Nitq hissələrinin təsnifini şərtləndirən amillər Nitq hissələri termini yunan dilindən latın dilinə və oradan da rus dilinə keçmişdir. Bizim dilimizdə isə rus dilindən tərcümə olunaraq işlədilir.
Sözlərin nitq hissələri üzrə bölgüsünün tarixi çox qədimdir. Əflatunun (e.ə. 427-348) əsərlərindən məlum olur ki, hələ eradan əvvəl V əsrdə yunan alimləri adlarla feilləri fərqləndirmişlər. Onlar cümlənin məhz adlar və feillər əsasında yarandığını bildirmişlər. Adlar mübtəda, feillər isə xəbər vəzifəsini icra edir (Əflatun).
Aristotel (e.ə. 384-322) yunan dilində üç nitq hissəsi olduğunu bildirmişdir: adlar, feillər və bağlamalar (bağlayıcı, artikl, əvəzlik). Aristotelin fikrincə, adlar zaman anlayışı bildirməyən, feillər isə zaman anlayışı bildirən müstəqil sözlərdir.
Qədim İsgəndəriyyə dövrü qrammatikalarında (e. ə. III-II əsr) Aristarx səkkiz nitq hissəsi müəyyən etmişdir: ad, feil, feli sifət, artikl, əvəzlik, zərf, qoşma, bağlayıcı. İsgəndəriyyə qrammatikləri nitq hissələri adı altında cümləni təşkil edən sözləri nəzərdə tuturdular.
Roma dilçiləri artikli çıxarıb nidanı daxil etmişdilər.
Dilimizdəki sözlər leksik mənalarına, cümlədəki və ya söz birləşmələrindəki vəzifəsinə, aid olduqları qrammatik kateqoriyaların xarakterinə görə bir neçə qrupa ayrılır. Bu xüsusiyyətləri nəzərə alaraq nitq hissələrinə belə bir tərif verə bilərik: Nitq hissəsi ümumiləşmiş qrammatik məna, morfoloji əlamət və sintaktik vəzifəsinə görə fərqlənən söz qruplarına deyilir. Və yaxud sözlərin ümumi qrammatik mənasına görə əmələ gətirdiyi qruplara nitq hissələri deyilir. Morfoloji əlamət sözlərin hallanması, mənsubiyyət, zaman, şəxs, kəmiyyət və s. görə dəyişməsi, sintaktik vəzifə isə sözlərin bir-biri ilə əlaqələnməsi və cümlə daxilində hər hansı bir vəzifə daşıması deməkdir. Deməli, hər hansı bir sözün müəyyən bir nitq hissəsinə aid olması üçün həmin söz leksik məna ilə yanaşı, qrammatik məna da kəsb etməlidir. Qrammatik məna isə əvvəlcə də qeyd etdiyimiz kimi, müxtəlif qrammatik kateqoriyaların maddi əsasını təşkil edən qrammatik formalarla mümkündür. Şəkilçilər, vurğuların dəyişməsi qrammatik mənanın morfoloji ifadə vasitəsi, sözlərin bir-biri ilə əlaqələnməsi, intonasiya və sözlərin sırası isə qrammatik mənanın sintaktik ifadə vasitələridir.
Dilimizdəki nitq hissələrinin hər birinin özünəməxsus müəyyən xüsusiyyətləri vardır. Onların təsnifində leksik, morfoloji və sintaktik prinsip əsas götürülür.
Azərbaycan dilçiliyində nitq hissələri və onların təsnifi, sayı həmişə diqqət mərkəzində olmuşdur. M. Hüseynzadə 1954-cü ildə çap olunmuş “Müasir Azərbaycan dili” kitabında nitq hissələrini müstəqil, köməkçi və ədat olmaqla üç qrupa ayırmışdır. 1960-cı ildə çap olunmuş Azərbaycan dilinin qrammatikası” (I hissə. Morfologiya) kitabında 12 nitq hissəsi göstərilmişdir. Bunlardan isim, sifət, say, əvəzlik, feil və zərf əsas; bağlayıcı, qoşma, ədat, bağlama və modal sözlər köməkçi nitq hissələri sayılmışdır. S. Cəfərov isə sonralar 6 əsas, 3 köməkçi və 1 xüsusi (nida) olmaqla nitq hissələrini 3 yerə bölmüşdür.
M. Hüseynzadə 1983-cü ildə çap olunmuş “Müasir Azərbaycan dili” kitabında nitq hissələrini müstəqil mənalarına, qrammatik formalarına (morfoloji əlamətlərinə) və sintaktik roluna görə əsas, köməkçi və xüsusi olmaqla 3 qrupa bölmüşdür: əsas (isim, sifət, say, əvəzlik, feil, zərf), köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər) və xüsusi (yamsılamalar və nidalar).
