4. İqtisadi birlik. Beynəlxalq iqtisadi inteqrasiyanın mürəkkəb forması olan iqtisadi birlik ona üzv olan ölkələrdə vahid iqtisadi və valyuta maliyyə siyasətinin həyata keçirilməsinə, sosial-iqtisadi tənzimləmə sisteminin yaradılmasına və vergi sisteminin uyğunlaşdırılmasına əsaslanır. Dünya miqyasında 20-yə yaxın beynəlxalq iqtisadi inteqrasiya birliyi mövcuddur. Bunlara aşağıdakılar aiddir. Qərbi Avropada – Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası; Asiyada – Cənub Şərqi Asiya ölkələri Assosiasiyası, müstəqil Dövlətlər Birliyi, Latın Amerikasında Latın Amerikası İnteqrasiya Assosiasiyası; Afrikada – Qərbi Afrika ölkələrinin İqtisadi Birliyi və Mərkəzi Afrika Gömrük və İqtisadi Birliyi; Neft ixrac edən ölkələr təşkilatı və sairələri göstərmək olar.
Bu birliklərin içərisində ən nüfuzlusu Avropa İqtisadi Birliyidir. Hazırda bu birliyin 15 üzvü vardır. Bu nüfuzlu birliyin Avropa Parlamenti, Avropa Şurası, nazirlər Şurası, Avropa Komissiyası, Avropa Məhkəməsi kimi hakimiyyət orqanları vardır. Avropa İttifaqı adı ilə tanınan bu təşkilatın dünya ölkələrinin inteqrasiyası sahəsində ümumi bazarın yaradılması, birgə iqtisadi siyasətin yeridilməsi, birgə sosial siyasət, Avropa “vahid” bazarın yaradılması kimi sosial-iqtisadi fəaliyyəti də vardır.
Avropa qitəsində digər bir nüfuzlu iqtisadi inteqrasiya forması da Avropa Azad Ticarət Assosiasiyasıdır. Bu birlik İngiltərə, Norveç, Danimarka, Avstriya, Portuqaliya, islandiya və İsveçrənin təşəbbüsü ilə yaradılmışdır. Dünyada mövcud olan digər bir inteqrasiya Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır (QİƏT). Bu təşkilat Türkiyənin təşəbbüsü ilə 1992-ci ildə yaradılmış və Azərbaycan da daxil olmaqla dünyanın 11 ölkəsini birləşdirir. Digər iqtisadi inteqrasiya forması Latın Amerikası Ticarət Assosiasiyasıdır. Əsas məqsəd üzv olan ölkələr arasında bütün tarif və qeyri-tarif məhdudiyyətlərini aradan qaldırmaqdan ibarətdir. Dünya iqtisadiyyatında mövcud olan başqa iqtisadi inteqrasiya forması Cənubi Şərqi Asiya ölkələri Assosiasiyasıdır. ASEAN adlanan bu təşkilatın beş üzvü vardır. Son dövrlərdə dünya ölkələri arasında yaranmış iqtisadi birliklərdən biri də Müstəqil Dövlətlər Birliyidir. Bu birlik keçmiş Sovet İttifaqına daxil olan ölkələr arasında mövcud olmuş əlaqələri qismən bərpa etmək məqsədilə yaradılmışdır.
Coğrafi amillər əsasında yaranmış dünya ölkələri inteqrasiyalarından əlavə qeyri-coğrafi amillər əsasında yaranmış iqtisadi birliklər də mövcuddur. Bunlara İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OSRD), Neft ixrac edən ölkələr Təşkilatı (ORES), İslam Konfransı Təşkilatı və s. göstərmək olar. Bu dünya təşkilatlarının hər birinin məqsədi həmin təşkilata daxil olan ölkələrin qarşılıqlı iqtisadi əlaqələrini yaxşılaşdırmaq, daha səmərəli və faydalı əməkdaşlığı yaratmaqdan ibarətdir.
Beynəlxalq iqtisadi inteqrasiya prosesində iştirak edən ölkələr arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində beynəxalq valyuta mexanizmindən istifadə olunur.
Beynəlxalq valyuta münasibətləri dünya pulunun fəaliyyəti və ölkələr arasında müxtəlif təsərrüfat əlaqələrinə xidmət göstərilməsi ilə əlaqədar olan iqtisadi münasibətləri ifadə edir. Bu münasibətlərin başlıca sosial-iqtisadi funksiyası dünya təsərrüfat çərçivəsində kapitalın geniş təkrar istehsalı üçün zəruri şərait yaratmaqdan ibarətdir. Hazırda elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq dünya ölkələri arasındakı xarici iqtisadi əlaqələr getdikcə artmaqdadır. Bu da həmin ölkələr arasındakı əmtəə və xidmətlərin, kapital ixracının və digər qarşılıqlı mübadilə münasibətlərinin inkişafı ilə əlaqədar valyuta münasibətlərinin də inkişafına səbəb olmuşdur. Valyuta termini italyanca “valyuta” sözündən olub Azərbaycanca “qiymət”, “dəyər” mənasını ifadə edir.
