İnformasiya tələbatı - qeyri–maddi tələbatların bir növü olub özündə konkret məsələnin həlli və ya hər hansı məqsədin əldə olunması üçün zəruri olan informasiyaya tələbatı ehtiva edir.
İnformasiya təhlükəsizliyi sahəsində anlayışlara mövzu sahəsindən asılı olaraq bir neçə aspektdən yanaşılır və müxtəlif ədəbiyyatlarda informasiya təhlükəsizliyi sahəsində mövcud anlayışlara müxtəlif təriflər verilir. Ona görə də burada bəzi anlayışların bir neçə tərifi verilmişdir. Konteksdən asılı olaraq bu təriflərdən biri istifadə olunur.
İnformasiya təhlükəsizliyi dedikdə, şəxslərin, təşkilatların və cəmiyyətin maraqlarına uyğun olaraq, informasiya mühitinin qorunmasının vəziyyəti, həmçinin informasiya təhlükəsizliyinin pozulması təhdidlərinin, bu təhdidlərin mənbələrinin, reallaşdırılması üsullarının və məqsədlərinin, təhlükəsizliyin pozulmasına gətirib çıxaran digər şərait və hərəkətlərin vaxtında aşkar edilməsi və qarşısının almması vəziyyəti başa düşülür. Ədəbiyyatlarda informasiya təhlükəsizliyi anlayışının aşağıdakı təriflərinə də rast gəlinir.
İnformasiya təhlükəsizliyi informasiyanın emalı, saxlanılması və ötürülməsi zamanı məxfilik, tamlıq və əlyetərlilik kimi xassələrə qoyulan tələblərin təmin edilməsi qabiliyyəti ilə xarakterizə olunan vəziyyətdir.
İnformasiya təhlükəsizliyi informasiyanın və ya informasiyanı saxlayan infrastrukturun onun sahiblərinə və istifadəçilərinə ziyan vura biləcək süni və təbii xarakterli, təsadüfi və ya qəsdən törədilən təsirlərdən qorunması vəziyyətini özündə ehtiva edir.
İnformasiya təhlükəsizliyi – informasiya mühitində dövlətin, fıziki və hüquqi şəxslərin qorunmasının vəziyyətidir.
İnformasiya təhlükəsizliyi – vətəndaşların, təşkilatların və dövlətin maraqları çərçivəsində cəmiyyətin informasiyalaşdırılmasını təmin edən informasiya mühitinin qorunmasıdır.
İnformasiyanın qorunması – informasiyanın gizliliyinin, tamlığının və ona girişin (əlyetərliliyin) təmin edilməsinə yönəlmiş fəaliyyətdir.