I. Müqayisəli kəmiyyət budaq cümləsi. Baş cümlədəki hal- hərəkətin və ya əlamətin kəmiyyəti müqayisə yolu ilə bildirilir. Məsələn, Siz öz qızınızın taleyi ilə nə qədər maraqlanıb, xoş günlər arzusundasınızsa, mən də həm müəllim, həm də mənəvi ana kimi o qədər səadət arzulayıram.
II. Qarşılaşdırılmalı kəmiyyət budaq cümləsindəbaş və budaq cümlənin məzmunları kəmiyyət baxımından qarşılaşdırılır. Məsələn, Akif nə qədər tərs və inadcıl idisə, bir o qədər də rəhmdil və əliaçıq idi.
III. Şərtli kəmiyyət budaq cümləsi baş cümlədəki hal-hərəkətin şərtli kəmiyyətini bildirir. Məsələn, Bu kənddən nə qədər tez uzaqlaşsaq, verəcəyimiz itkilər bir o qədər az olar.
Şərt budaq cümləsi. Şərt budaq cümləsi baş cümlənin ümumi məzmununa aid olmaqla, icra olunacaq iş, hal-hərəkətin mümkünlüyünü müəyyən şərtlə bağlayır. Şərt budaq cümləsi əksərən baş cümlədən əvvəl gəlir, şərt bağlayıcıları (indi ki, madam ki, əgər, hərgah, bir halda ki, vaxta ki), -sa, -sə şəkilçiləri, bəzən də ki bağlayıcısı və intonasiya ilə baş cümləyə bağlanır, hansı şərtlə?, nə şərtlə? suallarına cavab olur. Budaq cümlənin xəbəri həm feli, həm də ismi olur. Məsələn, Əgər selin ağzı Filizçay tərəfə yönəlməsəydi, buruq uçacaqdı (Q.İ). İndi ki gedirsən, bəhanəsiz get, oyatma mürgülüü xatirələri (N.K). Abır istəsən, çox demə, sağlıq istəsən, çox yemə (atalar sözü). Müəllim olarsa səssiz, mülayim, Uşaqlar bazarda gəzərlər daim (S.Şirazi). Şah ədli, insafı eyləsə peşə, Şahlığı kök atar, qalar həmişə (M.Əhvədi). Hərgah mənim oğlum Şamxalda namus-qeyrət olsaydı, o indiyə kimi atasının intiqamını almışdı.(İ.Şıxlı). Gər var desən, yox deməzəm, var, kimin var? (İ.Nəsimi). Söz ki bir oldu, dağ oynadar yerindən.
Şərt budaq cümləsi bəzən -mı, -mi, -mu, -mü ədatı ilə də baş cümləyə bağlanır: Fəqət irəlidə dibsiz bir dərə… Bir addım atdımı, uçacaq, heyhat (F. Mehdi). Yox, o bir söz dedimi, heç vaxt unutmaz (M.İbrahimov).
Bəzən baş cümlə budaq cümlədən qabaq işlənir, bu zaman baş cümlənin tərkibində bu şərtlə, o şərtlə sözlərindən biri işlənir. Məsələn, Mən kitabı sənə bu şərtlə verirəm ki, vaxtında qaytarasan.