Tərbiyədə sözlə əməlin birliyi prinsipi.Bu prinsip şagirdlərin şüuruna və əhyal-ruhiyyəsinə səmərəli təsir göstərməkdə həlledici əhəmiyyət kəsb edir. Vəhdət olaan yerdə sözlə iş arasında olan fərq, uyğunsuzluq olmur, şüur davranışa, söz əmələ mutabiq gəlir.
Müşahidələr göstərir ki, şagirdlərdən bəzilər danışanda bir söz deyir, işdə başqa cür hərəkət edirlər. Məsələn, onlar dərsə vaxtında gəlməyin, sinifdə sakit oturmağın vacib olduğunu deyir, lakin özləri üzürsüz dərs buraxır, sinifə zəngdən sonra girir, dərs zamanı şuluqluq salırlar. Yaxud davranış mədəniyyəti və intizamlılığın əhəmiyyəti haqqında ağız dolusu danışır, lakin özlərinin əməli fəaliyyətlərində bağışlanılmaz kobudluğa yol verirlər. Ədəb-ərkan qaydalarına əməl etməyin zəruruiliyi haqqında başqalarına öyüd-nəsihət verir, amma özləri məktəb əmlakını zay edir, tay-tuşları ilə savaşırlar və s. Belə halları aradan qaldırmaq vəzifəsi ilk növbədə müəllimlərin öhdəsinə düşür və onlardan pedaqoji səriştə, rəngarəng üsullardan istifadə etmək bacarığı tələb edir.
Tərbiyədə aşkarlıq prinsipi.Hazırda məktəblərin tərbiyəsində nəzərə çarpan qüsurların müəyyən qismi tərbiyədə aşkarlıq prinsipinə əməl edilməməsindən irəli gəlir. Müşahidələr göstərir ki, bir sıra yerlərdə şagirdlərin naqis hərəkətləri, həmin hərəkətlərin səbəb və nəticələri, ictimaiyyətdən, müvafiq təşkilat və şəxslərdən, bəzən hətta məktəb kollektivinin özündən gizli saxlanılır. Bu vəziyyət əsasən ondan irəli gəlir ki, məktəbin rəhbətliyi mətbuat və ya yuxarı təşkilatlar tərəfindən məktəbin adının pisliyə çəkiləcəyindən ehtiyat edir. Ya da intizamı pozmuş uşağın yüksək vəzifə sahibi olan valideynlərindən qorxur, onun nüfuzuna toxunacağından çəkinir. Eyni qayda ilə çox vaxt müəllim və sinif rəhbəri direktordan, şagird təşkilatlarının rəhbərlərindən ehtiyat etdiyinə görə uşaqlar tərəfindən baş vermiş tərbiyəsizlik hallarının üstünü malalayırlar, ört-basdır edirlər. Məsələyə bu cür yanaşma aşkarlıq prinsipinin ruhuna zidd olub tərbiyə işini daha da çətinləşdirir.
Tərbiyədə uşağa hərtərəfli təsir göstərmək prinsipi.Başqa prinsiplər kimi,bu da tərbiyənin təşəkkülü qanunauyğunluqlarından nəşət edir.Tərbiyənin bütün tərkib hissələrinin təşəkkülündə ağıl,hiss və iradə həlledici rol oynayır.Məsələn,sözün əsl mənasında yüksək əxlaqi keyfiyyətlərə malik olmaq və həyatda düzgün sosial yol,fəal mövqe seçmək üçün ağıl,şüur,dünyagörüşü zəruridir.Bunlarsız nəyin yaxşı,nəyin pis olduğu dəqiq fərqləndirmək mümkün deyildir.
Ağlı,şüuru,dünyagörüşünü təşəkkül və inkişaf etdirən bilikdir,Məhz biliyə yiyələnmək əsasında adam elmi dünyagörüşünə malik olur və nəticə etibarilə həyatda fəal mövqe seçməyi,düzgün yol tutmağı,ədəb-ərkan daxilində davranmağı,yaxşını-pisdən seçməyi bacarır.