6) 20-30-cu illər Mədəni quruculuq tədbirləri. Sovet hakimiyyətinin mədəniyyət sahəsində əsas məqsədi sosialist dünyagörüşünə malik olan, yeni quruluşa sədaqətli gənc nəsil yetişdirmək idi. Azərbaycanın Moskvaya tabe edilən iqtisadiyyatını inkişaf etdirmək üçün də savadlı yerli kadrlar hazırlamaq lazım idi. Sovet hökuməti 1923-cu ildə “savadsızlıqla mübarizə” kampaniyasına başladı, bazar günü və axşam kursları açdı. Bu kurslarda fəhlələrə əlifba, yazmaq və oxumaq öyrədilirdi. 1920 - 1930-cu illərdə hökumət Azərbaycanda ali təhsilin inkişafı üçün Pedaqoji, Politexnik, Tibb və Kənd Təsərrüfatı institutları açıldı. Bakıda Şərqin ilk konservatoriyası fəaliyyətə başladı. İctimai elmlər sovet ideologiyasının güclü təsirinə məruz qalsa da, 1920–30-cu illərdə bu sahədə bir sıra addımlar atıldı. 1923-cü ildə Azərbaycanı Öyrənən Cəmiyyət vəAzərbaycan ArxeologiyaKomitəsi təşkil olundu. Xocalı-Gədəbəy, Yaloylutəpə, Qızılvəng kimi arxeoloji mədəniyyətlər aşkar edildi. 1929-cu ildə isə Azərbaycanı Öyrənən Cəmiyyətin əsasında Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu(Az.DETİ) yaradıldı. Əslində, Azərbaycan elmi, onun idarəetmə orqanları dövlət strukturunun tərkib hissəsinə çevrilərək, digər sahələrdə olduğu kimi, fəaliyyətini partiya rəhbərliyinin tam nəzarəti altında, onun göstərişləri əsasında qururdu. Sovet hakimiyyəti kütlələrin kommunist ruhlu bədii əsərlərlə “tərbiyələndirilməsini” özünün ideoloji fəaliyyətində başlıca vəzifə elan etmişdi.