Qoşmalarla işlənən vasitəli tamamlıqlar. İsmin adlıq, yiyəlik, yönluk, çıxışlıq halına qoşulan qoşmalarla ifadə olunan tamamlıqlar müxtəlif mənalar əmələ gətirir. Qoşmaların içərisində ilə qoşması bu baxımdan xüsusilə fərqlənir. Belə ki, ilə qoşması ilə ifadə olunan vasitəli tamamlıqlar vasitə, birgəlik, qarşılıq, fərqlənmə və məqsəd bildirir. Məsələn, 1) Gəlinlik paltarını daş-qaşla bəzəmişdilər. 2) Mən səninlə dünyanın axırına da gedərəm. 3) Dünya yarandığı gündən Hörmüz Əhrimənlə, qaranlıq işıqla, həyat ölümlə, gecə gündüzlə mübarizə aparır. 4) Mən ancaq sənin məhəbbətinlə Sibirin buzlu cəhənnəmindən salamat qurtula bilmişəm. Üçün, əlavə, savayı, başqa, qeyri, özgə qoşmaları ilə işlənən vasitəli tamamlıqlar da müəyyən məna xüsusiyyətinə malikdir. Belə tamamlıqlar fərqlənmə, səbəb və s. bildirir. Məsələn, 1) Mən sənin üçün çiçəklərdən süslü bir tac yaparam. 2) Lalədən başqa, hamı deyib-gülürdü. Bu qoşmalar (başqa, savayı, əlavə, qeyri, özgə) xüsusiləşmiş tamamlıqların formalaşmasında iştirak
edir. Təyin, vəzifəsi və ifadə vasitələri. İkinci dərəcəli üzvü olan təyin, bir qayda olaraq, təyin olunandan qabaq gələrək onu müxtəlif cəhətdən izah edir, aydınlaşdırır. Təyin olunan adlarla ifadə edilmiş müxtəlif cümlə üzvləridir. Təyin həmişə əşya ifadə edən cümlə üzvlərinin əlamətini, keyfiyyətini, kəmiyyətini, sırasını, maddi əsasını, işarəsini və s. bildirir, necə?, nə cür?, hansı?, neçə?, ne qədər?, neçənci?, müəyyənlik təyinləri isə bəzən nə zamankı?, kimdəki? suallarından birinə cavab verir. Təyinlə təyin olunan arasında yanaşma əlaqəsi mövcuddur. 1- ci tərəf (təyin edən) heç bir qrammatik şəkilci qəbul etmədən 2-ci (əsas) tərəfə yanaşıb, onu izah edir.Əsas (müstəqil) tərəf cümlə daxilində müxtəlif qrammatik formalar qəbul edir.Yəni hal, xəbərlik kateqoriyalari ilə işlənərək dəyişir və cümlədə müxtəlif cümlə üzvü vəzifəsində çıxış edir. Bundan asılı olaraq, təyin cümlənin mübtədasına, tamamlığına, isimlə və substantivləşmiş nitq hissələri ilə ifadə olunmuş ismi xəbərinə, isimlə və ismi birləşmələrlə ifadə olunmuş zərfliyinə, hətta təyinin özünə belə aid olaraq onları aydınlaşdırır. Məsələn, Bir də, ağa, məndə sizin üçün çox gözəl və qiymətli yaqut vardır.(mubtədaya aid) (C.Cabbarlı). Apardı könlümü, bir xoş qəmər yüz canfəza dilbər (mubtədaya aid) (İ.Həsənoğlu). Duman, gəl get bu dağlardan, Dağlar yerə bar eyləsin (yer zərfliyinə aid) (A.Tufarqanlı). Dəli könül, nə divanə gəzirsən, Bivəfa dilbərdən sənə yar olmaz (tamamlığa aid) (X.Qasım). M.Araz istedadlı, vətənpərvər şair idi (xəbərə aid). Mənim ruhumun qidasi al-yaşıl geyinmiş uca dağlardır (xəbərə aid). Bu dibi görünməyən dərələrdəki ölüm kabusu kəndin camaatını lərzəyə salmışdı (təyinin özünə və mübtədaya aid).
