VI Təyini əvəzlik. Bu əvəzliklər cümlədə isimdən əvvəl gələrək onları konkretləşdirir, ümumiləşdirir, təyin edir. Təyini əvəzliklər: öz, hər, bütün, filan, bəzi. Qeyd. Bütün əvəzliyinin klassik ədəbiyyatımızda qamu, qamusu (mənsubiyyət şəkilçili), cümlə, cəmi kimi variantlarına təsadüf olunur. Məs.: Cəmi bəndənin vardır niyazı, Qamu könüllərin muradı vardır. (Ş.İ. Xətai) Cümləcahan batsa da, batsın, nə işim var ? (M.Ə.Sabir)
Cümlə təyini əvəzliyi qeyri-müəyyən əvəzlik (hamı) kimi də işlənir. Məs.: Allah sizdən razı olsun! – Cümləmizdən (hamımızdan).
Öz əvəzliyi obyekti subyektə görə konkretləşdirir: Ana onları öz uşaqları kimi qarşıladı.
Öz sözü obyektlə birlikdə cümlənin bir üzvü olur: İndi Cümrü öz aləmində idi.
Bütün əvəzliyi cümlədə isimdən əvvəl gələrək aid olduğu anlayışlara kəmiyyət hüdudu qoyur: Müharibə xəbərindən sonra bütün xalq ayağa qalxdı. Bu cümlədə bütün əvəzliyi hər bir fərdin daxil olduğu bütövü əhatə edir.
Hərsözü təklikdə işlənmir, isimdən əvvəl gəlir və bütün əvəzliyi kimi aid olduğu anlayışlara kəmiyyət hüdudu qoyur: Hər bir bağın bağbanı var. Hər gülün öz ətri var.
Təyini və işarə əvəzlikləri mahiyyət etibarilə bir-birinə çox yaxındır. Hər ikisi təyinetmə xüsusiyyətinə malikdir və hər ikisinin sintaktik vəzifəsi təyindir. Lakin əsas fərqləriondan ibarətdir ki, işarə əvəzlikləri əşya və hadisələrə işarə edir, aid olduğu sözün məzmun və həcminə müdaxilə etmir. Təyini əvəzliklər isə aid olduqları əşyalara kəmiyyət hüdudu qoya bilir.
Təyini əvəzliklər isimdən əvvəl gələrək onu təyin etdiyinə görə dəyişmir və heç bir şəkilçi qəbul etmir.
Zərf Zərf hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, səbəbini, bəzən də əlamətin əlamətini bildirir. Zərf bir nitq hissəsi kimi qrammatika kitablarına nisbətən sonralar daxil edilmişdir. Ona görə ki, bu nitq hissəsinə məxsus sözlərin bir qismi tarixən isim, sifət və say olmuşdur. Bu baxımdan ədəbi dilimizdəki zərflər isim-zərf, sifət-zərf, say-zərf kimi ortaqlı xüsusiyyətlərə malikdir.
Dilimizdəki digər nitq hissələri, əsasən, cümlədən xaric izah edilə bildiyi halda, zərflərin əksəriyyəti müəyyənləşdirilərkən cümləyə müraciət edilir. Zərf, əsasən, felin köməkliyi ilə şərh olunur. Felin, hətta cümlənin köməyi olmadan əksər zərfləri izah etmək çətinlik yaradır. Məsələn, yaxşı, pis, gözəl, şirin sözləri morfologiyada sifət olaraq göstərilir. Bu sifətlər isimlərin əvvəlində gəldikdə onların keyfiyyətini müəyyən edir: yaxşı insan, pis hava, gözəl mənzərə, şirin çay. Bu sözlərin sifət olduğunu izah etməyə ehtiyac yoxdur. Lakin həmin sözlər hərəkətin də keyfiyyətini bildirir, onların zərf olduğunu bilmək üçün cümlə daxilində işlətmək lazım gəlir.