Mülki Müdafiə fənnindən mühazirə keçmək üçün PLAN-KONSPEKT
Mövzu-13. Fövqəladə hallarda əhalinin köçürülməsinin təşkili
Tədrisin məqsədi: Tələbələri fövqəladə hallarda əhalinin köçürülməsi üsulları ilə tanış etmək.
Vaxt: 2saat.
Tədris sualları və təxmini vaxt bölgüsü:
Tələbələrin davamiyyətinin və məşğələyə hazırlığının yoxlanması -10 dəq.
1-ci tədris sualı: Köçürmə tədbirlərinin mahiyyəti -40 dəq.;
2-ci tədris sualı: Fövqəladə hallarda əhalinin köçürülməsinin üsulları və prinsipləri -35 dəq.;
Məşğələyə yekun vurulması 5 dəq.
Ədəbiyyat: 1) «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanunu
Əyani vəsait: Videoproyektor, prezentasiyalar, plakatlar.
Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullarından biridir.
Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda təbii fəlakətlər, və qəzalar zamanı, həm də müharibə dövründə kütləvi qırğın silahları işlədilərkən əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Köçürmə (təxliyə) – insanların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil sürətdə çıxarılıb təhlükəsiz zonalarda yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Təhlükəsiz zona – düşmən basqını gözlənilən şəhərlərin və dərəcəli obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda, əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.
Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən və zədələnmə ocaqlarından vaxtında təhlükəsiz rayonlara çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən tələfatı maksimum dərəcədə azaltmağa imkan verir.
Keçmiş müharibələrdə, xüsusən də Böyük Vətən müharibəsi və Dağlıq Qarabağ münaqişəsi dövründə köçürmə tədbirləri geniş tətbiq edilmiş, həmçinin Çernobıl AES-də texnogen qəza baş verərkən, bu obyekt ətrafındakı 30 km-lik zonadan əhali tamamilə köçürülmüşdür.
Daşkəsən və Zaqatalada zəlzələ, Gürcüstan və Sabirabadda daşqınlar, su basmaları və digər rayonlarda baş verən fövqəladə hallar zamanı da köçürmə tədbirləri həyata keçirilmişdir.
Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri, müasir dövrdəki müharibələr şəraitində nəzərdə tutulan köçürülmələrdən fərqlidir. Məsələn, 2-ci Dünya müharibəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara köçürüldü. Müasir şəraitdə köçürülmə, düşmənin nüvə zərbələri endirəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhalini çıxarıb təhlükəsiz rayonlarda yerləşdirilməsini nəzərdə tutur.
Köçürmə tədbirləri, fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində əhalinin həyatı və sağlamlığı üçün təhlükə yaranarkən, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.
Köçürmə tədbirləri, düşmən tərəfindən kütləvi qırğın silahlarının tətbiq edilməsi, həmçinin təbii fəlakətlər və güclü istehsalat qəzalarının baş verməsi ehtimalları nəzərə alınmaqla çoxvariantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürülmə işlərinin müvafiq variantda yerinə yetirilməsi nəzərdə tutulmalıdır.
Yaranmış vəziyyətdən asılı olaraq, əhali bütünlüklə (ümumi köçürmə), yaxud qismən köçürülə bilər. Ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar çağırış məntəqələrinə getməlidir), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürülür.
Qismən köçürülmə hallarında ilk növbədə, uşaq evlərindəki körpələr, internat və orta məktəblərin şagirdləri, ali məktəb tələbələri, – bu məktəbin müəllim heyəti və onların ailə üzvləri, həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət , habelə istehsalat və xidmət sahələrində işləməyən əhali təhlükəli rayonlardan çıxarılır.
Qismən köçürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən əhalinin bir qismi çıxarılıb təhlükəsiz rayonlarda yerləşdirilir, beləliklə iri şəhərlərin əhalisinin sayı dəfələrlə azalır, şəhərlərdə qalan, yəni vacib obyektlərdə işləyən əhalinin mühafizə qurğularında daldalandırılması işi yüngülləşir, müasir qırğın vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır.
Müharibə dövründə təhlükəli rayonlarda işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları, köçürülüb təhlükəsiz zonada yerləşdiriləndən sonra, təhlükəli rayona növbələr üzrə işə gətirilir və işdən sonra dincəlmək üçün təhlükəsiz yerə aparılır.
Əhalisinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təşkilat və məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.
Şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları təhlükəsiz zonada elə məsafədə yerləşdirilməlidir ki, burada onların təhlükəsizliyi təmin edilsin, işə aparılması və dincəlməsi üçün yenidən təhlükəsiz zonaya gətirilməsinə minimal (ən çoxu 4 saat) vaxt sərf edilsin.
Təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir:
müasir qırğın silahlarının təsirindən, dağıntı və daşqınlardan əhalinin etibarlı mühafizəsini;
müəssisə işçilərinin minimal vaxt sərf etməklə təhlükəsiz zonadan obyektə gətirilməsini;
MM qüvvələrinin zədələnmə ocağına çatdırılması üçün əlverişli şəraitdə qruplaşdırılmasını;
lazımi gigiyena-sanitariya şəraitinin olmasını.
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə başlanılır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tamamilə başa çatdırılır.
Bu məqsədlə:
Nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır;
İdarəetmə orqanlarının istifadə etməsi məqsədilə mövcud rabitə xətləri və vasitələri inkişaf etdirilir;
Mənzil fondu, tibb xidmətləri, kommunal, mədəni-maarif, ticarət müəssisələri və digər sahələr köçürülən əhalinin yerləşdirilməsi və ona xidmət göstərilməsinə hazırlanır;
əlavə su təchizatı məntəqələrinin yaradılması və digər mühəndis – texniki tədbirlərin yerinə yetirilməsi işləri təşkil edilir.
Əhalinin köçürülməsi istehsalat və ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat prinsipi, bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali məktəb və orta ixtisas məktəbləri tələbələrinin, texniki-peşə və orta məktəb şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur. Bu halda təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin işçiləri, təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçürüldüyü rayona aparılır. Qalan əhali isə ərazi prinsipi üzrə yaşayış yerlərindən köçürülür.
Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur. Bu zaman əhalinin bir qismi əldə olan bütün nəqliyyat vasitələrində, digər qismi isə piyada olaraq təhlükəli zonalardan çıxarılır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər, şəxsiyyəti təsdiq edən vəsiqə və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.
Yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:
– müharibə dövründə – Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə – Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri;
sülh dövründə – ərazisində fövqəladə hadisə baş vermiş şəhərin (rayonun) icra hakimiyyəti başçısı, bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirə məlumat verməklə.
Köçürmə zamanı hər bir adam ən lazımlı şeyləri: paltar, ayaqqabı, alt paltarı, yataq ləvazimatları, şəxsiyyət vəsiqəsi, hərbi bileti, əmək kitabçası, təqaüd vəsiqəsi, təhsili haqda diplom (attestat), nigah haqqında şəhadətnamə və uşaqların doğum haqqında şəhadətnamələrini özü ilə götürməlidir.
Uşaqlar üçün geyim dəsti seçərkən, onların mühafizə xüsusiyyətlərini və ilin fəslini nəzərə almaq lazımdır. 3 yaşadək olan uşaqlar üçün uşaq yeməkləri, quru süd, peçenye, konservləşdirilmiş şirələr və s. ehtiyatları hazırlanmalıdır.
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış köçürmə məntəqələri (TKM) açılır. Bu məntəqələr adətən meydançaların və yolların yaxınlığındakı məktəb, klub və başqa ictimai binalarda açılır.
Toplanış-köçürmə məntəqəsinə gələn əhali burada qeydə alınır və qruplara ayrılır: nəqliyyat vasitələrində aparılacaq əhali nəqliyyat vasitələrinin növləri üzrə, piyada çıxarılaraq əhali isə piyada dəstələri üzrə qruplaşdırılır.
Piyada yürüş edən əhalinin istirahəti üçün istirahət (düşərgə) müddətləri nəzərdə tutulur; qısa istirahət hər 1-2 saat yürüşdən sonra 10-15 dəqiqə və böyük istirahət ikinci 1-2 saatlıq yürüşdən sonra 40 dəqiqə, adətən ehtimal edilən güclü dağıntı zədələnmə zonasının hüdudlarından kənarda təyin edilir.
Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan rayonlar çox uzaqda olduqda, belə əhali üçün aralıq köçürmə məntəqələri təşkil edilə bilər.
Nəqliyyat vasitələrində köçürülən əhali təhlükəsiz zonada nəqliyyatdan düşürmə stansiyalarına və ya məntəqələrinə gətirilir. Köçürmə üzrə qəbul etmə məntəqələrinin işçiləri gətirilən əhalinin qarşılanmasını, qeydə alınmasını və yerləşdirilməsini təşkil edir.
