Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə33/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   90
60 saatlıq mühazirələr 2021-2022

Ağqoyunlu dövləti: Xalqımızın təşəkkülündə mühüm rol oynamış oğuz türklərindən olan ağqoyunlular əvvəllər Qafqaz dağları ilə Araz çayı arasındakı Azərbaycan torpaqlarında yaşayırdılar. Erkən orta əsrlərdə Azərbaycanın cənubunda da məskunlaşan ağqoyunlular Dəclə və Fərat çaylarına qədər olan ərazilərə, eləcə də Şərqi Anadoluya qədər yayılmışdı. Sonralar onlar Diyarbəkirdə cəmləşmişdilər. Müxtəlif tədqiqatçılar tayfanın adını onların bayrağında təsvir olunan ağ qoç ilə bağlayırlar. Ağqoyunlulara məxsus qoç formasında tapılan məzar daşları bunu sübut edir. Ağqoyunluların siyasi birliyinin başçısı Bayandur tayfasindan olan Pəhləvan bəy olmuşdur. Mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını isə Qara Yuluq Osman bəy (1394-1434) qoymuşdu. 1453-cü ildə Uzun Həsənin (1453-1478) Ağqoyunlu bəyliyinin başına keçməsi ilə Ağqoyunlular daha da gücləndilər. O ilk addım olaraq Azərbaycanda hakimiyyətə gəlməsindən xeyli əvvəl Trabzon imperiyası (1204-1461) ilə yaxınlaşıb dostluq və qohumluq əlaqələri yaratmış, imperatorun qızı Feodora-Dəspinə xatın ilə evlənmişdi. Bunun nəticəsində geniş ticarət əlaqələri quran Ağqoyunlular Trabzon vasitəsilə Qara dənizə əlverişli çıxış yolu da əldə etmişdilər.  Kiçik Asiyadakı xristian mülklərini ləğv etmək və Şərqdən gələn ticarət yollarına nəzarəti ələ keçirmək istəyən II Mehmet bu dəfə Trabzonu hədəfə aldı. Trabzon məsələsi Ağqoyunlu-Osmanlı münasibətlərini daha da kəskinləşdirdi. Qoyluhisarda Osmanlıların ön dəstələri ilə döyüşə girən Həsən bəy qalib gəlsə də, yaranmış şəraiti düzgün qiymətləndirərək barışığa gəlmək qərarını verdi. Uzun Həsən Sara xatunu sultan II Mehmetin düşərgəsinə göndərərkən onun qarşısına iki çətin vəzifə qoydu: 1. II Mehmeti mümkün qədər Trabzonu fəth etmək fikrindən döndərmək. 2. Osmanli sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmaq. Uzun Həsənin Osmanlı ilə sülh bağlamağa can atmasının səbəbi Ağqoyunluların hələ kifayət qədər güclü olmaması idi. Sara Xatun 1-ci məsələnin öhdəsindən bacarıqla gəldi. Lakin o, 2-ci məsələ olan - Trabzonun işğalı planından II Mehmeti daşındıra bilmədi. 1461-ci ildə Trabzon Osmanlılar tərəfindən tutuldu. Trabzonun fəth edilməsi nəticəsində Ağqoyunlu dövləti müttəfiqini, Qara dənizə yeganə çıxış yolunu və Avropa ilə ipək ticarətindən gələn böyük qazancı itirdi. Qohumluq əlaqələrini əsas gətirən Sara xatun Trabzon xəzinəsinin bir hissəsini II Mehmetdən ala bildi. Azərbaycan uğrunda mübarizədə Qaraqoyunlu Cahanşahı məğlub edən Həsən bəy 1468-ci ildə sonuncu Qaraqoyunlu hökmdarı Həsənəliyə də qalib gələrək Təbrizi tutdu. Beləliklə, paytaxtı Təbriz olan Ağqoyunlu dövləti (1468-1501) yarandı. Diyarbəkirdən Xorasana, Kür çayından İran körfəzinə qədərki ərazilər bu dövlətin tərkibinə qatıldı. Qonşuluğunda yeni dövlətin yaranması ilə barışmaq istəməyən teymuri Əbu Səidin də qüvvələri 1469-cu ildə Muğanda mühasirəyə alınaraq darmadağın edildi. Bundan sonra əsas rəqib Osmanlı imperiyası idi. Şərqdən gələn ticarət yolları bu dövlətin ərazisindən keçirdi. Osmanlı dövlətinin Avropa-Asiya tranzit ticarətinə ağır zərbə vuran gömrük siyasəti Ağqoyunlu hökmdarı Uzun Həsəni narazı salmışdı. Venesiya, Polşa, Macarıstan, Neapol krallığı, Kipr və digər Avropa dövlətləri Osmanlı əleyhinə Ağqoyunlu dövləti ilə diplomatik münasibətlər yaratmışdılar. 