Daha ədatı da həmin xüsusiyyətlərə malikdir. Artıq ədatının sinonimi kimi də işlənə bilir. Əsasən, cümlənin əvvəlində, bəzən də ortasında işlənir. Məs.: Daha məndə can qalmadı, O nə xaldı, qoşa düzdürmüsən (Xalq mahnısı). Günlər ötdükcə Lalə daha şən, daha gözəl, daha qəşəng olur. Daha onu seçməyə, onu üzməyə nə var ki. (Az. əfsanələri) Ey Arzu dağı, daha nə qaldı, sən də yanıb kül oldun. (Az. əfsanələri)
2. Sual ədatları: bəs, yəni, məgər, -mı4. Bəzən də ki, axı ədatları da sual məqamında işlənir. Ki sual ədatı kimi işləndikdə, əsasən, cümlənin sonunda işlənir, həm ismi, həm də feli xəbərli cümlələrdə, həm sual əvəzlikləri iştirak edən, həm də etməyən cümlələrdə işlənir. Məs.: Düz deyir, niyə inciyirsən ki? Burada başa düşülməyəcək nə var ki? Axı sən mənə söz verdin? Ay Məhbub xanım, sən hamıdan ayrılıb gedirsən ki? (İ. Ə.) Niyə açdın, ay bənövşə, Dərənin ki yoxdur sənin? Doluxsunmuş gözlərini Görənin ki yoxdur sənin?!
Bəs, məgər (canlı danışıq dilində bəyəm şəklində də işlənir) ədatları cümlənin istənilən yerində: əvəlində, ortasında və sonunda işlənir, sual intonasiyasını artırır: Bəs səninki niyə yoxdur? - deyə pristav acıqlandı (İ. Ə.) Bəs onun ürəyi necə dözürdü ki, özləri belə yeyib-içdikləri halda, vəfat etmiş qardaşının uşaqları o cür olsun? (İ. Ə.)
Şəkilçiləşmiş -mı4 ədatı yalnız bir nitq hissəsinə deyil, bütün nitq hissələrinə aid olub, bitişik yazılır və həmin sözün üzərinə məntiqi vurğu salır. Bu ədatın köməyi ilə sual cümləsi formalaşır. Sual cümləsinin cavab cümləsi də üzvlənməyən cümləni (söz-cümlə) yaradır. Məs.: Gəzməyə gedəkmi? –Yox.
-mı4 sual ədatı poetik fiqurlardan olan ritorik suallı cümlələrin yaranmasında iştirak edir. Ritorik sual cavab almaq məqsədi daşımır. Lirik qəhrəmanın daxili duyğularını daha təsirli şəkildə oxuculara çatdırır. Məs.:
Əzizim, axındımı? Su gəlir, axındımı? Baxın yar gələn yola, Mənzili yaxındımı? (Bayatı) Nəsillərim qoymayacaq daş üstündə daşını, Anam Tomris kəsmədimi başını. (S. V.)