A. Qurbanov nitq hissələrini əsas (isim, sifət, say, əvəzlik, feil, zərf); köməkçi (qoşma, bağlayıcı, ədat); qeyri-müəyyən nitq hissələri ( modal sözlər, nidalar, təqlidi sözlər, imperativ sözlər, uşaq sözləri, ritmik sözlər) adı altında qruplaşdırmışdır.
Q. Kazımov lüğət tərkibindəki sözləri iki qrupa bölür: tammənalı sözlər; natamam mənalı sözlər. Q. Kazımov əsas nitq hissələrini (isim, sifət, say, əvəzlik, feil, zərf) tam, köməkçi nitq hissələrini (qoşma, bağlayıcı, ədat, modal sözlər) natamam mənalı sözlər qəbul edir. Bunlardan əlavə, nida, təqlidi və vokativ sözlərin köməkçi nitq hissələrinə yaxın mövqedə olmasını bildirir.
B. Xəlilov nitq hissələrini üç qrupa bölür: əsas (isim, sifət, say, əvəzlik, feil, zərf); köməkçi (qoşma, bağlayıcı, ədat); xüsusi (nida, təqlidi sözlər, modal sözlər).
Leksik-morfoloji mənaya malik olan, morfoloji kateqoriyalar üzrə dəyişə bilən, cümlədə müstəqil sintaktik vəzifə daşıyan, söz yaradıcılığında fəal iştirak edən söz qrupları əsas nitq hissələri adlanır. Onlar əşyanın adını, əlamət və keyfiyyətini, kəmiyyətini, hal və hərəkəti, onun əlamətini bildirir. Müstəqil əsas nitq hissələrinə isim, sifət, say, əvəzlik, feil və zərf daxildir.
Müstəqil leksik məna ifadə etməyən, şəkilçi qəbul edib dəyişməyən, suala cavab verməyən, sintaktik vəzifə daşımayan, söz yaradıcılığında iştirak etməyən söz qrupları köməkçi nitq hissələri adlanır. Köməkçi nitq hissələri sözlər və cümlələr arasında qrammatik əlaqə yaradır (qoşma, bağlayıcı), söz və cümlələrin mənasını qüvvətləndirir, emosional münasibət yaradır (ədat), danışanın ifadə etdiyi fikrə münasibət bildirir (modal sözlər).
Xüsusi nitq hissələri öz xüsusiyyətlərinə görə həm əsas, həm də köməkçi nitq hissələrindən fərqlənir. Onlar əşyaları adlandırmır, hiss, həyəcan ifadə edir və ya müəyyən təbiət səslərini, görünüşünü təqlid edir. Bunlara nida və təqlidi sözlər daxildir. Nida insanın duyğularının: qorxu, nifrət, qəzəb, sevinc, kin və s. ifadəçisidir. Söz yaradıcılığında iştirak etmir, sözlər arasında əlaqə yaratmır.
Təqlidi sözlər və ya yamsılamalar isə obyektiv aləmdəki canlı və cansız varlıqların, əşya və hadisələrin səslərini eşitmə (taq–taqqıltı, fıs – fısıltı, xış – xışıltı və s.), görmə ilə (gildir-gildir ağlamaq, par-par parıldamaq) təqlid edilməsindən əmələ gələn sözlərə deyilir. Ona görə bu nitq hissələri xüsusi adlanır.
Təqlidi sözlərdən dilimizdə geniş şəkildə istifadə olunur. Təqlidi sözlər söz yaradıcılığında fəal iştirak edir. Onun sözyaratma imkanları nida, say və əvəzlikdən üstündür. Təqlidi sözlərdən isim, feil, zərf, sifət və s. düzəlir. Bu sözlərdən -ıltı (-ilti,-ultu,-ültü) şəkilçiləri ilə isim (uğultu, nərilti, pıçıltı, fısıltı, gurultu, xışıltı, xorultu, xırıltı, qaqqıltı, şaqqıltı); -la, (-lə), -ilda (-ildə, -üldə, ulda), -a (-ə), -ır (-ir,-ur,-ür) şəkilçiləri ilə feil (fırıldamaq, partlamaq, qaqqıldamaq, xışıldamaq, xırıldamaq, uğuldamaq, guruldamaq, mızıldamaq, böyürmək, mələmək, ulamaq, bəyirmək, xortlamaq və s.); mürəkkəb zərf (fısıl-fısıl, hav-hav, şaraq-şaraq, pırıl-pırıl, mırt-mırt, şırıl-şırıl, bıldır-bıldır, gup-gup, gumbur-gumbur); feli bağlama (qaqqıldaşa-qaqqıldaşa, böyürə-böyürə, fısıldaya-fısıldaya və s.) yaranır. Bəzi hallarda sifət də yaranır: mızmızı (heç nə ilə razılaşmayan; hər şeyə bir qulp qoyan; həddindən artıq ifrata varan və s.) adam, xorxor yatış (Bizdə bir kişi var, xorxor yatışı var – tapmaca).