Beynəlxalq valyuta münasibətləri beynəlxalq iqtisadi münasibətlərin əsas formalarından biri olub cəmiyyətin iqtisadi həyatının yüksəlməsində çox mühüm rol oynayan, təkrar istehsal prosesinin sürətlənməsinə və artmasına güclü təsir göstərən iqtisadi amillərdən biridir. Beynəlxalq valyuta münasibətlərinin inkişafında və genişlənməsində bu münasibətlərə daxil olan hər bir ölkənin özünün iqtisadi marağı vardır. Buna görə də hər bir ölkə özünün valyuta siyasətini həyata keçirir. Valyuta siyasəti dövlətin beynəxalq sahədə valyuta, kredit münasibətləri və hesablaşma sahəsində həyata keçirdiyi siyasətdir. Valyuta siyasətinin aparılmasında əsas məqsəd, valyuta resurslarının səfərbərliyə alınması, onların bölgüsü və istifadəsi, beynəlxalq hesablaşmaların və tədiyyə balansının müstəqilliyinin təmin edilməsi, xarici ticarətin kreditləşdirilməsi və xaricdən zəruri kredit resurslarının cəlb olunmasını təmin etməkdir.
Beynəxalq hesablaşmalar pul formasında həyata keçirilərkən bir ölkənin pul vahidi digər ölkənin pul vahidinə qarşı təmsil etdiyi ölkənin valyutası kimi çıxış edir.
Ölkənin milli valyutasının beynəlxalq hesablaşmalarda tətbiq edilməsi və onun xarici pul vahidlərinə mübadilə olunması həmin ölkənin valyuta qanunları ilə tənzimlənir. Başqa bir ölkənin milli valyutasına mübadilə oluna bilən valyuta dönərli (çevrilə bilən) valyuta adlanır. Valyutalar işlənmə qaydasından asılı olaraq üç cür olur:
Tam çevrilən (sərbəst çevrilmə qabiliyyəti olan).
Qismən çevrilən (qismən çevrilə bilən).
Çevrilməyən (çevrilmə qabiliyyəti olmayan).
Elə ölkələr vardır ki, onların valyutaları tam çevrilmə qabiliyyətinə malikdir və buna görə də həmin ölkələrin valyutalarına heç bir məhdudiyyət qoyulmur, sərbəst surətdə çevrilir və onlar sərbəst valyuta adlanır. Bu cür valyutaları icazə olmadan da hər hansı bir ölkənin valyutası ilə dəyişdirmək olar. Bu, valyutanın konsertləşdirilməsi adlanır. Dünyanın 60-dan çox ölkəsinin valyutası sərbəst valyuta adlanır və onlar tam çevrilmə qabiliyyətinə malikdir (bəzi kitablarda “valyutanın çevrilməsi”, “valyutanın dönərliyi” kimi yazılır və bu çaşqınlıq yaratmamalıdır).
Müəyyən sahələrdə dəyişdirilməsinə məhdudiyyətlər qoyulan valyutalar qismən çevrilən valyutalar adlanır. Bu valyutalar yalnız bəzi ölkələrin valyutaları ilə dəyişdirilə bilir. Valyuta qanunlarında dəyişdirilməsinə məhdudiyyətlər qoyulan ölkələrin valyutaları isə çevrilmə qabiliyyəti olmayan valyutalar hesab edilir.
