Sadə zaman zərflərinə indi, həmişə, tez, gec, bayaq, bildir, hələ, sonra, əvvəl, daima, dünən, hey, səhər, axşam, gecə və s. sözləri misal göstərmək olar. Bu zərflərin bəziləri kəmiyyət şəkilçisi ilə (-lar,-lər) də işlənir.
Əvvəl evin içi, sonra çölü. (A. sözü) Sonra hansı bir mahnını isə oxudular. Sonralarbaşa düşdüm ki, yazıq kişi bu yolla məni hərəkətə gətirmək, mənim də başqa uşaqlar kimi, deyib-gülən, zirək, açıqtəbiətli bir məxluq olmağımı istəyirmiş. (İ. Ə.) Belə suallar məni getdikcə yalnız atamdan deyil, hamıdan uzaqlaşdırırdı və mən daima kədərli olurdum. (İ. Ə.) Bu qədər böyüyüb, hələ heç nədən başı çıxmır... (İ. Ə.) Biz səhər Həbibin faytonunda Qızılbaşoğlunun müşayiəti ilə yola düşdük. (İ. Ə.) Muğan həsrət yağışa, buludlar xəsis, Yağış tökür Talışa hey, hey, gərəksiz. (Qabil) Boynu bükük bənövşə o gündən həmişə kol dibində bitir. (Az. əfsanələri) Oğlan bir od olub yanır, ancaq ocaq keçmir ki, keçmir, hey tüstülənir. (Az. əfsanələri) Mən özüm də qayıtmaq istəyirdim, ancaq bayaqdediyim kimi, pullar çıxıb getmişdi, ona görə də kişiyə yalan satmalı oldum. (İ. Ə.)
Düzəltmə zaman zərfləri dilimizdə o qədər də çox deyil. Bəzilərinə nəzər salaq:
1. Sadə zaman zərfinin üzərinə -lik şəkilçisini artırmaqla: indilik, hələlik, həmişəlik. Məs.: Vətənindən həmişəlik ayrı düşmək yaman dərddir. (İ. Ə.) Yox, gərək indilik biz Laçın qayasına gedək. (İ.Ə.)
2.Qeyri-müəyyən çox sayına -dan şəkilçisi artırmaqla: Məs.: Özünü çox tərifləmə, mən olmasaydım, çoxdan balıqlara yem olmuşdun. (İ.Ş.)
3. O işarə əvəzliyinə -n (da) şəkilçisini artırmaqla: Ax, necə kef çəkməli əyyam idi, Onda ki övladi-vətən xam idi (M. Ə. Sabir)
Mürəkkəb zaman zərfləri aşağıdakı qaydalarla düzəlir:
1. Eyni sadə zaman zərfinin təkrarı ilə: səhər-səhər, tez-tez, indi-indi. Məsələn, Məhbub xanım indi bizə tez-tez gəlirdi (İ. Əfəndiyev). Səhər-səhər bağa girdim, Nə bağ bildi, nə də bağban.