1. Liberal model. aşağıdakı cəhətləri ilə səciyyələnir:
a) xüsusi mülkiyyətin iqtisadiyyatda çəkisinin çox olması və üstün mövqe tutması;
b) təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam sərbəstliyini təmin etməklə onların dövlət tərəfindən ola biləcək təsirindən qorunması;
v) dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi;
q) əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsindən dövlətin təcrid edilməsi;
d) sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması; onların işsizliyə və həyat səviyyəsi ən aşağı olan təbəqələrə yönəldilməsi;
e) ümumi milli məhsulda dövlət büdcəsinin xüsusi çəkisinin az olması; sosial məqsədlərə yönəldilən dövlət investisiyalarının və dövlət xərclərinin çəkisinin aşağı olması.
Bu model az və çox dərəcədə xalis formada XX əsrin əvvəllərindən 20-ci illərin sonuna qədər ABŞ-da mövcud olmuşdur. İndinin özündə də ABŞ iqtisadiyyatı bu modelə çox yaxındır.
2. Sosial yönümlü bazar iqtisadiyyatı modelinin əsas cəhətləri aşağıdakılardır:
a) çox və ya az dərəcədə dövlət sektorunun olduğu qarışıq iqtisadiyyatın mövcud olması;
b) nəinki makroiqtisadi proseslərin, hətta bazar subyektlərinin fəaliyyətlərinin ayrı-ayrı sahələrinin dövlət tərəfindən tənzimlənməsi;
v) dövlət tərəfindən əhaliyə qeyri-istehsal sahəsindəki xidmətlərin pulsuz göstərilməsi, ailə gəlirlərindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinin bu xidmətlərdən istifadə etməsi üçün sosial təminat yaradılması, hər bir vətəndaşa pulsuz təhsil, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsinə təminat verilməsi;
q) tənzimlənmənin azad rəqabətin saxlanmasına, kapitalların olduqca az əllərdə cəmlənməsinin qarşısının alınmasına, yeni təsərrüfat obyektlərinin yaradılmasına yönəldilməsi;
d) işsizlərin sayını minimum həddə çatdırmaqla əhalinin məşğulluğunun tənzimlənməsi;
e) ümumi milli məhsulda dövlət büdcəsinin böyük hissəyə malik olması;
j) iqtisadiyyatın büdcə-maliyyə siyasəti ilə deyil, kredit-pul siyasəti vasitəsilə tənzimlənməsi.
Bazarın bu modeli İkinci Dünya müharibəsindən sonra L.Erxard tərəfindən həyata keçirilən iqtisadi islahatlar nəticəsində meydana gəlmişdir. Ona görə də bu modeli çox vaxt alman və ya neoliberal model adlandırırlar.
Sosial-demokrat modeli.
Bu modelin əsas cəhətləri sosial yönümlü bazar iqtisadiyyatı modeli ilə eynidir. Buna baxmayaraq, bu modelin öz xüsusiyyətləri mövcuddur.
Sosial-demokrat modeli üçün dövlət mülkiyyətinin həddən artıq çox olması xarakterikdir. Bazar iqtisadiyyatının bu modeli əsasən İsveçdə öz əksini tapmışdır və ona görə də onu çox vaxt İsveç modeli adlandırırlar. Tarixi inkişafın müxtəlif mərhələlərində bi modelin bir çox cəhətləri digər skandinav ölkələrində, eləcə də İspaniyada, Portuqaliyada, Yunanıstanda öz əksini tapmışdır. Bazarın isveç modeli aşağıdakı cəhətlərlə xarakterizə olunur:
a) əmək münasibətlərinin ümumi milli, ümumi dövlət səviyyəsində tənzimlənməsi (tarif dərəcələrinin, kollektiv müqavilələrin müəyyən edilməsi);
b) dövlətin həyata keçirdiyi sosial siyasətin əhalinin gəlirləri üzrə təbəqələşməsinin azaldılmasını təmin etməsi;
v) ümummilli məhsulda dövlət büdcəsinin çox olması;
q) dövlətin məşğulluq siyasəti, əsasən işçilərin ixtisaslarının artırılması və yenidən hazırlanması hesabına işsizlərin sayını minimum həddə çatdırmağa yönəldilməsi.
Sual olunur: Modellərinin bu 3 növü hansı cəhətlərlə bir-birindən fərqlənir?
