4.Əmək tərbiyəsi və peşəyönümü Əmək tərbiyəsinin əhəmiyyəti. Əmək və əmək tərbiyəsi cəmiyyətin obyektiv tələbidir, cəmiyyət əmək üzərində qurulur. İnsan həyatı üçün nə varsa hamısı əməklə yaradılır. Gənc nəsli əmək həyatına hazırlamaq mühüm dövlət və ümumxalq işidir. Azərbaycan xalq pedaqogikasında əməyə və əmək tərbiyəsinə böyük əhəmiyyət verilir: “İş insanın cövhəridir”, “İşləməyən dişləməz” və s.Əmək şəxsiyyətinideya-mənəvi, zehni, estetik, fiziki inkişafında böyük rol oynayır. Əmək insanın mənəvi tərbiyəsinin qüvvətli vasitəsidir: o, insanın əxlaqını cilalayır, onda şəxsi ləyaqət hissi yaradır, insanı bekarçılıqdan, mənfi təsirlər altına düşməkdən mühafizə edir. Şəxsi əməksiz insan xoşbəxt ola bilməz. Bekarçılıq və tənbəllik isə insanı bədbəxt və dilənçi kökünə salır.
Əməkdə iştirak etməklə insan əməyi sevir, zəhmət adamına və əmək məhsuluna hörmət və qayğı göstərməyi öyrənir, zəruri əmək vərdişlərinə yiyələnir. Kollektiv əmək daha böyük tərbiyə imkanlarına malikdir. Birgə əməkdə iştirak etməklə insan ictimai münasibətlərə daxil olur, onda əməksevərlik, kollektivçilik, yoldaşlıq və dostluq, borc və məsuliyyət hissi kimi müsbət keyfiyyətlər formalaşır.
Əmək həm də insanın intellektual, estetik və fiziki inkişafının təsirli amilidir: əmək obyektiv aləmin dərk olunmasına, estetik zövqün inkişafına, insan sağlamlığının və əsəb sisteminin möhkəmlənməsinə kömək göstərir. Şəxsiyyət tərbiyəsini əmək tərbiyəsi olmadan təsəvvür etmək mümkün deyildir. K.D.Uşinskinin sözləri ilə desək, tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu əməyə hazırlamalıdır. Əmək tərbiyəsinin qarşısında bir sira vəzifələr durur:
Gənc nəsli psixoloji cəhətdən əməyə hazırlamaq: cəmiyyətdə və insanın şəxsi həyatında əməyin rolu, əməkdə iştirak etməyin vacibliyi, tənbəlliyin zərəri haqda təsəvvürlər və inam yaratmaq.
əməksevərlik, əmək adamlarına və əmək məhsullarına hörmət, əməyə məsuliyyətli münasibət formalaşdırmaq;
əmək bacarıq və vərdişləri, əmək mədəniyyəti formalaşdırmaq;
gənc nəslə şüurlu surətdə peşə seçməkdə kömək göstərnək.