Dünya iqtisadiyyatının sürətli inkişafı və təsərrüfat həyatının beynəlmiləlləşdirilməsi prosesinin güclənməsində Beynəlxalq Valyuta Fondunun və Avropa Valyuta sisteminin təşkil olunması çox mühüm rol oynamışdır. İkinci Dünya müharibəsindən sonra dünya valyuta sistemində meydana gələn çətinlikləri aradan qaldırmaq məqsədilə 1944-cü ildə Beynəlxalq Valyuta Fondu yaradıldı. Bu fond dünya ölkələrinin nüfuzlu valyutalarının konsertləşdirilməsi məsələlərində bir çox çətinlikləri aradan qaldırdı, onların beynəlxalq hesablaşmalarda iştirakını təmin etdi. Eyni zamanda həmin fond valyuta kurslarının dəyişdirilməsindəki çoxlu məhdudiyyətləri aradan qaldırdı. Beləliklə, dünya ölkələrinin milli valyutalarının beynəlxalq dövriyyəyə çıxarılmasının bu ölkələr üçün çox böyük əhəmiyyəti oldu. Belə ki, milli valyutaların beynəlxalq dövriyyəyə çıxarılması Avropanın və dünyanın aparıcı dövlətlərinin istehsalçı və istehlakçılarının sərbəstləşməsinə, ölkə daxilində və xaricində sərfəli bazarların tapılmasında, investisiyaların ölkəyə cəlb olunmasında, azad rəqabət mexanizminin yaranmasında, milli istehsal xərclərinin, istehsal olunan məhsulun keyfiyyətinin, qiymətinin beynəlxalq standartlara yaxınlaşmasında, material, maliyyə və əmək resurslarından qənaətlə istifadə edilməsində çox böyük əhəmiyyət kəsb edir.
Dünya ölkələri milli valyutalarla yanaşı müəyyən beynəlxalq əməliyyatlarda dövlətlərarası iqtisadi təşkilatlar çərçivəsində beynəlxalq hesablaşmaların həyata keçirilməsinə istifadə olunur. Kollektiv valyutaya misal olaraq EKYU-nu göstərmək olar. EKYU 1979-cu ildən başlayaraq Avropa İqtisadi Birliyi tərkibinə daxil olan ölkələrin valyuta bazarında fəaliyyət göstərir, bu birliyin ölkələri arasında hesablaşma vahidi kimi şıxış edir. Hal-hazırda bu birlik çərçivəsində valyuta kimi “avro” çıxış edir.
Beynəlxalq hesablaşmalarda valyuta klirinqindən də istifadə olunur. Valyuta klirinqi-mal göndərilməsi və göstərilən xidmətlərin dəyərindən irəli gələn tələb və öhdəliklərin qarşılıqlı surətdə nəzərə alınmasına dair hökumətlərarası sazişdir.
Beynəlxalq hesablaşmaların maneəsiz aparılması üçün milli valyutanın əvəzində başqa ölkənin valyutası ilə bərabəq miqdarda qızılın alınması zəruridir. Başqa sözlə beynəlxalq hesablaşmalar zamanı bir ölkənin pul vahidi digər ölkənin pul vahidi ilə dəyişdirilməlidir. Bu əməliyyat valyuta məzənnəsi ilə həyata keçirilir.
Valyuta məzənnəsi – bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində ifadə olunan qiymətdir. Məsələn, 1 man. – 0,002 dollar, 1 dollar – 4700 manata bərabərdir, 1 funt sterlinq 2 dollara bərabərdir və s.
Beynəlxalq bazarda valyutaların alqı-satqısı xüsusi valyuta bazarı vasitəsilə həyata keçirilir. Burada tələb və təklifdən asılı olaraq valyuta kursu formalaşır. Dünya ölkələrinin valyutaları, çekləri, vekselləri, akreditivləri vasitəsilə əməliyyat prosesi beynəlxalq iqtisadi münasibətlərin xüsusi sferasını, beynəlxalq valyuta bazarını əmələ gətirir. Valyuta bazarının müəyyən bir məzənnəsi yoxdur. Bu bazarda alqı-satqı əməliyyatları kommersiya bankları və Milli Bank tərəfindən həyata keçirilir. Valyuta bazarı tam rəqabət prinsipi əsasında işləyir. İlk əvvəl ayrı-ayrı ölkələrin milli təsərrüfatı çərçivəsində fəaliyyət göstərən valyuta sistemi dünya kapitalizm sisteminin yaranması ilə əlaqədar olaraq Ümumdünya Valyuta sisteminə çevrilmişdir. Beynəlxalq valyuta sistemi öz inkişafında dörd mərhələdən keçmişdir:
Qızıl standart valyuta sistemi.
Bretton-Vuds valyuta sistemi.
İdarə edilən “üzən” valyuta sistemi.
Avropa valyuta sistemi.
Qızıl standart valyuta sistemi qızıl məzənnəsinin müəyyən edilməsi əsasında təşkil olunmuşdur. Yəni ölkələrin valyutaları arasında nisbət qızıl hesabilə müəyyənləşdirilirdi. Bu sistemin ən xarakterik cəhəti o idi ki, hər bir ölkə xaricə daha çox mal ixrac etməyə və xaricdən daha çox qızıl idxal etməyə çalışırdı. Sonralar XX əsrin 30-cu illərində dünya iqtisadiyyatını əhatə edən iqtisadi böhran nəticəsində qızıl standart valyuta sistemi iflasa uğradı.
