1.2. Kursun məqsəd və vəzifələri
Mürəkkəb və ziddiyyətli dəyişikliklərlə səciyyələnən müasir cəmiyyət həyatının real sosial-iqtisadi proseslərinin hərtərəfli öyrənilib dərk olunması, eyni zamanda baş verən yeni meyllərin gələcək nəticələrinin obyektiv elmi-nəzəri prinsiplər mövqeyindən qiymətləndirilməsi zəruriliyi, iqtisadi nəzəriyyəyə olan marağı getdikcə artırmaqdadır. Tarixi baxımdan bütün dövrlərdə bu elmin qarşısında duran əsas məsələ, dünyanın və cəmiyyətin iqtisadi quruluşu, onun səmərəliliyi məsələlərinin araşdırılması olmuşdur.
İqtisadi nəzəriyyənin öyrənilməsində əsas məqsəd əvvələn, yaşadığımız cəmiyyətin və dünyanın iqtisadi inkişaf qanunauyğunluqlarını daha yaxşı dərk etmək; sonra insanları cəmiyyətdə baş verən dəyişikliklərin passiv seyrçisi deyil, fəal iştirakçısına çevirmək; nəhayət, milli və qlobal miqyasda həyata keçirilən obyektiv-subyektiv səbəblərlə bağlı iqtisadi siyasətin mahiyyətini aydınlaşdırmaqdır.
Deməli iqtisadi nəzəriyyənin bir elm kimi məqsədi iqtisadi qanunları (qanunauyğunluqları, prinsipləri, meylləri) öyrənmək və onlardan təcrübədə səmərəli istifadə olunması mexanizminin işlənib hazırlanmasıdır. Daha geniş anlamda məqsəd, dünyanın və milli təsərrüfatların keçdikləri sosial-iqtisadi inkişaf yolunun təhlili əsasında, bütövlükdə ictimai istehsalın səmərəli fəaliyyətinin təşkilini elmi-nəzəri cəhətdən əsaslandırmaqdır.
Bu mənada, təsərrüfat həyatının istehsal, bölgü, istehlak dairəsində iqtisadi nəzəriyyənin prinsiplərinə, qanunlarının fəaliyyət mexanizminin xüsusiyyətlərinə bələd olmaq təkcə iqtisadçılar və siyasi xadimlər üçün deyil, həm də işgüzar bizneslə məşğul olanlar, fermerlər, bank işçiləri, tələbələr, dövlət məmurları, evdar qadınlar və adi vətəndaşlar üçün faydalıdır. Çünki, “yalnız iqtisadi nəzəriyyənin əsas məsələlərindən başı çıxan insan, qarşılaşdığı problemlərə dair müstəqil fikir söyləyə bilər” (L.Mizes).
Həmin məqsədə çatmaq üçün iqtisadi nəzəriyyə bir elm kimi dərketmə, proqnozlaşdırma, təcrübi, ideoloji, metodoloji vəzifələri yerinə yetirir. Bunun üçün cəmiyyət ilk növbədə hansı məhsullardan və nə qədər istehsal ediləcəyini; həmin məhsulların hazırlanacağı iqtisadi resursları və texniki-texnoloji bazanı; istehsal olunacaq məhsul xidmətlərin kim üçün nəzərdə tutulduğunu müəyyənləşdirməlidir.
Cəmiyyətin iqtisadi həyatı və orada fəaliyyət göstərən obyektiv qanunlar, insanlar tərəfindən dərketmə funksiyası vasitəsilə öyrənilərək, onların gələcək işlərində nəzərə alınır. Proqnozlaşdırma vəzifəsi perspektivdə iqtisadi, hadisə və proseslərin aparıcı meyllərini müəyyənləşdirməyə imkan yaradır. Təcrübi vəzifə, dövlətin iqtisadi siyasətinin əsaslandırılması və konkret şəraitin tələbləri əsasında təsərrüfatçılıq fəaliyyətinin daha səmərəli yollarını müəyyənləşdirmək üçün lazımdır. İdeoloji vəzifə, iqtisadi inkişaf istiqamətlərinin işlənib hazırlanması və həyata keçirilməsi gedişində, fikir müxtəlifliyi şəraitində, ümummilli mənafe baxımından ən optimal variantın seçilməsini nəzərdə tutur. Metodoloji vəzifə, iqtisadi-sosial məsələlərin daha səmərəli həlli üçün etibarlı elmi-nəzəri baza rolunu oynayır.
