Felin lazım şəkli Felin lazım şəkli iş, hal və hərəkətin icrasının lazımlı olduğunu bildirir. Lazım şəkli feil kökü və əsasına -ası (-əsi, -yası, -yəsi) və şəxs şəkilçilərini artırmaqla formalaşır. Zamana görə dəyişmir, lakin icrası lazım olan işin görülməsi gələcəyə aiddir: oxuyasıyam, alasıyam, gedəsidir və s.
Felin lazım şəklinin aşağıdakı xüsusiyyətləri vardır:
1. Lazım şəkli şəxslər üzrə dəyişir:
Tək Cəm
Mən yaz + ası_+ yam Biz yaz + ası + yıq
Sən yaz +a sı + san Siz yaz +ası + sınız
O yaz + ası + dır Onlar yaz +ası +dır + lar
2. Lazım şəkli inkarda olarkən deyil sözü ilə işlənir. Bu zaman lazım şəkli şəxslər üzrə dəyişərkən şəxs şəkilçisi deyil sözünün sonuna qoşulur: alası deyiləm, gələsi deyillər və s.
3. Felin lazım şəklinin mürəkkəbi idi, imiş, isə köməkçi sözləri ilə formalaşır. Lazım şəklinin mürəkkəbi şəxslər üzrə dəyişərkən şəxs şəkilçiləri idi, imiş köməkçi sözlərinin sonuna, isə köməkçi sözünün əvvəlinə artırılır. Məsələn,
Tək Cəm
I oxuyası idim oxuyası idik
II oxuyası idin oxuyası idiniz
III oxuyası idi - oxuyası idilər
Tək Cəm
I oxuyasıyamsa oxuyasıyıqsa
II oxuyasısansa oxuyasısınızsa (isə)
III oxuyasıdırsa oxuyasıdırlarsa
Lazım şəklinin hekayəsi və rəvayəti müəyyən bir işin keçmişdə icrasının nəzərdə tutulduğunu bildirir. Lazım şəkilli feillər çox zaman olmaq feli ilə işlənir və bu zaman lazım mənası zəifləyir. Elə bil ki, hansısa bir səbəb üzündən danışanın müəyyən bir iş, hal və hərəkəti icra etmək məcburiyyətində qaldığı ifadə olunur. Həm də onun haqqında danışanda əvvəlcədən təsəvvür olmur. Məsələn, Mən daha gedəsi oldum, gəlin halallaşaq.
Felin lazım şəklinin şəkilçisi omonimdir. Bu şəkilçi həm də feli sifət şəkilçisidir: yazılası əsər, alınası hədiyyə və s.
Vacib şəkli. Felin vacib şəkli bu və ya digər işin icra edilməsinin zəruri, vacib olduğunu bildirir. Bu şəklin morfoloji göstəricisi -malı,-məli şəkilçisidir: yaratmalıyıq, yazmalısan və s.
Felin vacib şəkli də zamana görə dəyişmir, ancaq işin icrasının gələcək zamana aid olması şübhəsizdir.
Felin vacib şəklinin xüsusiyyətləri aşağıdakılardır:
1. Vacib şəkil şəxslər üzrə dəyişir:
Tək Cəm
Mən yaz + malı + yam Biz yaz + malı + yıq
Sən yaz + malı + san Siz yaz + malı + sınız
O yaz + malı + dır Onlar yaz + malı +dır +l ar
2. Felin vacib şəklinin inkarı həm -ma2, həm də deyil sözü ilə də işlənə bilir: yazmamalıyam, yazmalı deyilsən və s.
3. Felin vacib şəkli olmaq sözü ilə işlənərək işin icrasındakı vacibliyi zəiflədir. Vacib şəkilli feillər olmaq feli ilə birlikdə icraçının hər hansı bir səbəb üzündən iş, hal və hərəkəti yerinə yetirmək məcburiyyətində qaldığını ifadə edir.
4. Felin vacib şəklinin mürəkkəbi lazım və arzu şəkillərində olduğu kimi idi və imiş köməkçi feilləri ilə yaranır. Vacib şəklinin hekayəsi və rəvayəti müəyyən bir işin keçmişdə icrasının zəruri olduğunu bildirir. Lakin həmin işin icra edilib-edilməməsi məlumat verilən vaxtda danışan və dinləyən üçün məlum olmur. Məs.: Tahir yüyürüb yeddinci cərgənin qurtaracağında yerini tutdu və yalnız indi anladı ki, Lətifəni bu adamlar arasında axtarıb tapmaq üçün çox-çox bundan əvvəl gəlməli imiş. (M.H.) Mən anamın nə üçün qayıtdığının səbəbini aydınlaşdırmalı idim. (S.R.)
5. Vacib şəkli felin əmr şəklinin sinonimi kimi işlənir. Məsələn, Cənab zabit, o qadını bu saat azad etməlisiniz (yəni azad edin).
Müasir Azərbaycan dilində vacib şəklinin bu xüsusiyyəti, yəni əmr şəklinin sinonimi kimi işlənməsi geniş yayılmışdır. Bu, iki şəkildə özünü göstərir: a) vacib şəklinin şəkilçisindən sonra şəxs şəkilçiləri işlənir və əmr şəklinin sinonimi yaranır: İndi mən başıma haranın külünü tökməliyəm (töküm)?
b) Felin vacib şəklinin şəkilçisindən sonra şəxs şəkilçisi işlənmir. Məs.: Hücum! Haydı, irəli getməli, O görünən qalanı fəth etməli. (H.C.) Ah, indi cəza bulmalı İblis, Məhv olmalı, qəhr olmalı İblis! (H. Cavid)
6. Felin vacib şəkli şərt şəklinin sinonimi kimi işlənə bilər: İndi ki, gecəni burada qalmalıyıq, gecəni səhər etmək üçün maraqlı bir söhbət lazım deyilmi?
Felin vacib şəklinin şəkilçisi də omonimlik xüsusiyyətinə malikdir. Belə ki, bu şəkilçi həm də gələcək zaman feli sifət şəkilçisidir: yazılmalı əsər, görülməli işlər və s.