Qarşılıq-güzəşt zərfliyi. Bu zərfliklər prosesin, iş və hərəkətin icrasına qarşı, əlamətin meydana çıxmasına güzəştə gedən səbəbi bildirir, nəyə baxmayaraq?, nə olduğu halda? suallarına cavab verir. Qarşılıq-güzəşt zərflikləri feli bağlama və tərkibləri, halda sözünün -dığı4 şəkilçili feli sifətlərə, baxmayarq sözünün yönlük halda olan feli sifət, məsdər və məsdər tərkiblərinə qoşulduğu birləşmələr, çıxışlıq halda olan məsdər və məsdər tərkiblərinə -sa2 şərt şəkilçisinin artırılması ilə formalaşan birləşmələrlə və s. ifadə olunur. Məsələn, 1)Yaz fəsli olmasına baxmayaraq, hava çox soyuq keçirdi. 2) Varisin 25 yaşı olduğu halda, 60 xəzan keçirmiş qocaya bənzəyirdi. 3) Atası dura-dura sən niyə qarışırsan? 4) Başqasının süfrəsinin pişiyi olmaqdansa,öz süfrənin aslanı ol.
XIII MÖVZU: Sadə cümlənin struktur-semantik tipləri
Plan:
1.Üzvlənməyən sadə cümlələr. Söz- cümlə. 2. Üzvlənən sadə cümlələr. Təktərkibli cümlələr: a) Şəxssiz cümlə; b) Qeyri- müəyyən şəxsli cümlə:c) Ümumi şəxsli cümlə; d) Adlıq cümlə 3. Cüttərkibli cümlələr. Bütöv və yarımçıq cümlələr; Nitqin vəziyyəti və şəraiti ilə bağlı cümlə quruluşunun mahiyyəti;
Yarımçıq cümlənin məzmunu və növü;
Replikanın hissəsini təşkil edən cümlələr;
Cavab cümlələr;
Təkrar-sual cümlələr;
Kontekstual yarımçıq cümlələr;
Elliptik yarımçıq cümlələr.
Üzvlənməyən sadə cümlələr. Söz - cümlə
Bildiyimiz kimi, cümlə məna və qrammatik cəhətdən bir- biri ilə əlaqədə olan cümlə üzvlərindən təşkil edilir. Cümlə üzvləri daşıdıqları vəzifəyə, cümlə daxilindəki mövqeyinə görə bir- birindən fərqlənir, müxtəlif suallara cavab olur. Məsələn, Döyüşdən qorxan əsgər cəbhədən qaçmışdı. Bu cümlədə 4 cümlə üzvü işlənmişdir, yəni asanlıqla üzvlənir, hər biri suala cavab verir və sintaktik əlaqəyə girir. Əsgər – mübtəda; qaçmışdı – xəbər ; döyüşdən qorxan – təyin; cəbhədən – yer zərfliyi vəzifəsini icra edir.
Lakin elə sadə cümlələr də vardır ki, onları cümlə üzvlərinə ayırmaq olmur. Belə cümlələr üzvlənməyən cümlələr adlanır. Uzvlənməyən cümlələr daha cox dialoqlarda islədilir. Belə cümlələr söz- cümlə və ya cümlə əvəzləri adlanır. Cümlə əvəzlərinin formalaşmasında söhbətin, dialoqun qurulduğu şəraitin, mətnin özünün, intonasiyanin böyük rolu vardır. Bu əlamətlərdən asılı olaraq, cümlə əvəzlərinin hansı məna daşıdığı, hansı fikrin ifadə olunmasına xidmət göstərdiyi aydınlaşır. Əgər mətn dialoqlar əsasında qurularsa, söz- cümlə başqasının fikrinə danışanın münasibətini, monoloq əsasında qurulursa, öz fikrinə münasibətini bildirir. Söz -cümlələr sual intonasiyasi və sual ədatının iştirakı ilə formalaşan sual cümlələrinə cavab məqsədi ilə işlədilir və bütün cümləni əvəz edir. Cümlə əvəzləri müxtəlif tipli cümlələri, yəni həm təktərkibli, həm də cuttərkibli, həm tabeli, həm də tabesiz mürəkkəb cümlələri əvəz edir. Məsələn, 1) _ Siz iclasa gələcəksiniz ? - Xeyr. 2) _ Sizə soyuqdur? _ Bəli. 3) _ Daha gecdir, atam qayıtmış olar, getmək istəyirəm. _ Hə, əlbəttə. Cümlə əvəzləri ədatlarla, modal sözlərlə, bəzən də nidalarla ifadə olunur, təsdiq, inkar, şübhə, yəqinlik, etiraz, təəccüb, heyrət, əmr və s. mənalar ifadə edir. Az sözlə ifadə olunub dildə qənaətçillik yaradan söz-cümlələri bəzən adlıq cümlələrlə qarışdırırlar. * Adlıq cümlələr müstəqil mənalı isimlər və ismi birləşmələrlə ifadə olunur, söz – cümlələr isə yox. * Adlıq cümlələr mətndən əvvəl işlədilir, adı çəkilən əşya və hadisənin varlığı təsdiq edilir, cümlə əvəzləri isə özündən əvvəlki fikirlə bağlı olub, danışanın həmin fikrə münasibətini ifadə edir.
Dostları ilə paylaş: |