Birincisi, mövcud olan mülkiyyətin formaları ilə; liberal model – xüsusi mülkiyyətin üstünlüyü ilə, sosial yönümlü bazar iqtisadiyyatı və bazar iqtisadiyyatının sosial-demokrat modelləri qarışıq iqtisadiyyatla xarakterizə olunur.
İkincisi, dövlətin yeritdiyi sosial siyasətlə; birinci halda o əhalinin müəyyən hissəsinə, əsasən ən az təminatlı hissəsinə yönəldilməsini, ikinci halda - əhalinin bütün hissələrinə, üçüncü halda əhalinin bütün üzvlərinə yönəldilməklə yanaşı, onlar arasında mövcud olan təbəqələşmənin azaldılmasını nəzərdə tutur. Əgər dövlətin sosial xərcləri ABŞ-da ümummilli məhsulda 20 faiz təşkil edirsə AFR-də 28 faiz, İsveçdə 33 faiz təşkil edir.
Üçüncüsü, dövlət tənzimlənməsilə; ikinci və üçüncü modellərdə dövlət tənzimlənməsi daha çox inkişaf edib nəinki makroiqtisadi, hətta mikroiqtisadi səviyyədə də həyata keçirilir.
Dördüncüsü, ümummilli məhsulda dövlət büdcəsi xərclərinin xüsusi çəkisinin müxtəlifliyilə; məsələn, ABŞ-da bu xərclər İsveçə nisbətən çox aşağıdır.
Bazar iqtisadiyyatının 3 modelinin və ya tipinin əsas fərqləndirici xüsusiyyətləri bunlardır.
Bazar təsərrüfatının müxtəlif növlərinin fərqləndirici meyarlarının seçilməsi – dövlət mülkiyyətinin inkişaf səviyyəsi, dövlətin makroiqtisadi və mikroiqtisadi proseslərə müdaxilə dərəcəsi, əhalinin müxtəlif təbəqələrinin sosial müdafiəsinin təmin edilməsində dövlətin iştirakı dərəcəsi, vəsaitlərin dövlət büdcəsi vasitəsilə yenidən bölüşdürülməsi səviyyəsi bir tərəfdən bazarın müxtəlif modellərini ayırmağa, digər tərəfdən isə bazar iqtisadiyyatı tiplərinin ümumi fərqləndirici meyarlarını göstərməyə imkan verir. Belə meyarlar dövlətin iqtisadiyyata və sosial münasibətlərə təsir səviyyəsi ilə müəyyən olunur. Dövlətin iqtisadiyyata təsiri və sosial tələbatların ödənilməsi səviyyəsi liberal modeldən neoliberal və daha sonra isə sosial-demokrat modelinə doğru irəlilədikcə artır. Liberallar belə hesab edirlər ki, dövlət iqtisadiyyata müdaxilə etməməlidir və ancaq sosial ödənişlərin yerinə yetirilməsi ilə məşğul olmalıdır. Real həyatda dövlətin iqtisadiyyata minimum müdaxiləsi və əhalinin ən az təminatlı (işsizlər və s.) təbəqələrinin ehtiyaclarının ödənilməsi baş verir. Sosial yönümlü bazar iqtisadiyyatı şəraitində sosial ödəmələrin əhalinin daha geniş kütləsinə verilməsi nəzərdə tutulur. Bununla belə dövlət müəssisələrinin vəsaitləri və sığorta fondları ilə yanaşı vəsait ayıraraq bu işlərin həyata keçirilməsində yaxından iştirak edir. Sosial-demokrat və ya İsveç modelində əhalinin sosial tələblərinin yerinə yetirilməsində və vəsaitlərin yenidən bölüşdürülməsində dövlətin rolu daha da böyükdür. Sosial problemlərin həll olunması daha da böyükdür.
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının bütün göstərilən modellərində bazar eyni tiplidir və ümumi qanunlar əsasında fəaliyyət göstərir. Bazar iqtisadiyyatının modelləri isə, dövlətin iqtisadiyyata müdaxilə etməsi və əhalinin sosial tələblərinin ödənilməsi səviyyəsi ilə müəyyən olunur. Bununla yanaşı bazar iqtisadiyyatının fəaliyyət göstərməsinə bu və ya digər model öz təsirini göstərir. Məsələn, Almaniya iqtisadiyyatında xırda və orta istehsal ABŞ-a nisbətən daha böyük rol oynayır, burada inhisarçılıq aşağı səviyyədədir. Bu, sosial yönümlü bazar iqtisadiyyatı modelinin tələblərindən irəli gəlir.
Dostları ilə paylaş: |