Qızıl standart valyuta sistemi iflas etdikdən sonra dünya valyuta sistemini tənzim etmək üçün 1944-cü ildə Bretton-Vuds şəhərində beynəlxalq konfrans çağırıldı. Konfransda köhnə sistemin üstün cəhətləri saxlanılmaqla yanaşı beynəlxalq valyuta sistemində bir çox yeniliklər də edildi. ABŞ dolları və ingilis funt sterlinqi beynəlxalq ödəniş vasitəsi kimi saxlandı, ehtiyat valyutanın qızılla rəsmi məzənnəsi müəyyən edildi, valyuta bərabərliyinin Beynəlxalq valyuta fondu ilə razılaşdırılmış əsaslar üzrə valyutanın qızılla və ABŞ dolları ilə qarşılıqlı eyniləşdirilməsi və dəyişdirilməsi müəyyən edildi.
1950-1960-cı illərdə ABŞ iqtisadiyyatındakı geriləmələr və onun mənfi saldoya malik olan büdcəsinin əmələ gəlməsi və digər beynəlxalq iqtisadi dəyişikliklər Bretton-Vuds valyuta sisteminin də iflasına səbəb oldu. Nəticədə idarə olunan, “üzən”, (yəni qalxıb enən) beynəlxalq valyuta məzənnəsi meydana gəldi. Bu valyuta sisteminin başlıca fərqləndirici cəhəti ondan ibarətdir ki, ona üzv olan ölkələr qəbul edilmiş prinsiplər daxilində “sabit” və ya “dəyişən” məzənnə sistemindən istifadə edə bilərlər. Bu prinsip 1976-cı ildə Beynəlxalq Valyuta Fonduna daxil olan ölkələr konfransında qəbul edilmişdir. Bu sistemin qəbul edilməsi çevik valyuta məzənnəsinin həyata keçirilməsi, tədiyyə balansının mütənasibliyinin təmin edilməsi, beynəlxalq ticarət və maliyyə sisteminin stimullaşdırılması və inkişaf etdirilməsi üçün geniş şərait yaratdı.
Beynəlxalq valyuta sisteminin öz inkişafında keçdiyi dördüncü mərhələ Avropa valyuta sistemidir. Bu sistem Avropa İttifaqı daxilində gedən mürəkkəb danışıqlar nəticəsində 1979-cu ildə mart ayında yaradılmışdır. Elə həmin ildən başlayaraq EKYU bu ittifaqa daxil olan ölkələrin kollektiv valyutası kimi dövriyyəyə buraxılmışdır. EKYU-nun dövriyyəyə buraxılmasında İttifaq ölkələri aşağıdakı məqsədləri qarşısına qoymuşlar.
Avropa Birliyinə daxil olan ölkələrin valyutalarının sabitliyinin saxlanması.
İqtisadi inkişaf prosesində ittifaq ölkələrinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi.
Avropanın ABŞ valyutasının hökmranlığından azad edilməsi.
EKYU kollektiv valyuta kimi dövriyyəyə buraxıldıqdan sonra ondan kredit aləti kimi geniş istifadə olunmağa başlandı. Dünya miqyasında 500-dən çox iqtisadi qurumlar kredit verilməsində EKYU-dan istifadə etmişlər.
Avropa İttifaqı ölkələri son illərdə “Avro”nun dövriyyəyə buraxılması haqqında razılığa gəlmiş və 1 yanvar 2002-ci ildən artıq “avro” banknotları dövriyyəyə buraxılmışdır. Köhnə milli valyutalar isə öz fəaliyyətlərini 1 iyul 2002-ci ildən etibarən dondurmalı olacaqdır.
Azərbaycan Respublukasında milli valyuta olan manat 1992-ci il il avqust ayının 15-də buraxılmışdır. Idarəetmə sahəsindəki təcrübəsizliklərilə əlaqədar olaraq manat sürətlə inflyasiyaya uğrayaraq qiymətdən düşdü. 1994-cü ildə Azərbaycan Respublikasının “Valyuta tənzimlənməsi haqqında qanun”u qəbul edildikdən sonra milli valyutanın tənzimlənməsində müəyyən qayda yaradıldı. Ölkə vətəndaşlarının milli valyutadan istifadə edilməsinə heç bir hədd qoyulmur. Xarici valyutalardan istifadə olunması mexanizminə isə Milli Bank beynəlxalq valyuta məzənnəsi əsasında nəzarət edir, onun işlənmə mexanizmini yaradır.
Dostları ilə paylaş: |