1472-ci ildə Venesiya respublikası və Ağqoyunlu dövləti arasında Osmanlı dövlətinə qarşı hərbi ittifaq bağlanmışdır. 1472-ci ilin yazında Ağqoyunlular Osmanlı dövlətinə hücum etdi. Döyüşdə Osmanlı ordusuna qalib gələrək Aralıq dənizi sahillərinə çıxdı. Venesiya Ağqoyunlu dövlətinə odlu silahlar və mütəxəssislər göndərməli idi. Lakin Venesiyalılar verdikləri vədə sadiq qalmayaraq silahları gətirmədilər. Geri dönən Ağqoyunlu qoşunu Beyşehir yaxınlığında Osmanlıların üstün qüvvələri tərəfindən məğlub edildi. 1461-ci il sülhü pozuldu, Ağqoyunlu-Osmanlı müharibələrinin növbəti mərhələsi başladı. İlk böyük döyüş Fərat çayının sahilində 1473-cü il 1 avqustda Malatya yaxınlığında baş verən bu döyüşdə Uzun Həsən Osmanlı ordusunun zərbə qüvvəsini hərbi hiylə ilə Fəratın sol sahilində tamamilə məhv etdi. Ruh düşkünlüyü içərisində geri çəkilən Osmanlıları təqibə başlayan Ağqoyunlu qoşunları 11 avqustda Otluqbeli (Tərcan) adlı yerdə yenidən döyüşə girdilər. Lakin odlu silahın və yeniçəri həmlələrinin əsas rol oynadığı bu döyüşdə osmanlılar üstün gəldi. Buna baxmayaraq, II Mehmet də hərbi əməliyyatları davam etdirə bilmədi və onun Azərbaycanı ələ keçirmək planı iflasa uğradı. Uzun Həsən Gürcüstana da yürüşlər etmişdi. 1477-ci ildə gürcü çarı VI Baqratla bağlanan sülhə görə Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinə birləşdirilmişdi. Sultan Yaqub (1478-1490) qiyam və çıxışları yatırmış, Osmanlı sultanı II Bəyazidlə dostluq münasibətləri yaradaraq əsas diqqətini daxili sabitliyin qorunub saxlanmasına yönəltmişdi. Səfəvilər nəslinin əhali arasında nüfüzunun artmasından və Şeyx Heydərin dövründə Ərdəbil hakimliyinin güclənməsindən narahat olan Sultan Yaqub onu cəzalandırdı. Ərdəbil hakimliyinə məxsus mülklər müsadirə olundu. XV əsrin sonlarında ağqoyunlu şahzadələri arasında başlanan hakimiyyət uğrunda çəkişmələr dövləti zəiflətdi. Qısa müddətdə hakimiyyətdə olmuş Gödək Əhmədin (1497) dövləti xilas etmək təşəbbüsləri də onun öldürülməsi ilə yarımçıq qaldı. Ağqoyunlu şahzadələri arasındakı çəkişmələrə Əlvənd Mirzə Sultan Murad arasında 1500-cü ildə imzalanmış Əbhər sazişi ilə son qoyuldu. Bu saziş ilə dövlətin parçalanması rəsmiləşdirildi. XVI əsrin əvvəllərində Səfəvilərin zərbələri altında Ağqoyunluların hər iki qolu süqut etdi. Qaraqoyunlu və Ağqoyunlu hər iki dövlətdə hökmdar "Padşah titulu daşısa da, bəzi hökmdarlar "sultan titulu da qəbul etmişdilər. Əmir ül-üməra (əmirlər əmiri) hökmdardan sonra dövlətdə mühüm mövqeyə malik olub qoşun başçısı idilər. Sədr-əzəm (baş sədr) müsəlmanların ruhani başçısı idi. Vəqf əmlakına və dini idarələrə rəhbərlik edən sədr-əzəm, həm də vəqfdən gələn gəlirlərə də nəzarət edirdi. Baş vəzir dövlətin gəlirlərini və maliyyə sistemini idarə edirdi. Baş vəzir Ali divana rəhbərlik etdiyindən sahibi-divan da adlanırdı. Ali divan hökmdar yanında sarayda vəzifə tutan əyanlardan təşkil olunan məşvərətçi orqan idi. Kənqaş sülalə üzvlərindən və əmirlərdən təşkil olunan qapalı məşvərət orqanı idi. Dövlətin müharibə, sülh, taxt-taca varislik və s. mühüm dövlət məsələləri burada həll olunurdu. Qaraqoyunlu və Ağqoyunlu sarayında eşikağası, qapıçı, xəzinədar, möhürdar və s. nisbətən aşağı rütbəli məmurlar da var idi. Vilayətlərdə məhkəmə və dini işlərə qazılar baxırdı. Məhkəmələr şəriət qanunlarına əsaslanırdı.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin