Hissələrin təzyiq üsulu ilə bərpası metalın plastiklik xüsusiyyətinə əsaslanır.
Metalların plastikliyi onların müəyyən şəraitdə təzyiq (yük) altında dağılmadan öz forma və ölçülərini dəyişmə qabiliyyətinə deyilir.
Hissələrin plastik deformasiyası soyuq və isti halda preslərdə və xüsusi tərtibatlarda aparılır. Plastik deformasiya zamanı metalın strukturası dəyişmir.
Hissələrin soyuq halda plastik deformasiyaya uğradılması böyük qüvvə tələb etdiyindən, bərpa zamanı hissələri çox vaxt qızdırırlar. Ərimə temperaturunun 0,8-0,9 hissəsinə qədər qızdırmaqla hissələrin bərpası üçün sərf olunan qüvvəni xeyli azaltmaq olar. İsti halda plastik deformasiyadan sonra hissələr təkrar termiki emala uğradılmalıdır.
Nöqsan cəhətlərinə, hissələrin mexaniki xüsusiyyətlərinin dəyişməsi, qızdırıldıqda termiki emalın pozulması, qızdırmaya və sonrakı termiki emala əlavə xərclərin sərf olunması, çatların əmələ gəlməsi ehtimalı aid edilə bilər. Qeyri plastik materialları və möhkəmlik ehtiyatı az olan mürəkkəb konfiqurasiyalı hissələri təzyiqlə bərpa etmək mümkün olmur.
Təzyiqlə bərpa üsulu aşağıdakı məqsədlər üçün istifadə edilir:
1) yeyilmiş səthlərin ölçülərinin bərpasında;
2) deformasiyaya uğramış hissələrin formasının bərpasında;
3) hissələrin materialının mexanki xüsusiyyətlərinin bərpasında.
Hissələrin təzyiqlə bərpası zamanı aşağıdakı tələblər yerinə yetirilməlidir:
hissənin bərpasından sonra onun mexaniki xüsusiyyətlərinn təzə hissədə olduğundan aşağı olmaması;
mexaniki və termiki emal işlərinin həcminn az olmasının təmin edilməsi.
Kimyəvi saf metallar daha böyük plastikliyə malikdir. Metalda müxtəlif legirləşdirici elementlərin olması hissənin deformasiyaya qarşı müqavimətini artırır.
Karbonlu poladları isti halda deformasiyaya uğratdıqda qızdırma temperaturunu 350-650S arasında götürmək məsləhət görülür. Yalnız bu hədlərdə hissənin plastiklik qabiliyyəti yüksək olur.
Hissələrin isti halda təzyiqlə emalı zamanı çəkiclərdən, soyuq halda emalında isə preslərdən istifadə olunur.
Deformasiya prosesindən sonra aparılan işlərə bərpa olunan səthlərin mexaniki emal etməklə tələb olunan ölçülərə çatdırılmasını və lazım gəldikdə termiki emala uğradılmasını aid etmək olar.