Qeyri-müəyyən yiyəlikhalda olan isim ümumilik, qeyri-müəyyənlik bildirir, 2-ci növ təyini söz birləşməsinin 1-ci tərəfi kimi çıxış edir, heç vaxt ayrılıqda işlənmir. Məsələn, el gücü, atalar sözü,
Təsirlik hal. Sırf qrammatik hal olan təsirlik hal iş, hal və hərəkətin təsirinə məruz qalan, yəni üzərində iş icra olunan əşyanı bildirir. Əsasən təsirli feil olan cümlələrdə işlənir, yəni təsirli feillərlə idarə olunur. Təsirlik halda olan isim xəbər vəzifəsində çıxış edə bilmir. Bu halın xəbər vəzifəsində ola bilməməsinin əsas səbəbi onun müstəqim obyekt ifadə etməsidir. Obyekt isə həmişə işlə, feillə əlaqədar olaraq meydana çıxır. Bu səbəbdən feil təsirlik hal şəkilçisi qəbul edən adlar qrupuna imkan vermir ki, onun idarəçiliyindən çıxsın, idarə etdiyi obyektlə arasına başqa bir söz daxil olsun. Qoşmanın ismin təsirlik halı ilə işlənə bilməməsi də bu halın xüsusiyyətindən qaynaqlanır. Qoşmalar ismin adlıq, yönlük və çıxışlıq hallarına qoşularaq onların feillərlə, bəzən də digər nitq hissələri ilə əlaqələnməsinə aktiv xidmət edir. Qoşmalar ismin bu hallarına ona görə qoşulur ki, hal şəkilçilərinin dəqiq ifadə edə bilmədiyi qrammatik və məkani-qrammatik mənanı aydınlaşdırsın, konkretləşdirsin, bu mənaların ifadə olunmasına xidmət etsin. Təsirlik hal isə birbaşa təsirli feil tərəfindən idarə edilir, yaratdığı qrammatik məna da aydın və dəqiqdir. Bu baxımdan təsirlik halın qoşma ilə işlənməsinə ehtiyac qalmır.
Təsirlik halın morfoloji əlaməti -ı4 şəkilçisidir. III şəxsin mənsubiyyət şəkilçisi ilə fonetik tərkibcə oxşardır. Lakin fərqləri də vardır:
1. Təsirlik hal şəkilçili isim hərəkətin təsirinə məruz qalan əşyanı göstərir, III şəxs mənsubiyyət şəkilçisi isə sahib şəxslə mənsub əşya arasında olan münasibəti bildirir. Məsələn, Kitabı götürdüm; Səlimin kitabı;
2. Təsirlik halda olan söz xəbərlik şəkilçisi qəbul etmir, mənsubiyyət şəkilçili söz isə xəbərlik şəkilçisini qəbul edir. Məsələn, Onun ölmüş ruhunu oyadan ana laylasıdır; 3. Təsirlik halda olan söz qoşmalarla işlənmir, mənsubiyyət şəkilçisi qəbul edən söz isə qoşmalarla işlənir. Məsələn, Onun üzü səhər günəşi kimi tərtəmiz və aydın idi;
4. Sonu saitlə bitən isimlərə təsirlik halda -n, mənsubiyyət şəkilçisi əlavə edilərsə, -s bitişdirici samiti qoşulur. Məsələn, bacı+n+ı; onun bacı+s+ı və s.
Təsirlik hal ifadə etdiyi mənaya görə 2 yerə bölünür: müəyyən və qeyri-müəyyən. Müəyyən təsirlilik hal -ı4 şəkilçisi qəbul edir. Qeyri-müəyyən təsirlik halın isə şəkilçisi yoxdur və nə? sualına cavab verir. Qeyri-müəyyən təsirlik, adlıq və qeyri-müəyyən yiyəlik hal zahirən oxşardır.
Oxşar cəhətləri:
- Hər üçünün formal şəkilçisi yoxdur;
- Hər üçü nə? sualına cavab verir.
Fərqli cəhətlərini isə cümlə daxilində əlaqəyə girdiyi sözdən asılı olaraq izah etmək lazım gəlir. Aşağıdakı cümlələrə nəzər salaq:
1) Nizami hər sözü demiş birinci, Qoymamış cilasız qalsın bir inci. (Ə.X.Dəhləvi)
2) Dalğıc okeanın dibindən inci çıxardı.