Köçürülən əhalinin ərzaqla təminatı ictimai iaşə müəssisələrinin bazası əsasında təşkil edilir, lazımlı hallarda əlavə iaşə məntəqələri (yeməkxanalar) açılır.
Respublikada, şəhər və rayonlarda bütün köçürülmə tədbirləri üzrə ümumi hesablamalar aparılır. Hər bir konkret fövqəladə hadisə təhlükəsi yaranarkən və baş verərkən köçürmə işlərinin icrasına cəlb ediləcək qüvvə və vəsaitlər hesablanıb müəyyən edilir.
Köçürülmə zamanı əhali illərlə yaşadıqları yerlərini tərk etməyə, əmlaklarının bir hissəsini evlərində qoyub getməyə, vərdiş etmədikləri şəraitdə yerləşib yaşamağa vadar olacaqlar. Hamı başa düşməlidir ki, insanların həyatını xilas etmək naminə bu çətinlik və məcburiyyətə tab gətirmək lazımdır. Buna görə də Mülki müdafiə qərargahının sərəncamlarını yerinə yetirmək, bu mürəkkəb tədbirlərin həyata keçirilməsində onlara kömək göstərmək hər bir vətəndaşın borcudur.
Təhlükəsiz rayonların əhalisi isə təhlükəli zonalardan köçürülərək gətirilmiş əhalinin həyat şəraitinin təmin olunmasında: daldalanacaqların düzəldilməsi, tənəffüs üzvlərini qoruyan sadə mühafizə vasitələrinin hazırlanması, ictimai binaların yaşayış yeri kimi uyğunlaşdırılması, əlaltı materiallardan məişət əşyalarının (çarpayı, oturacaq, döşək və s.) düzəldilməsi işlərində fəal iştirak etməlidir.
Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən eləcə də ərazidə radioaktiv zəhərlənmə (çirklənmə) olarkən, köçürmə işləri iki mərhələdə yerinə yetirilir. Bu zaman həmçinin radiasiya və kimyəvi zəhərlənmədən mühafizə tədbirləri də görülür.
Qəza baş vermiş rayonun ərazisi polis idarələrinin əməkdaşları tərəfindən ciddi nəzarətə alınır, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi müəyyən marşrut üzrə nizama salır.
Köçürmə işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi həmçinin əhalinin özünün mütəşəkkilliyindən və intizamından xeyli asılıdır.
İri şəhərlərdə istehsalat fəaliyyətini dayandıran və ya öz işini şəhərdən kənar zonaya keçirən obyektlərin fəhlə və qulluqçularının, habelə istehsalatda məşğul olmayan əhalinin köçürülməsi kombinasiyalı üsul ilə yerinə yetirilir, yəni onların həm piyada, həm də nəqliyyat vasitələrində, mütəşəkkil sürətdə şəhərdən kənar zonaya aparılması nəzərdə tutulur.
Köçürülən əhalinin uçotunu aparmaq üçün icra hakimiyyəti başçılarının qərarı ilə köçkünlərin (qaçqınların) qeydiyyat məntəqələri yaradılır.
Köçürmə üzrə daşımaların plan-cədvəli köçürmə işləri ilə məşğul olan FHN-in regional şöbələri və icra hakimiyyətinin sifarişləri üzrə ictimai nəqliyyat vasitələrinin sahibləri tərəfindən tərtib olunur.
Köçürmə tədbirlərinə cəlb olunan avtomobil nəqliyyatı vasitələrinə yanacaq doldurmaq üçün yanacaqdoldurma məntəqələri şəbəkəsindən istifadə olunur və bu zaman dərəcəli şəhərlərdəki yanacaq-sürtgü materialları ehtiyatları ilk növbədə sərf edilir.
Köçürmə dövründə əhaliyə tibbi xidmət respublikanın səhiyyə orqanlarına həvalə olunur. Köçürülən əhalinin toplanma yerlərində stasionar tibb müəssisələri və piyada köçürmə marşrutlarında xüsusi maşınlarda səyyar tibb məntəqələri təşkil edilir.
Nəticə olaraq qeyd etmək lazımdır ki, sülh və müharibə dövrlərindəki fövqəladə hallarda köçürmə işlərinin müvəffəqiyyəti – köçürülən əhalinin fəaliyyətindən, mütəşəkkil, intizamlı və şüurlu davranışından xeyli dərəcədə asılı olacaqdır.
Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi
Dostları ilə paylaş: |