iqtisadi
münasibətlər və
istehsal vasitələri götürülmüşdür. Digər təlimlərdən fərqli olaraq, bəşəriyyət tarixinin ictimai-
iqtisadi formasiyalara bölünməsi tarixi prosesin qanunauyğun inkişafına daha uyğun gəlir.
İctimai-iqtisadi quruluşa daxil olan hadisələr də müxtəlif dövrlərə bölünür.
Dərslikdə Azərbaycan tarixi xronoloji ardıcıllıq prinsipi ilə əsrlər üzrə dövrləşdirilmiş, bu
zaman bütün tarixi Azərbaycan ərazilərində gedən tarixi proseslər sistemli şəkildə, bir-biri ilə sıx
əlaqədə baxılmışdır.