3) Bir inci saflığı varsa da, su da, Atrıq içiləndə dərd verir o da. (N.Gəncəvi)
Bu cümlələrdəki inci sözlərində zahirən heç bir fərq nəzərə çarpmır. Ancaq birinci cümlədə inci sözü adlıq haldadır, heç bir sözdən asılılığı yoxdur, xəbər uzlaşma əlaqəsi ilə ona bağlıdır, sintaktik vəzifəsi mübtədadır. Cilasız qalsın – nə? İnci.
2-ci cümlədə inci qeyri-müəyyən təsirlik haldadır. Özündən sonra gələn təsirli feildən (çıxardı) asılıdır. Üzərində iş icra olunan əşyanı bildirir. Əgər felin yanından aralasaq və qabağına təyin artırsaq, müəyyən təsirlik halın şəkilçisini qəbul edəcək: Dalğıc incini okeanın dibindən çıxardı. Dalğıc okeanın dibindən bu incini çıxardı.
Bu əməliyyatı birinci cümlədə aparsaq, inci sözündə dəyişiklik olmayacaq. Sözün adlıq halda olduğu bir daha aydınlaşacaq: Qoymamış cilasıs qalsın bu inci. İkinci cümlədəki inci sözü üzərində iş icra olunan əşyanı bildirdiyinə görə tamamlıqdır.
Üçüncü cümlədəki inci sözü özündən sonra gələn mənsubiyyət şəkilçili sözdən asılıdır (saflığı). Cümlə daxilində ayrılmır, cümlənin mürəkkəb mübtədasıdır. Qeyri-müəyyən yiyəlik haldadır, ümumilik bildirir. Adlıq və təsirlik hallardan fərqli olaraq, qeyri-müəyyən yiyəlik hal heç vaxt feillə əlaqəyə girmir. Çünki yiyəlik hal aidlik, sahiblik, yiyə anlayışını bildirir. Belə olduğu halda ona mənsub, aid olan əşya tələb edilir. Feil isə əşya məzmunu bildirmir və bu baxımdan yiyəlik hal feillə əlaqəyə girmir. Qeyri-müəyyən yiyəlik hal heç vaxt özündən sonrakı mənsubiyyət şəkilçili sözdən ayrı işlənmir və cümlənin mürəkkəb üzvü olur.
Qeyri-müəyyən təsirlik halla adlıq hal arasındakı əsaslı fərqi yekunlaşdırsaq, aşağıdakı nəticəyə gəlmiş olarıq:
1. Qeyri-müəyyən təsirlik halda olan isim ancaq xəbəri təsirli feillə ifadə olunan cümlədə, adlıq halda olan söz isə həm təsirsiz, həm təsirli feli xəbərli, həm də ismi xəbərli cümlələrdə işlədilir. Məsələn,
1. Asim məqalə yazır (təsirli feil).
2. Asim gülür (təsirsiz feil).
3. Kitab bilik mənbəyidir (ismi xəbər).
2. Qeyri-müəyyən təsirlik halda olan sözlə feil arasında idarə əlaqəsi, adlıq halda olan sözlə feil arasında uzlaşma əlaqəsi mövcuddur.
3. Qeyri-müəyyən təsirlik halda olan söz qoşma ilə işlənmir, adlıq halda olan söz isə qoşma ilə işlədilir: Günəş təki hər çıxanda səhərdən, Alırsan Vaqifin əqlini sərdən. (M.P.Vaqif)
4. Qeyri-müəyyən təsirlik halda olan söz xəbər vəzifəsini icra etmir, çünki üzərində iş icra olunan, təsirə məruz qalan əşyanı bildirir, adlıq halda olan söz isə xəbər kimi çıxış edir. Məsələn, Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?! (N.G.)
5. Qeyri-müəyyən təsirlik və adlıq halda olan isim cümlədəki sintaktik vəzifələrinə görə də fərqlənir. Adlıq halda olan isim cümlədə mübtəda, təyin və xəbər, qeyri-müəyyən təsirlik halda olan isim isə ancaq qeyri-müəyyən vasitəsiz tamamlıq vəzifəsində çıxış edir. Məs.: Daş yonaq, ev tikək (daş və ev qeyri-müəyyən vasitəsiz tamamlıqdır, nə? sualına cavab verir).