2 . Təlimin prinsipləri təlimin qanunauyğunluqlarının inikası kimi Təlim nəzəriyyəsi hər şeydən əvvəl , təlim hadisələri və amilləri arasında əhəmiyyətli və zəruri əlaqələri əks etdirən obyektiv qanunauyğunluqları açmağa çalışır. Qanunauyğunluqlar didaktik proseslərin obyektiv inkişafının ümumi mahiyyətini başa düşməkdə müəllimlərə kömək edir. Lakin həmin qanunauyğunluqlarda praktiki fəaliyyət göstərmək üçün bilavasitə göstəriş olmur. Onlar praktiki fəaliyyətin texnologiyasını işləyib hazırlamaq və təkmilləşdirmək üçün nəzəri əsasdır. Təlim işini qurmaq üçün zəruri olan göstərişlərə pedaqoji ədəbiyyatda didaktik prinsip və qaydalar adı verilmişdir.
Təlimin prinsipləri tədris prosesinin ümumi məqsəd və qanunauyğunluqlarına müvafiq olaraq onun məzmununu, təşkili formalarını, forma və metodlarını müəyyən edən əsas müddəalardır. Təlim prinsiplərində təlim prosesinin tipik hadisələri üçün səciyyəvi olan obyektiv qanunauyğunluqlar əks olunmuşdur. Təlim prinsiplərində təlimin normativ əsasları ifadə olunur.
Didaktikanın inkişaf tarixində təlimin ümumi prinsiplərinin aşkara çıxarılması həmişə aktual bir məsələ olmuşdur. Çünki ancaq həmin prinsiplərə əsaslanmaqla mühüm didaktik tələbləri müəyyənləşdirmək və onların köməyi ilə təlimdə yüksək nəticələrə nail olmaq mümkündür. Didaktikanın nəzəri əsaslarının təşəkkülü , didaktik kateqoriyaların (qanunauyğunluq, prinsip, qayda ) mahiyyətinin üzə çıxarılması gərgin mübahisələr şəraitində baş vermişdir. Son vaxtlara kimi pedaqoji qanunauyğunluqlar, prinsiplər və qaydalar anlayışları arasında dəqiq sərhədlər müəyyən edilməmişdir. Həmin anlayışlar müxtəlif pedaqoji ədəbiyyatlarda müxtəlif cür izah olunmuşdur. Bəzi hallarda həmin anlayışlar bir - birinə qarışdırılır , eyniləşdirilir , bəzən də formal olaraq bir - birindən təcrid olunur. Halbuki , qanunauyğunluq müəyyən şəraitlərdə baş verən proseslərdə obyektiv , əhəmiyyətli , zəruri , ümumi , sabit və təkrar olunan qarşılıqlı əlaqələri əks etdirirsə, bu qanunauyğunluqlardan irəli gələn prinsiplər isə təlim zamanı müəllimin necə hərəkət etməli olduğunu müəyyənləşdirməyə imkan verir.
Təlim qaydaları isə təlim prinsiplərindən törəyir , onu konkretləşdirir və prinsipə tabe olur. Qaydalarda tipik təlim situasiyalarında müəllimlərin fəaliyyəti haqqında konkret göstərişlər nəzərdə tutulur. Bu , bəzi nəzəriyyəçi alimlər və müəllimlər tərəfindən etirazla qarşılanmışdır. Onların fikrincə , belə göstərişlər müəllimin yaradıcılıq təşəbbüslərinin inkişafına mənfi təsir göstərir. Ona görə də əsas diqqəti təlim nəzəriyyəsinin öyrənilməsinə , nəzəriyyənin praktikada yaradıcı tətbiqi üzrə vərdişlərin mənimsənilməsinə yönəltmək tələb olunur. Ancaq müəllimlər həmin qaydaların hökmən yerinə yetirilməsi tələbinə aludə olmamalıdırlar. Çünki bu zaman doğrudan da onların təşəbbüskarlığı məhdudlaşa bilər.
Təlim prinsiplərinin tələblərini tam və daha dəqiq şəkildə həyata keçirmək üçün qaydalar müəllimlərə məsləhət formasında verilir. Məsələn , müvafiqlik prinsipindən aşağıdakı mühüm qaydalar yaranmışdır : məlumdan məchula , asandan çətinə , sadədən mürəkkəbə , ümumidən xüsusiyə , xüsusidən ümumiyə .
Qaydalar prinsiplərdən törəsə də , prinsiplər məhz onların köməyi ilə həyata keçirilir. Təlimin praktik təcrübəsi daha çox qaydalarda öz əksini tapır. Bu isə təqdirəlayiqdir , çünki təlimin ən yaxşı ənənələri möhkəmlənir , varislik saxlanılır.