Təyinlər cümlədə müxtəlif nitq hissələri ilə ifadə olunur. Bunlardan ən başlıcası sifətdir. Təyin sifətlərlə ifadə olunduqda əşyanın əlamət, keyfiyyət, ümumi xüsusiyyətlərini, rəngini bildirir. Məsələn, Üstümüzə qəm binasi qoyuldu, Təzələndi köhnə yaram soyuldu (şair Əbdüləzim). Birinin yanağı dağlardan lala, Birinin dodağı şirin piyala ...(A. Səməd). Səmədəm, olmuşam sizlərə heyran, Güllü bağçaları edəsiz seyran (A. Səməd). Nə var, nə deyirsən, bivəfa yarım? (S. Vurğun) Təyin sifətin bütün quruluş növləri ilə ifadə olunur və eyni dərəcədə müxtəlif cümlə üzvlərini izah edir. Təyinlər həmçinin sayla, əvəzliklə, əsasən, işarə, sual əvəzliyi, feli sifətlə, feli sifət tərkibi ilə, atributivləşmiş isim, II və III nov təyini soz birləşmələri, qoşmalı birləşmələrlə, saylarla ölçü bildirən adlardan düzələn birləşmələrlə və s. ifadə edilir. Məs.: 1) Üstündən el köçmüş dağlar görmüşəm, Dağılmış, talanmış bağlar görmüşəm (A.Səməd). 2) Mərd olasan, bu meydanda durasan, Çox pəhləvanları yolda yorasan, Yüz əlli minarə sən qurdurasan, Heç birindən bir otaq sənə qalmaz (A.Səməd). 3) Yeddi parlaq göyə and içdi Şirin. Müqəddəs kitaba eylədi yəmin (N. Gəncəvi). 4) Qumru tək avazlı dilbər Sallar yana siyah zülfü (Miskin Əli). 5) Dərya qırağı Göyçə nə gözəldi, O ördəkdən, qazdan aldım sorağı (Şeyda Əziz). 6) Xoş növrağa, lalə üzə, Gül camala mən müştağam (Miskin Əli). 7) Əyləşib yanda bir cüt saçı sünbül, Eyləyir bir-birinə naz gözəl-gözəl (Şeyda Əziz). 8) Qoy sənə deyim İsabaladan, Dəstənin başçısı xan Eyvazdan, Başı qarlı çənli dağdan (“Koroğlu”) və s. Təyini söz birləşmələri haqqında məlumat verərkən qeyd etmişdik ki, I növ təyini söz birləşmələrinin təyin edən tərəfi müxtəlif nitq hissələri ilə ifadə edilərək, ayrı-ayrı məna xüsusiyyəti daşıyır, yəni milli və cinsi mənsubiyyət, qonşuluq, qohumluq, maddilik, peşə, sənət, vəzifə, dini rütbə, keyfiyyət , əlamət, zaman, rəng, məkan və s. bildirir. Söz birləşmələrində ifadə edilən həmin mənalar cümlə daxilində də öz əksini tapır. Lakin bəzi məqamlarda təyinlə təyin olunanın münasibəti cümlə daxilində meydana çıxır. Bütün bu münasibətləri ümumiləşdirsək, təyinin aşağıdakı məna növlərinin olduğunun şahidi olarıq: 1. Keyfiyyət təyinləri. Belə tipli təyinlər əlamət və rəng bildirən əsli və düzəltmə sifətlərlə, ismi birləşmələrlə ifadə olunur, necə?, nə cür? sualına cavab olur. Məsələn, 1) Ulduzlar sayrışır mavi göylərdə, İnsanlar çalışır, yaradır yerdə (S.Vurgun). 2) Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan (S.Vurgun). 3) Bu soyuq canları neylərdin, ilahi? Daş qəlbli insanları neylərdin, ilahi? (M. Ə. Sabir) 4) Qəhrəman bir qızdır, başda kəlağay (N.Gəncəvi) 2. Müqayisə təyinləri. Bu təyinlər təyin olunanın başqa bir əşya ilə müqayisə nəticəsində əldə edilən əlamətini aydınlasdırır. Müqayisə kimi, tək, qədər qoşmaları ilə aparılır. Məsələn, 1) Məcnun tək divanə könlüm dağ-daşı həmdəm bildi.
2) Səmədəm, hər sabah bulağın üstə, Tovuz kimi sallanışın yaxsıdı (A.Səməd). 3. Miqdar təyinləri. Belə tipli təyinlər təyinolunanın müəyyən və qeyri- müəyyən miqdarını bildirir, neçə?, nə qədər? suallarına cavab verir. Məsələn, 1) Bu əhvalatın üstündən çox aylar, illər keçmiş, köhnə yaralar qaysaq bağlanmışdı.
2) Nə vara, şöhrətə alçal, Sevgilinlə qoşa qocal! Öz yarına min nəğmə çal, Telli sazlı, ağrın alım.(Hüseyn Cavan). 3) Səhər şikarında çıxdı qarşıma, Bir cüt gözəl gördüm yol kənarında (A. Abdulla).
Dostları ilə paylaş: |