Üzvlənən sadə cümlələr. Təktərkibli cümlələr: a) Şəxssiz cümlə; b) Qeyri- müəyyən şəxsli cümlə:c) Ümumi şəxsli cümlə; d) Adlıq cümlə Cümlə üzvlərinin iştirakına görə sadə cümlələri aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Baş üzvlərin iştirakina görə: 1) cüttərkibli ; 2) təktərkibli;
2) 2-ci dərəcəli üzvlərinin iştirakına görə: 1) müxtəsər; 2) geniş;
3) Baş və 2-ci dərəcəli üzvlərin iştirakına görə: 1) bütöv; 2)yarımçıq.
Baş üzvlərin hər ikisinin iştiraki ilə düzələn cümlələr cüttərkibli, baş üzvlərdən yalnız biri əsasında qurulan cümlələr təktərkibli cümlələr adlanır. Təktərkibli cümlələr içərisində xəbər əsasında qurulan cümlələr daha geniş yayılıb və 3 növü var:
1) Şəxssiz cümlələr; 2) qeyri- müəyyən şəxsli cümlələr; 3) ümumi şəxsli cümlələr.
Mübtəda əsasında qurulan cümlələrə isə daha çox bədii əsərlərdə, başlıqlarda rast gəlinir və adlıq cümlə adlanır.
1) Şəxssiz cümlə. Şəxssiz cümlələrdə mübtəda olmur, təsəvvürə gətirmək də mümkün deyil. Bəzən əşya bildirən (alma, kitab) isimlərlə ifadə edilən mübtədalar, bəzən də əvəzliklə ifadə olunan, lakin cümlədə işlədilməyən mübtədalar yanlış olaraq qəbul edilmir və belə cümlələr də şəxssiz cümlə sayılır. Məsələn, 1) Bu kitab ona babasından qalmışdı. 2) Kinonu çox sevir.
1-ci cümlənin mübtədası əşya məzmunu bildirən kitab, 2-ci cümlənin mübtədası isə asanlıqla artırıla bilən “o” şəxs əvəzliyidir. Belə tipli cümlələrin mübtədası əvvəlki cümlələrdə deyildiyindən təkrara ehtiyac duyulmur. Beləliklə, hər iki cümlə cüttərkibli cümlədir. Şəxssiz cümlələrin xəbərləri həm ismi, həm də feli olur. İsmi xəbərli şəxssiz cümlələrin xəbərləri isimlərlə, bəzən zərflərlə, substantivləşmiş digər nitq hissələri və ismi birləşmələrlə ifadə olunur. –dır4 şəkilçili ismi xəbərlər indiki; idi, imiş köməkçi sözlərlə ifadə olunan ismi xəbərlər keçmiş zaman məzmunu bildirir. Məsələn, 1) Səhərdir. 2) Yayın isti günlərindən biri idi. 3) O zaman bütün Qafqazda qarışıqlıq idi. 4) Uşağın məktəbə gedən vaxtıdır. 5) Bəyin kefi saz idi. Və s.
Feli xəbərli şəxssiz cümlənin xəbərləri daha çox şəxssiz feillərlə, bəzən də şəxssizlik mənası verən digər feillər və frazeoloji birləşmələrlə ifadə olunur. Məs.: 1) Bütün il boyu Kürün suyundan istifadə edilir ( şəxssiz feil). 2) İclasda pambıq yığımından danışılırdı (məchul feil). 3) Nə etməli, nədən başlamalı, fəhlələri necə təşkil etməli (vacib forma).
4)Səfiqulu bəyin ağlı başına gəlmişdi.)frazeoloji birləşmə)
Şəxssiz cümlələrin xəbəri olmaq köməkçi felinin məsdərə, bəzi isim, ismi birləşmələrə artırılması ilə də ifadə olunur: qohumlardan xəbərim olmadı; Onun gəliri ilə məmləkəti satın almaq olar; Çörəyə içilən andı pozmaq olmaz və s.
Şəxssiz cümlənin xəbəri felin məlum növü ilə də ifadə edilir: Sübhə az qalıb; O zamandan çox keçir (Bu cümlələrdə feildən əvvəl vaxtsözü düşməsə idi, cüttərkibli olardı)
Şəxssiz cümlələr həm müxtəsər, həm də geniş olur. Geniş şəxssiz cümlələrin feli xəbərləri vasitəli tamamlıq tələb edir. Məsələn, Belələrinə (kimə? – vasitəli tamamlıq) hər yerdə rast gəlinir. Şəxssiz cümlələr müxtəlif mənalar bildirir ( zaman, hal- vəziyyət, psixoloji).