4) Azərbaycan Cəlarilərin hakimiyyəti dövründə (fasilələrlə 1359-1410). Toxtamış və Əmir Teymurun yürüşləri: Hülakü xanın Azərbaycana yürüşü zamanı ölkəmizə gələn tayfalardan biri — Cəlairilər tez bir vaxtda qüvvətlənməyə başladılar. Hakimiyyətə sahiblənmək istəyi onların mübarizəsini daha da gücləndirirdi. Hülakü səltənətinə yiyələnmək uğrunda mübarizədə Çobanilərə məğlub olsalar da, Şeyx Həsən Cəlairi 1340-cı ildə Bağdadda Cəlarilər hakimiyyətini yaratdı. 1357-ci ildə Qızıl Ordu hökmdarı Canı bəy Qızıl Orduya qayıtmalı oldu. İdarəçiliyi oğlu Bərdi bəyə tapşırdı. Bərdi bəy atasının ölüm xəbərini eşidəndən sonra ölkəni tərk etməli oldu. Bu fürsətdən istifadə edən Cəlairi Şeyx Üveys (1354—1374)Azərbaycana hücum edərək 1359-cu ildə ölkəni özünə tabe etdi. Təbrizi paytaxt seçən Şeyx Üveys Şirvanı tutmaq üçün yürüşə çıxdı və bu ərazini də ələ keçirdi. O, mərkəzi idarə sistemini möhkəmləndirərək ölkədə vəziyyəti nizamladı. Cəlari Sultan Əhməd (1382—1410) vəziyyəti düzəltməyə çalışsa da, feodallar arasındakı mübarizə və ölkəyə olan işğalçı yürüşlər ona bu istəyini reallaşdırmağa imkan vermədi. XIV əsrin 80-cı illərindəAzərbaycan Əmir Teymurun və Qızıl Ordu hökmdarı Toxtamış xanın dağıdıcı yürüşlərinə məruz qaldı və onların mübarizə meydanına çevrildi. 1385-ci ildə Əmir Teymur qoşunu ilə Azərbaycana yürüş etsə də, Mərkəzi Asiyada baş vermiş hadisələrlə əlaqədar olaraq yürüşü yarımçıq qoyaraq geri qayıtdı. Bu zaman Azərbaycan Cəlarilər dövlətinin tərkibində idi. Sultan Əhməd Əmir Teymurun yürüşü zamanı ona qarşı müqavimət göstərə bilməyərək Bağdada qaçdı və ölkəni başsız qoydu. Əmir Teymurun geri çəkilməsindən və Sultan Əhmədin Bağdada qaçmasından fürsət kimi istifadə edən Qızıl Ordu xanı Toxtamış xan 1385-ci ildə Azərbaycana hücumu nəticəsində Təbriz və digər əraziləri zəbt edib çoxlu qənimət ələ keçirərək öz ölkəsinə qayıtdı. Azərbaycan 1386-cı ildə Əmir Teymurun birinci - “üçillik yürüşü”nə(1386-1387) məruz qaldı. Bu yürüş zamanı Təbriz şəhəri tutuldu. Cəlairi əmirlərinin əsas hissəsi Bağdada, bir qismi isə Əlincə qalasına qaçdı. “Üçillik yürüşü” nəticəsində, Əlincə qalası istisna olmaqla Naxçıvanadək bütün Azərbaycan torpaqları onun tərəfindən tutuldu. 1386-cı ildə Teymur Qarabağda olan vaxt Şirvanşah I İbrahim qiymətli hədiyyələrlə onun hüzuruna gedərək müqavimət göstərmədən ona itaət etdiyini bildirdi və onunla ittifaq bağladı. Teymur Azərbaycan tutduqdan sonra onun idarəsini oğlu Miranşaha tapşıraraq paytaxt Səmərqəndə geri döndü. Əmir Teymurun Azərbaycanı asanlıqla işğal etməsinin səbəbi – ölkədə ona qarşı müqavimət göstərə biləcək vahid dövlətin olmaması idi. Əmir Teymur “beşillik” yürüş (1392-1397)adlanan 2-ci yürüş zamanı 1392-ci ildə 2-ci dəfə Təbrizə daxil oldu, Gürcüstanı zəbt etdi və Şəki hakimi Seyid Əlini itaətə gətirdi. Lakin Cəlairi əmirləri sığındığı Əlincə qalasını yenə tuta bilmədi. Beləliklə, Əmir Teymurun Azərbaycana ikinci yürüşü nəticəsində də, Əlincə qalası istisna olmaqla bütün Azərbaycanı Teymurilər zəbt etdi. Əmir Teymurun Əlincə qalasını uzun müddət tuta bilməməsinin səbəbi qalanın strateji mövqedə yerləşməsi və yaxşı müdafiə olunması idi. Odur ki, Əlincə qalası Cənubi Qafqazın, o cümlədən Azərbaycanın yerli feodallarının Teymurilərə qarşı mübarizənin əsas dayağına çevrildi. Əlincə qalası 14 il mühasirədə qalandan sonra zəiflədi və 1400-cü ildə süqut etdi. Qalanın süqutunun səbəbi müdafiəçilər arasında birliyin olmaması idi. Azərbaycanda sonuncu istehkamı da fəth edən Teymur bir müddət sonra geri qayıtdı. Əmir Teymur 1405-ci ildə vəfat etdi. Bu zaman Azərbaycanın Şirvana qədər olan əraziləri Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu. Əmir Teymurun ölüm xəbəri Azərbaycanı ələ keçirmək uğrunda mübarizənin yenidən başlanmasına səbəb oldu. Hakimiyyəti yenidən ələ almaq istəyən Cəlairilər və onların müttəfiqi olan Qaraqoyunlular Təbrizə doğru irəlilədilər. Teymurilərin hakimiyyətini zəiflədən bu yürüşlər daha bir yeni dövlətin yaranmasına imkanlar açdı.