Yiyəlik şəxs əvəzliyi. Yiyəlik şəxs əvəzliyi yiyəlik hal şəkilçisini qəbul etmiş şəxs əvəzliklərinə -kı4 şəkilçisini artırmaqla düzəlir və yiyə, sahib olan subyekti, həm də bu subyektə aid olan obyekti meydana çıxarır. Subyektin yiyə, sahib rolunda olması yiyəlik hal şəkilçisi ilə, subyektə aid, malik obyekt isə -kı4 şəkilçisi ilə yaranır. Həm subyekt, həm də obyekt yiyəlik hal şəkilçisi ilə ifadə olunur. -kı4 şəkilçisi obyektin cümlə daxilində söz şəklində işlənməsinə ehtiyac yaratmır. Bu şəkilçi vasitəsilə obyekt meydana çıxır: sizin eviniz – sizinki, mənim kitabım – mənimki və s. Nümunələrə nəzər yetirək: İqbal zəbun oldu, mənimki belə düşdü. (M.Ə.S.) Buyuruq sizinkidir, adil hökmdar, Sizdə fəzilət də, ədalət də var. (S.V.)
Yiyəlik şəxs əvəzliyi hallar üzrə dəyişir: mənimki, mənimkinin, mənimkinə, mənimkini, mənimkində, mənimkindən; səninki, səninkinin, səninkinə, səninkini, səninkində, səninkindən və
Qayıdış şəxs əvəzliyi. Öz təyini əvəzliyinə bütün şəxslər üzrə mənsubiyyət şəkilçisi artırmaqla qayıdış şəxs əvəzliyi yaranır: özüm, özün, özü, özümüz, özünüz, özləri.Qayıdış şəxs əvəzliyinin aşağıdakı xüsusiyyətləri var:
1. İsimlər kimi hallanır: özüm (-ün, -ə, -ü, -də, -dən);
2. Subyektlə birlikdə işlənir. Bu zaman subyektin mənasını daha da konkretləşdirir. Məs.: mən özüm, sən özün, biz özümüz və s.;
3. Qayıdış şəxs əvəzliyi yiyəlik halda olan şəxs əvəzlikləri ilə birlikdə işlənir və hallanır: mənim özüm (-ün, -ə, -ü, -də, -dən);
4. Qayıdış şəxs əvəzlikləri adlıq halda işlənərkən mübtəda, yönlük, yerlik və çıxışlıq hallarında tamamlıq, xəbərlik kateqoriyasının morfoloji əlamətini qəbul etdikdə isə xəbər vəzifəsini daşıyır. Məs.: Koroğluyam, saldım talan, Özün öz qanına yalan. (“Koroğlu”) Sənsiz necə dözüm qəm, möhnətə, Özümü öldürrəm, düşsən qürbətə.(A.A.) Ailəsinin dağılmasının səbəbkarı özüdür. (danışıqdan)
İşarə əvəzliyi. Nitqimizdə ən geniş fəaliyyət göstərən və qədimliyi ilə digər əvəzliklərdən seçilən işarə əvəzliyinin əsas xüsusiyyəti bu və ya digər əşyaya, onun keyfiyyətinə işarə etmək, onları ümumi həcmdən ayıraraq, bütövün bir hissəsi kimi təqdim etməkdən ibarətdir. İşarə əvəzlikləri bunlardır: o, bu, elə, belə, həmin, həmən. İşarə əvəzlikləri ismin əvvəlinə əlavə edilməklə həmin ismi seçmək, aydınlaşdırmaq və müəyyənləşdirmək cəhətdən izah edir: bu adam, o dağ, həmin məktub və s. Bu cəhətdən sifətlərə daha yaxındır.
Dostları ilə paylaş: |