Bu elmi hərtərəfli öyrənmək: əvvələn, insanların, xüsusilə də yetişməkdə olan gənc nəslin, o cümlədən iqtisadçı kadrların dünyagörüşünü formalaşdıraraq, onun dünyada baş verən qlobal mürəkkəb və ziddiyyətli prosesləri dərk etməsinə kömək edir, sonra insanların həyatda rastlaşdıqları müxtəlif iqtisadi-sosial problemlərin həllində daha düzgün seçim əsasında, ən səmərəli (optimal variantda) qərarlar qəbul etmələrinə şərait yaradır; nəhayət, insanlarda sərbəst düşünmək, ağıllı riskə getmək, müstəqil hərəkət etmək qabiliyyətini inkişaf etdirir.
İqtisadi nəzəriyyənin məqsəd və vəzifələrini kompleks halında aşağıdakı kimi müəyyənləşdirmək olar:
mikro və makro səviyyədə bazar münasibətləri iqtisadi sisteminin fəaliyyət prinsipləri və qanunları haqqında ümumi təsəvvür yaratmaq;
əsas iqtisadi kateqoriyaların (əmək, əmtəə, bazar, pul, tələb, təklif, qiymət, rəqabət, tarazlıq, inhisar, səmərəlilik, inhisar, bank, inflyasiya, kredit, işsizlik, böhran) məzmununu açmaq;
iqtisadi təhlil aparmaq və ən mühüm göstəricilərin və indekslərin hesablanması vərdişlərinə yiyələnmək;
müxtəlif əmtəə-xidmət bazarlarında və ayrı-ayrı bazar strukturlarında qiymətyaranmanın xüsusiyyətləri ilə tanış olmaq;
müasir inteqrasiya və qloballaşma şəraitində beynəlxalq və daxili bazarlarda əlavə məlumat - informasiya mənbələri ilə işləməyi öyrənmək.
Deməli, iqtisadi nəzəriyyənin məqsəd və vəzifələri (funksiyaları) kompleksinə, cəmiyyətin təsərrüfat həyatının ümumi inkişaf qanunauyğunluqlarının müxtəlif təhlil metodları vasitəsilə öyrənilməsi, ictimai istehsalın ayrı - ayrı sahə və bölmələrinin strukturunda baş verən kəmiyyət-keyfiyyət dəyişikliklərinin dinamikasının izlənməsi, eyni zamanda iqtisadiyyatın gələcək inkişaf istiqamətləri perspektivlərinin müəyyənləşdirilməsində ölkənin milli mənafeyi ilə qlobal maraqların düşünülmüş tarazlığının gözlənilməsi xətti daxildir.
Qarşılıqlı təsir və əlaqədə olub, kompleks şəkildə həyata keçirilməsi tələb olunan bu müxtəlif vəzifələrin səmərəliliyinin təmin edilməsi üçün unudulmamalıdır ki, “gələcək illərin hadisələri, şübhəsiz cəmiyyətin siyasi həyat səthinin dəyişkən dalğaları üzərində fasiləsiz surətdə davam etsə də, lakin onun nəticələri təkcə dövlət xadimlərinin şüurlu hərəkətləri ilə deyil, ilk baxışda heç kəsin görə bilmədiyi gizli dərinliklərdəki iqtisadi axınlarla müəyyən olunacaqdır. Bu gizli axınlara, yaxud iqtisadi meyllərə isə təsir göstərməyin bir yolu vardır: həmin yol - bilik və təfəkkürün imkanlarından istifadə edərək, insanların keçmiş təsəvvürlərini, düşüncə tərzini dəyişdirməkdən ibarətdir. Deməli, əsl həqiqəti söyləmək, xülyaları dağıtmaq, nifrəti məhv etmək, insanların hiss və ağlını maarifləndirmək - bizim ən etibarlı vasitələrimizdir” (C.Keyns).
Bəşəriyyətin çoxəsrlik enişli-yoxuşlu inkişaf yolu, hay-küylü yüksəliş və kəskin böhran illəri, nəhəng beynəlxalq korporasiyaların formalaşması və dünyanı əhatə edən maliyyə-bank sarsıntıları, xüsusilə də XXI əsrin ilk onilliyində dünya təsərrüfat sisteminin rastlaşdığı sosial- iqtisadi problemlər, bu fikri tamamilə təsdiq edir.
Dostları ilə paylaş: |