1929-cu ildə ərəb əlifbası latın əlifbası ilə əvəz olundu. Əlifba islahatına görkəmli ictimai xadim Səmədağa Ağamalıoğlu başçılıq etmişdi. 10 il sonra isə kiril - rus əlifbasına keçilməsi haqqında qərar verildi. 1935-ci ildə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı təsis edildi. Kimyaçı alimlər neft tullantılarından benzol alınması üsulunu kəşf etdilər. O zamana qədər SSRİ bu qiymətli məhsulu ABŞ-dan baha qiymətə satın alırdı. Alimlərimiz mədən sularından yod alınması üsulunu da kəşf etdilər. Sovet cəmiyyətində hakim kommunist ideologiyası dini dəyərlərin məhv edilməsi və Allahın inkarı üzərində qurulmuşdu. Sovet hökuməti Bakıda ateizmi təbliğ edən “Allahsızlar cəmiyyəti” yaratmışdı. Respublikada bütün məscidlər, kilsələr və digər ibadət evləri kütləvi şəkildə bağlanırdı. Şərq memarlığının incilərindən sayılan Bibiheybət məscidi isə 1936-ci ildə partladılmışdı. 1936-1937-ci illərdə Aleksandr Nevski kilsəsi söküldü.
Tar, saz və kamança kimi milli musiqi alətlərimizə qarşı “mədəni təqib” həyata keçirilirdi. Yalnız Ü.Hacıbəyli, M.Müşfiq, Q.Pirimov kimi ziyalılarımızın böyük səyləri nəticəsində tara bəraət qazandırmaq mümkün oldu. Kommunistlərin xalqımızı dinindən, milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq cəhdləri iflasa uğradı.
1920-30-cu illərdə Azərbaycan Dram (1922), Opera və Balet (1924), Kukla(1931), Gənc Tamaşaçılar (1936), Azərbaycan Dövlət Rus Dram Teatrı (1937) və Musiqili Komediya (1938) teatrları fəaliyyət göstərirdi. Bu dövrdə rəssamlığın inkişafında Əzim Əzimzadə və Rüstəm Mustafayev böyük xidmətlər göstərdilər. Bu dövrdə Azərbaycan heykəltəraşlıq sənəti yarandı. Bakıda böyük şairimiz M.Ə.Sabirə heykəl ucaldıldı. Lakin respublikada daha çox Lenin, Stalin, Kirov, Şaumyan və başqalarına abidələr qoyulurdu.
Dostları ilə paylaş: |