3) Monqolların Azərbaycana III yürüşü. Hülakülər (Elxanilər) dövləti: Ön Asiyada, Qafqazda və Kiçik Asiyada hələ də müstəqil fəaliyyət göstərən iri feodal malikanələrinə qarşı Ali monqol xaqanı Münke xan tərəfindən mübarizəyə göndərilmiş monqol şahzadəsi Hülakü xan (1258-1265) 1256-cı ildə Azərbaycanı, 1258-ci ildə Bağdadı istila etdi. 500 ildən artıq hökm sürən Abbasilər xilafəti süquta uğradı. Beləliklə, yeni zəbt edilmiş ərazilər hesabına 5-ci monqol ulusu - Hülakülər (Elxanilər) dövləti (1258-1357) yarandı. Azərbaycan Hülakülər dövlətinin siyasi-inzibati mərkəzinə çevrildi. Müxtəlif dövrlərdə ölkənin paytaxtı Marağa, Təbriz və Sultaniyyə şəhərləri olmuşdur. Arran və Muğan vilayətləri Elxanilər dövlətinin qışlağı, Qarabağ isə yaylağı idi. Hülakü xan geniş əraziyə malik dövlət yaratdıqdan sonra köçəri zadəganlara arxalanaraq dövlətin ali hakimiyyət orqanlarını, hərbi-siyasi idarələri və vilayətləri şahzadələrin və tanınmış əmirlərin arasında böldü. Azərbaycanda köçəri monqol feodalları hakimiyyətə başladılar. Şahzadə Yuşmut Arranın hakimi təyin olundu. Azərbaycanın əksər ərazisində, xüsusilə onun şimal hissəsində monqolların güclü hərbi hissələri məskən saldı. Həmin hərbi qüvvələr Qızıl Ordu xanlarının Hülakülər dövlətinə şimaldan vaxtaşırı hücumlarının qarşısını almağa və sərhədlərin möhkəmlənməsinə xidmət edirdi. Oturaq əhalinin istismarı və yerli feodalların sıxışdırılması nəticəsində Hülakü xan tezliklə iqtisadi cəhətdən güclü və mərkəzləşdirilmiş dövlət təşkil etdi. Lakin belə vəziyyət çox davam etmədi. Hülakü xanın ölümündən sonra mərkəzi hakimiyyətə qarşı mübarizə başlandı. Digər tərəfdən ölkənin xarici vəziyyəti də sabit deyildi. Hülakülər dövləti yarandığı ilk vaxtlardan başlayaraq Azərbaycan ərazisi uğrunda onunla digər monqol dövləti, Cuçi nəslindən olan qızıl ordulular (şimalda) arasında gedən müharibələr ölkənin vəziyyətini sarsıtdı. Azərbaycanı tutmağa can atan Qızıl Ordu xanları dəfələrlə cənuba yürüş etmiş, ölkədə dağıntı törədərək geri qayıtmışdılar. Dağınıqlıq dövrü 1295-ci ildə Qazan xanın (1295-1304) Hülakülər dövlətində hakimiyyətə gəlməsinə qədər davam etdi. Qazan xan yerli feodallara arxalanmaqla köçəri feodalların qüdrətini və iqtisadi qüvvəsini zəiflətmək siyasəti yürütdü. Köçəri əmirlər Qazan xanın siyasətinə qarşı çıxdılar. Lakin Qazan xan bu çıxışları yatıra bildi və mərkəzi dövləti qüvvətləndirdi. Qazan xan din, vergi, rabitə, məhkəmə, torpaq, ticarət islahatları həyata keçirmişdir. Qazan xanın islahatlarının ideoloqu onun baş vəziri Fəzlullah Rəşidəddin olmuşdur. Qazan xan yerli oturaq feodalları və müsəlman din xadimlərini öz tərəfinə çəkmək naminə islam dinini qəbul etdi. Özünə Mahmud adını götürdü. Onun etiraf etdiyi kimi,“bütün əhalinin müsəlmanlığa razı olması və bütpərəstlikdən üz döndərməsi boş uydurma deyildi”. Bu, ciddi siyasi məqsədlər güdürdü. hökmdar pul sikkələrinin üzərinə «Allah, Məhəmməd, Əli» sözlərini zərb etdirdi. Bütxanaları sökdürüb məscidlər inşa etdi. Vergi islahat əsasən vergilərin növü, miqdarı, toplanması üsulu və vaxtı barədə dəqiq qayda-qanun yaratdı. Vergi verənlərin siyahısı tutuldu, hər bir kəndin, şəhərin ödəyəcəyi vergi məbləği böyük lövhələrdə həkk olunub baxımlı yerlərdə nümayiş etdirildi. Qeyri-qanuni vergilərin toplanmasıqadağan edildi. Vergilərin yığılması Baş divanın sərəncamına verildi və vilayət hakimlərinin bu işə qarışması qadağan olundu. Vergi toplanması 3 il müddətinə icarəyə verildi. Vahid rabitə sistemi quruldu Qazan xanın fərmanına əsasən, bütün əsas yollarda hər 3 fərsəxdən (21 km) bir rabitə dayanacaqları - “yam”laryaradıldı. Yamlara əmirlər təyin olundu və onlar lazımi qədər qulluqçularla və atlarla təmin olundu. Elçilərin və yam işçilərinin yerli əhalidən vəsait alması qəti qadağan edildi. Mühüm dövlət sənədləri və məktublar bir yamdan digərinə ötürülməklə ünvana çatdırılırdı. Yollarda karvansaralar tikildi və müsafirlərin rəiyyətin evində qalmaları qadağan olundu. Baş verən özbaşınalığın və rüşvətxorluğun qarşısını almaq üçün məhkəmə islahatı həyata keçirildi. 30 illik iddia sənədləri qanuni qüvvəsini itirdi. «Qazı» (din xadimi) vəzifəsinə ədalətli din xadimləri götürülürdü. Onlardan qanuna düzgün əməl edəcəkləri barədə iltizam alınırdı. Lakin keçirilən məhkəmə islahatı yarımçıq qaldı. 1303-cü ildə Qazan xan hərbi feodal əyanlarınınmənafeyi naminə xüsusi fərman vermişdi. Bu fərmana əsasən dövlət torpaq mülkiyyəti (divani) fondundan onlara iqta hüququnda sahələr verilməyə başlandı. Torpaq sahələri ilə yanaşı həmin ərazidəki kəndlər, suvarma şəbəkələri və s. iqtidarların ixtiyarına keçdi. İqta torpaqları alınıb-satıla, bağışlana, cehiz və ya başqa şəkildə özgəsinə verilə bilməzdi. Yalnız hərbi qulluq göstərənlər iqta ala bilərdilər. İqtalar iqtidarın ölümündən sonra onun hərbi işi davam etdirən xələfinə çatırdı. Ticarətin islahatına əsasən vahid pul, çəki və ölçü sistemi yaradılaraq ticarətin inkişafına imkanlar açıldı. Ticarət mərkəzlərinin, karvan yollarının qorunması üçün xüsusi dəstələr ayrıldı. Bütün bu islahatlar əhalinin vəziyyətini yaxşılaşdırdı. Hülakü dövlətində iqtisadiyyat canlandı. Qazan xandan sonra hakimiyyətə Məhəmməd Olcaytu(1304-1316) gəldi. Onun dövründə dövlət daha da gücləndi. Onun ölümündən sonra feodal ara müharibələri şiddətləndi. 12 yaşlı Əbu Səidin dövlət işlərini müstəqil idarə edə bilməməsi bu prosesə təkan verdi. Elxanilər dövlətinin tənəzzül etməsinin və süqutunun digər səbəbləri ölkədəki dini ayrılıq və monqollar tərəfindən əsarətə alınmış xalqların mübarizəsi ilə bağlı idi. Əbu Səidin (1316-1335) dövründəElxanilər dövlətini bir müddət Əmir Çoban idarə etdi. Bu, feodalların böyük narazılığına səbəb oldu. 1335-ci ildə Əbu Səidin ölümü dövlətin süqutunu daha da sürətləndirdi. Hakimiyyəti ələ keçirmək uğrunda mübarizədə Cəlairilər, Çobanilər, Şirvanşahlarxüsusilə fərqlənirdi. Bu mübarizədə Çobanilər qalib gəldi. Hülakülər dövlətinin tənəzzülü dövründə Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından biri sulduz qəbiləsindən olan Çobanilər idi. Əmir Çobanın nəvəsi Şeyx Həsən Çobani cəlairilərə qalib gələrək Məhəmməd Olcaytunun qızı Satıbəy xatunu padşah elan etdi və dövləti onun adından idarə etməyə başladı. Beləliklə, Azərbaycanda və ona qonşu olan ərazilərdə Çobani feodal qrupunun ağalığı yenidən başlandı. Çobani Məlik Əşrəfindövründə 1344-cü ildə Çobani zülmünə məruz qalan Təbriz əhalisi üsyana başladı. Üsyan çətinliklə yatırıldı. Çobani əmirləri özlərini müstəqil elan etmədilər. Ona görə də qonşu dövlətlər tərəfindən rəsmən tanınmadılar, adlarına xütbə oxutmadılar, sikkə zərb etmədilər. Dövlət fərmanlarını isə Elxani hökmdarlarının adından verdilər. Çobani zülmündən qurtarmaq üçün əhali çıxış yolunu Qızıl Ordu xanına müraciət etməkdə gördü. Qızıl Ordu xanı Canı bəy 1357-ci ildə Təbrizə gələrək Çobanilərin faktiki (real), Hülakülərin formal (rəsmi) hakimiyyətinə son qoydu.