8. Təqribi miqdar saylarının dəfə sözü ilə birgə işlənməsi ilə: beş-altı dəfə getmək, bir-iki dəfə demək və s. Məs.: Qaraca Eyvaz dayımgilin alaçığını və tövləsini gündə beş-altı dəfə silib-süpürürdü. (İ. Ə.)
9. Yönlük halda olan bir sayı ilə adlıq halda olan başqa bir sayın birgə işlənməsi ilə: birə-beş, birə-min və s. Məsələn: Bayram babamın gəlişi mənim sevincimi birə-beş artırmışdı. (İ. Ə.)
Qeyd. Bəzi dərs vəsaitlərində, dərsliklərdə səbəb zərfi haqqında məlumat verilir və bu zərflərin iş, hal və hərəkətin səbəbini bildirdiyi qeyd edilir. Zərfin bu növünə yalnız ismin çıxışlıq halında işlənərək zərfləşən sözləri aid etmək olar: istidən, qorxudan dəhşətdən, qəhərdən və s. Bu sözlər nə səbəbə?, niyə?, nə üçün?, nədən ötrü? suallarından birinə cavab verir. Əslində nitq hissəsi kimi səbəb bildirən leksik vahidlər yox dərəcəsindədir. Həmin sözlərdə səbəb məzmununu yaradan -dan (-dən) şəkilçiləridir. Bu şəkilçilərin yaratdığı məna çaları müxtəlifdir (yer, məkan, başlanğıc, zaman, tərz, səbəb, maddilik, fərqləndirmə, bütövün, tamın bir hissəsini bildirmə və s.).
-dan (-dən) şəkilçilərinin zərfin başqa növlərini də düzəltməsindən güman etmək olar ki, istidən, qorxudan, xəcalətdən, ağrıdan və s. kimi sözlər zərfləşmə istiqamətində inkişafdadır. Xəcalətdən başını qaldırmadı. Qorxudan ürəyim ağzıma gəldi.
Səbəb zərfindən biri qəsdən sözüdür, -ən şəkilçisi ilə düzəlib. Məs.: Özü də bunu elə elədim ki, mənim qəsdən xoruldamağımı başa düşməsin. (İ.Ə.) Mən onların stəkanlarını doldurandan sonra qəsdən amiranə bir tonla gözüqıyıq türkmənə dedim: Ey, sən də gəl. (İ. Ə.)
Zərfin sintaktik vəzifəsi Zərflər cümlədə, əsasən, zərflik vəzifəsini icra edir. Lakin digər cümlə üzvləri kimi də işlənir, yəni mübtəda, tamamlıq, təyin və xəbər də olur. Nümunələrə nəzər salaq:
Ax, necə kef çəkməli əyyam idi, Onda (zaman zərfliyi) ki övladi-vətən xam idi. (M. Ə. S.) Çulu cırıq kəndliyəm mən də, Az-az (kəmiyyət z.) uydururam yeri gələndə. (S. V.) Qorxudan (səbəb zərfliyi) dili tutulmuşdu. Aşağını (tamamlıq) bəyənmir, yuxarıda (yer zərfliyi) da yeri yox. Yuxarı (təyin) obalar sel sularının altında qalmışdı. Aşağılar (mübtəda) köhnə qayda ilə yaşamır, yuxarılar (mübtəda) isə köhnə qayda ilə idarə edə bilmirlər. Səsimiz onlara çatmaz, çox irəlidədirlər (xəbər).
Suallar 1. Əvəzliyi digər nitq hissələrindən fərqləndirən səciyyəvi cəhət nədir?
2. Əvəzliyin dildəki əsas funksiyasını necə izah edə bilərsiniz?
3. Əvəzliyin söz yaradıcılığında passiv iştirakı nə ilə bağlıdır?
4. Əvəzliyin hansı məna növləri vardır?
5. Əvəzliyin hansı məna növü öz qədimliyi ilə seçilir?
6. Yiyəlik əvəzliklə müəyyən şəxs əvəzliyinin oxşar, fərqli cəhətləri hansıdır?
7. Hansı əvəzlik başqa bir əvəzlikdən formalaşır və necə?
8. Sual əvəzliyinin hansı üslubi xüsusiyyətləri vardır?
9. Müəyyən şəxs əvəzliyi ilə qayıdış əvəzliyi yanaşı gələrsə, hansı cümlə üzvü vəzifəsini daşıyar və məzmuna xələl gələrmi?
10. Sifətlə işarə əvəzliyinin oxşar və fərqli cəhətləri hansıdır?
11. Təyini və işarə əvəzliklərinin oxşar, fərqli cəhətlərini necə müəyyənləşdirə bilərsiniz?
13. Zərfi əsas nitq hissələrindən fərqləndirən cəhətlər nədir?
15. Hansı nitq hissələri ilə zərf arasında oxşarlıq var?
16. Yer, məkan mənalı isimlə yer zərfinin oxşar, fərqli cəhətləri nədir?
17. Zərfin mənaca hansı növləri var?
18. Zərfin sintaktik vəzifəsi nədir?