Mürəkkəb tərzi-hərəkət zərfləri. Mürəkkəb tərzi-hərəkət zərfləri sadə sifət və ya tərzi-hərəkət zərfin təkrarı ilə; təkrar olunan isim və ya sayın arasına -ba(-bə) ünsürünü artırmaqla; birincisi qeyri-müəyyən yiyəlik hal, ikincisi -ı(-i,-u,-ü) mənsubiyyət şəkilçisi qəbul etmiş iki ismin birləşməsi ilə; birincisi adlıq, ikincisi yönlük halda olan iki eyni ismin birləşməsi ilə; iki düzəltmə sifətin və ya zərfin təkrarı ilə; iki ismin təkrarı ilə; çıxışlıq halda olan iki sözün təkrarı ilə; mənaca bir-birinə yaxın iki zərfin, əvəzliyin, ismin və ya hər ikisinin, ya da ikincisinin -sız(-siz,-suz,-süz) şəkilçisi qəbul edib birgə işlənməsi ilə; öz sözünün təkrarı (ikinci yönlük halda) və s. ilə əmələ gəlir. Məsələn, bərk-bərk, məyus-məyus, heyran-heyran, qırmızı-qırmızı, mat-mat, həzin-həzin; taybatay, dalbadal, şəhərbəşəhər; gözucu, gözaltı, sözarası; üz-üzə, baş-başa, göz-gözə; acıqlı-acıqlı, qəmli-qəmli, odlu-odlu, yanıqlı-yanıqlı, yavaşca-yavaşca, arsız-arsız; səssiz-səmirsiz, ac-susuz; lay-lay, qat-qat, dəstə-dəstə, addım-addım; gup-gup (döyünmək), mırt-mırt (danışmaq); birdən-birə, birbaşa, birdəfəlik; öz-özünə, özbaşına; lal-dinməz, qeyri-ixtiyari və s. Cümlələrə nəzər salaq: Mən çox sonralar da öz-özümdən soruşurdum: ... Məhbub xanım sənin anan deyil, bacın deyildi, nə üçün sənin anandan ayrılıb uzaq ellərə getməyini eşidəndə bağınızın qalınlığındakı tut ağacının altına qaçıb gizli-gizli ağlayırdın? (İ. Ə.) Gecədən xeyli keçmiş qapı bərk-bərk döyüldü. (İ.Ş.) Abbas ağlar arsız-arsız, dünya, sənsən etibarsız. (A. T.) Rüstəm kişi acıqlı-acıqlı Yarməmmədə nəzər saldı. (M. İ.) Təbillər vuruldu, əsgərlər səf-səf düzüldü, qoşunlar üz-üzə dayandı. (Az. əfsanələri) Gördüm ki, burada uşaqlar dəstə-dəstə göy otluqda oturub mahnı oxuyurlar. (İ. Ə.) Yabı da bunu vecinə almayaraq, bağda addım-addım gəzib, özü üçün otlayırdı. (İ. Ə.) Onun sağ-salamat qayıtması üçün allaha yalvarırdı, belə anlarda nənəmə yazığım gəlirdi. (İ. Ə.) Nənəm də uzun müştükdəki papirosundan dərin qullab alaraq nə üçünsə atama kinli-kinli baxıb bir söz demirdi. (İ. Ə.) Bizim alt evlərin birində olan Kəklik xalanın oğlanları da yavaş-yavaş işlərinin ucunu bildirirdilər. (İ. Ə.) Ya da iri mis səhəngdə su daşıdığı zaman yenə də acıqlı-acıqlı öz-özünə Kəklik xalanın qarasına deyinirdi (İ. Ə.) Qapı taybatay açıldı, dalbadal atılan güllələr gecənin bağrını dəldi, evdən ucalan vay-şüvən səsinə qonşular tökülüşdü. (İ.Ş.) Birdən-birə özümü son dərəcə məyus hiss elədim. (İ. Ə.) Mən cavab verməyib için-için ağlamağa davam etdim. (İ. Ə.) Səhər durub görürəm ki, at qan-tər içindədi, yalını da xırda-xırda hörüblər. (İ. Ə.) Anam isə qapıya gələn yolçunu (kim olursa, olsun) əliboş qaytarmazdı, xüsusən yetim uşaqlara çox acıyardı. (İ. Ə.)
Zaman zərfi. İş, hal və hərəkətin nə zaman icra olunduğunu bildirir, nə zaman? nə vaxt?, haçan? suallarından birinə cavab verir. Quruluşca sadə, düzəltmə və mürəkkəb olur.