4. Təfəkkür, görmə, eşitmə, hissetmə ilə bağlı olan feillər: duymaq, düşünmək, xatırlamaq, anlaya bilmək, zənn etmək, güman etmək, qulaq asmaq, qulaq vermək, görmək, boylanmaq, nəzər salmaq, tamaşa etmək, göz dikmək, dadmaq, hiss etmək, qoxulamaq və s.
Təfəkkür feilləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
5. Hal-vəziyyət feilləri: Bu feillər əşyanın aldığı vəziyyəti, əlaməti, hiss-həyəcanı ifadə edir: gözəlləşmək, ağrımaq, ağarmaq, halsız olmaq, saralmaq, xəstələnmək, sağalmaq və s.
Hal-vəziyyət feillərinin ifadə etdikləri məna çox genişdir. Belə ki, bu feillər əşyada keyfiyyət, əlamət, xasiyyət dəyişkənliyini, insanda qəzəb, hiddət, kin-küdurət, təəssüf, sevinc, şadlıq, razılıq kimi xüsusiyyətləri ifadə edir: tərləmək, bozarmaq, alovlanmaq, sıxılmaq, incimək, hürkmək, özündən çıxmaq, qəzəbi tutmaq, şadlanmaq, həzz almaq və s.
Hal-vəziyyət feilləri təqlidi yolla da yaranır: xırıldamaq, qırıldamaq, fısıldamaq, xoruldamaq və s.
Müasir Azərbaycan dilində feillər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə fellər (əsli): gəl, otur, yaz, al, oxu və s. kimi feillər bütün zamanlarda, şəxslərdə, təsdiq və inkarda, bütün şəkillərdə sadə hesab olunur.
Düzəltmə feillər isim, sifətlərə və qismən də digər nitq hissələrinə aşağıdakı şəkilçiləri artırmaqla düzəlir:
-la,-lə: gözləmək, arıqlamaq, yağlamaq, sərinləmək, ovlamaq, alqışlamaq və s.
-lan,-lən: acıqlanmaq, kədərlənmək, alovlanmaq və s.
-laş,-ləş: fikirləşmək, birləşmək, uzaqlaşmaq, gözəlləşmək, yaşıllaşmaq və s.
-al, -əl, -l: boşalmaq, genəlmək, azalmaq, kiçilmək, qaralmaq, qocalmaq, çoxalmaq, qısalmaq, dikəlmək, dirilmək, düzəlmək, sağalmaq, ucalmaq, köhnəlmək və s.
-ı,-i,-u: acımaq, bərkimək, turşumaq və s.
-ar,-ər: otarmaq, göyərmək, közərmək, yaşarmaq, ağarmaq və s.
-sa,-sə,- sı: susamaq, qəribsəmək, tamahsımaq və s.
-imsə,-ümsə: mənimsəmək, gülümsəmək və s.
-xala : ovxala, çalxala;
Dostları ilə paylaş: |