Metallaşdırma prosesində hazırlıq işləri. Hissənin bərpa olunan səthinin metallaşdırmaya hazırlanması örtüyün əsas metalla ilişmə möhkəmliyi üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, burada ilişmə başlıca olaraq əsas metalın kələ – kötürlüyü hesabına və müəyyən qədər əsas metalla örtük arasındakı molekulyar qüvvələrin hesabına əmələ gəlir.
Hissənin səthinin metallaşdırmaya hazırlanmasına aşağıdakı əməliyyatlar daxildir: səthin təmizlənməsi və yağsızlaşdırılması, köməkçi mexaniki emal, kələ – kötürlük yaratmaq üçün xüsusi emal, bərpa olunmayan səthlərin izolə edilməsi.
Yeyilmiş səthə düzgün həndəsi forma vermək, çök- dürüləcək təbəqənin minimum buraxıla bilən və bərabər qalınlığa malik olması üçün köməkçi mexaniki emal aparılır. Tam mexaniki emal prosesindən sonra metallaşdırılan təbəqənin qalınlığı silindrik səthlərdə diametr 25 mm-dən 100 mm-ə qədər olduqda 0,5-0,8 mm-dən, müstəvi səthlərdə isə 0,5-1,0 mm-dən az olmamalıdır. Əks halda örtük əsas səthdən qopa bilər.
Hissələrin üz səthlərində metallaşdırılan örtüyün burularaq qopmamasının qarşısını almaq üçün, səthdə ya xəndəkcik, ya da çıxıntı yaradılır.
Hissənin bərpa olunan səthində kələ – kötürlük yaratmaq üçün mexaniki və elektrik emalı üsulları tətbiq edilir. Səthdə yiv açmaq, metal tozu və qum şırnağı üfürməklə istifadə edilən mexaniki emal üsulları ilə yanaşı üzdiyirləmə əməliyyatı da geniş tətbiq edilir.
Metallaşdırılmayan səthlərin izolə edilmiş dəmir vərəqlə, karton və asbest kağızı ilə aparılır. Yuva və pazlar taxta və ya rezin tıxaclarla örtülür.
Bərpa olunacaq səth hazırlandıqdan sonra 2 saatdan gec olmayaraq metallaşdırma prosesi aparılmalıdır.
Örtük metalının əridilmə növündən asılı olarq metallaşdırmanın aşağıdakı üsulları vardır:
- qaz alovu ilə;
-elektrik – qövslü;
-yüksəktezlikli (YTC);
-detenasiyalı və
- plazma qövslü.
Qaz alovu ilə metallaşdırma. Qaz alovu ilə metallaşdırma xüsusi avadanlığın köməyi ilə aparılır, örtük metalı asetilen - oksigen alovunda əridilir, tozlandırma isə sıxılmış hava şırnağı ilə aparılır.
Tozlandırılan material məftil şəklində qaz yandırıcının (qorelkanın) mərkəzi yuvasından verilir və yüksək temperaturlu alov zonasında əriyir.
Məftil diyircəklərlə sabit sürətlə verilir. Aparıcı diyircəklərlə hərəkət metallizator aparatına quraşdırılmış sonsuz vintli reduktor vastəsi ilə verilir.
Qaz alovu ilə metallaşdırmada məftilin əridilməsi və tozlandırılması MQİ-1, QİM-2 və s. tipli qaz metallaşdırıcıları vasitəsilə aparılır. Qaz metallaşdırıcılarının digərlərindən fərqli yanıcı qazı və oksigeni vermək üçün onda iki kanalın olmasıdır.
Məftilin ötürülmə mexanizmi elektrikmetallizatorlarında olduğu kimidir, yalnız fərqi burada iki məftil əvəzinə bir məftilin verilməsidir. Yanıcı qaz kimi asetilen, propan və s. istifadə oluna bilər.
Qaz metallaşdırması elektro – qövs metallaşdırmasına nisbətən bir sıra üstünlüklərə malikdir: Əsas elementlər (C, Mn, Si) az yanır, tozlandırılan hissəciklər kiçik, məsaməlik az, bərklik isə yüksək olur.
Hissələrin metallaşdırılması zamanı havanın təzyiqi asetilendən istifadə edildikdə 0,46 MPa, propan istifadə olunduqda 0,39 MPa götürülür. Tozlandırma məsafəsi 100-150 mm, məftilin diametri 3,17 mm, veriş sürəti 0,77-1.07 m/dəq. qəbul edilir.
Qazalovu ilə metallaşdırmada tozlandırılan material kimi metal tozlarından da istifadə edilir. Metal tozu bunkerdən nəqledici qaz vasitəsilə yandırıcıya (qorelkaya) daxil edilir (şəkil 20.2).
Qaz alovu ilə metallaşdırmanın nöqsan cəhətlərinə hissələrin bərpasının elektrik metallaşdırılmasına nisbətən baha başa gəlməsini, qurğunun mürəkkəb və məhsuldarlığının aşağı olmasını göstərmək olar. Qazalovu ilə metallaşdırmada məhsuldarlıq 2-4 kq/saat təşkil edir.