4. Beynəlxalq iqtisadi inteqrasiya və beynəlxalq əməkdaşlıq
XX əsrin ikinci yarısından etibarən inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında təsərrüfat həyatının beynəlmilləşməsi aparıcı mövqe tutmağa başlayır. Beynəlxalq əmək bölgüsünün dərinləşməsi nəticəsində bu ölkələrdə beynəlmiləlləşmə prosesi güclənir və onlar qruplaşıb müəyyən iqtisadi inhisara malik zonaları yaradaraq beynəlxalq inteqrasiya mərkəzlərinə çevrilirlər. Son dövrlərdə dünya ölkələrində məhsuldar qüvvələrin inkişafındakı yeni irəliləyişlər elmi-texniki nailiyyətlərin istehsala geniş tətbiq edilməsi, inkişaf etmiş ölkələrdə bu nailiyyətlərin milli dövlət hüdudlarından kənara çıxması, beynəlxalq inteqrasiya prosesinin yaranmasına və inkişafına gətirib çıxartdı.
“İnteqrasiya” termini latınca “interqatio” sözündən olub Azərbaycan dilində “müxtəlif hissələrin bir tam kimi birləşməsi, bütövləşməsi”, mənasını verir. Beynəlxalq iqtisadi inteqrasiya dünya ölkələri arasında məhsulların və istehsal amillərinin sərbəst hərəkətini, yəni onların istehsal olunduğu və satışa göndərildiyi ölkələrdə heç bir məhdudiyyət qoyulmadan hərəkətinin birgə təmin edilməsi prosesidir. Başqa sözlə, beynəlxalq inteqrasiya əmtəə, xidmət, kapital və istehsalın digər amillərinin dünya ölkələri arasında sərbəst hərəkətinin birgə təmin edilməsidir. Dünya miqyasında bir-biri ilə iqtisadi inteqrasiya əlaqələrinə girən ölkələr bu yolla öz istehsal xərclərini azaltmağa, istehsalın səmərəliliyini yüksəltməyə və bunların nəticəsində də əhalinin ümumi rifah səviyyəsini artırmağa çalışırlar.
Dünya ölkələri arasında beynəlxalq iqtisadi inteqrasiya prosesinin yaranması və inkişafı bir sıra amillərdən asılıdır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
1. Dünya ölkələri arasında beynəlxalq əmək bölgüsünün dərinləşməsi və artması.
2. İstehsalın beynəlmilləşməsinin və kooperasiyalaşmasının güclənməsi.
3. Milli iqtisadiyyatların açıq xarakter almasının sürətlənməsi.
4. Elmi-texniki nailiyyətlərin dünya səviyyəsinə çıxması.
Dünya ölkələri hal-hazırda iki amil üzrə-regionla yaxınlaşma və “beynəlxalq yaxınlaşma” üzrə iqtisadi inteqrasiyaya girirlər. Bunlardan biri coğrafi cəhətdən yaxın olan, nəqliyyat və digər xərclərin az tələb olunduğu ölkələrin inteqrasiya olunduqları coğrafi amildir. Digər cəhət isə dünya ticarətində tətbiq edilən gömrük tarifləri nisbətən məhdud olduqda həmin ölkələr beynəlxalq inteqrasiyaya daha çox meyl göstərirlər.
Beynəlxalq inteqrasiya dünya ölkələri arasında dörd formada həyata keçirilir.
1. Azad ticarət zonaları yaratmaq. Bu, iqtisadi inteqrasiyanın ən sadə forması olub, həmin quruma daxil olan ölkələrin öz aralarında həyata keçirdikləri ticarət əlaqələrində gömrük tariflərinin və digər məhdudiyyətlərin aradan qaldırılmasına əsaslanır. Dünya iqtisadiyyatında azad ticarət zonası ilk dəfə 1960-cı ildə Latın Amerikasında yaradılan LAFTA və İngiltərənin təşəbbüsü ilə eyni vaxtda yaradılan Avropa azad ticarət zonası olan EFTA-dır.
2. Gömrük birliyi. Bu azad ticarət zonasında nisbətən daha geniş yayılmış bir formasıdır və ona üzv olan ölkələr arasında ticarət gömrük məhdudiyyətləri aradan götürülür. Dünya təsərrüfatında ilk gömrük birliyi 1833-cü ildə yaradılmış Alman gömrük birliyidir.
3. Ümumi bazar. Bu, iqtisadi inteqrasiyanın daha mürəkkəb formasıdır. Həmin formada ölkələr arasında gömrük məhdudiyyətləri təkcə ticarət sahəsində deyil, həm də kapitalın və iş qüvvəsinin bu ölkələr arasında hərəkəti zamanı aradan götürülür. Beynəlxalq iqtisadi birliyin ümumbazar formasına misal olaraq 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyini göstərmək olar. Avropa İqtisadi Birliyi (AİB) ilk yaradılarkən, buraya 6 Qərbi Avropa ölkəsi – Belçika, Hollandiya, İtaliya, Lüksemburq, Fransa və AFR daxil idi. Sonradan bu birliyə İngiltərə, Danimarka, Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya daxil olaraq onun hüdudlarını daha da genişləndirirdilər. Ona görə də bu birliyin daha geniş qəbul olunmuş adı “Ümumi Avropa Bazarı”dır. Bu birliyin çərçivəsində sənaye mallarının tarif və miqdar hədləri aradan qaldırılmış, vahid gömrük həddi qoyulmuş və bazara daxil olan ölkələrə xarici rəqabətdən qorunmaq tədbirləri müəyyən edilmişdir. AİB-ə daxil olan ölkələr qarşılıqlı hesablaşmaları həyata keçirmək məqsədilə 1979-cu ildə kolektiv valyutalarını – “EKYÜ”nü (Avropa hesab vahidi) yaratmışlar.
Dostları ilə paylaş: |