Azərbaycan intibah mədəniyyəti ( IX - XIII əsrin əvvəlləri)
Azərbaycan hökmdarları maarif və elmin inkişafına qayğı göstərir, qabaqcıl elm adamlarını saraya toplayır, möhtəşəm saraylar, məscidlər, körpülər ucaldır və mədrəsələr açırdılar. Gəncə, Bərdə, Marağa, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və digər şəhərlərində çoxlu məktəb və mədrəsələr fəaliyyət göstərirdi. Məscidlərdə yerləşən ibtidai məktəblərdə - “Qurani-Kərim” öyrədilir və müxtəlif elm sahələrinə dair ilkin məlumatlar verilirdi. Mədrəsələrdə dini biliklər və şəriətlə yanaşı, məntiq, Şərq dilləri və müxtəlif təbiət elmlərinin öyrənilməsinə xüsusi diqqət yetirilirdi.
İslam mədəniyyəti yaradıcılarından biri, VIII - IX əsrlərin böyük ərəb astronomu, təbibi, böyük kimyaçısı Cabir ibn Həyyan (721 - 815) İmam Cəfər Sadiqin şagirdi olmuş, elmi nailiyyətlərinə və kəşflərinə görə sağlığında “Ustadların ustadı” ləqəbini almışdı. Bu görkəmli kimyaçı alim öz dövründə bütün maddələrin, xüsusilə metalların sirlərinə yaxından bələd olub, nəinki öz ölkəsində, bütün Şərqdə və Avropada çox məşhur idi. Əsərləri latın dilinə tərcümə olunaraq Avropa alimlərinin stolüstü kitabına çevrilmişdi. Onun dünya və İslam elminə gətirdiyi yeniliklərin bir hissəsi hətta müasir insanı belə heyrətə gətirir. Bu görkəmli alim:
1. Dünyada ilk dəfə suyu saflaşdırmaq üçün distillə üsulunu tətbiq etmişdir.
2. Antik yunan alimlərinin atomun bölünməzliyi fikrini inkar etmiş, atomun bölünməsinin mümkünlüyünü əsaslandıraraq bu bölünmənin böyük fəlakətlərə gətirib çıxaracağını heyrətamiz şəkildə qabaqcadan söyləmişdi. Alimin fikrinə görə atomun bölünməsi baş tutarsa, o dövrdə dünyanın ən böyük şəhəri olan Bağdad böyüklüyündəki şəhəri bir göz qırpımında məhv etmək mümkündür. Maraqlıdır ki, onun bu ideyası on bir - on iki əsrdən sonra XX yüzillikdə dünya alimləri tərəfindən sübuta yetirilərək həyata keçirilmişdir. 3. Alim laboratoriya şəraitində süni üsulla canlı orqanizmin yaratmağın mümkünlüyü ideyasını irəli sürmüşdür. Bu ideya da yaşadığımız dövrün alimləri tərəfindən həyata keçirilmişdir.
X - XI əsrlərdə yaşamış Mərkəzi Asiyanın türk köklü alimi İbn Sinadır. İbn Sina 980-ci ildə Buxarada doğulmuş, 1037-ci ildə Azərbaycanın Həmədan şəhərində vəfat etmişdir. Onun yaradıcılığının ən məhsuldar dövrü Azərbaycanda keçmişdir. İbn Sina ona dünya şöhrəti qazandıran beş hissəli “Tibb qanunu əsəri”ni Azərbaycanda yazmış, Həmədan şəhərində müalicəxana və aptek açmışdır. Görkəmli Azərbaycan alimi Əbülhəsən Bəhmənyar Azərbaycani onun tələbəsi olmuşdur.
Ömrünün 30 ilini astronomiya elminə həsr etmiş Fazil Fəriddin Şirvani XII yüzillikdə bir neçə qiymətli ulduz cədvəli tərtib etmişdi. Panteist görüşlərinə görə 32 yaşında ruhanilərin fitvası ilə öldürülən Eynəlqüzzat Miyanəçi (1099 - 1131) çox qiymətli fəlsəfi əsərlər qoyub getmişdir. İntibah dövrünün parlaq şəxsiyyətlərindən olan Xətib Təbrizi (1030 - 1109) ilk təhsilini Təbrizdə almış, sonra Suriyanın Numan məscidində dövrün böyük alimi Əbü-l-əla Məərridən bilik aldıqdan sonra Nizamülmülk tərəfindən 1067-ci ildə Bağdadda açılmış “Nizamiyyə” mədrəsəsində 40 ildən çox müddət ərzində dərs demişdir. O, fəlsəfə, məntiq, dil və ədəbiyyat sahəsində çox qiymətli araşdırmalar aparmışdır.
XI - XII yüzilliklərdə təbabət sahəsində məşhur olan Kafiəddin Ömər Osman oğlu Şamaxının Məlhəm kəndində Tibb mədrəsəsi və müalicəxana açaraq insanlara xidmət etmiş və çoxlu təbib yetişdirmişdir. Dövrün tarixçisi Fəxrəddin Əbül Fəzlin yazdığı iri həcmli “Azərbaycan tarixi” adlı əsəri təəsüf ki, bizə gəlib çatmamışdır. Bağdadın Nizamiyyə mədrəsəsində təhsil almış böyük alim və şair Ömər Gəncəvi dilçilik və ədəbiyyatşünaslığa dair qiymətli araşdırmaların müəllifidir. XII - XIII əsrin əvvəllərində Alban mədəniyyətinin görkəmli nümayəndəsi Gəncə sakini Mxitar Qoş (1130 - 1213) Bizans və Alban kilsə qanunları əsasında “Qanunnamə”, “Alban səlnaməsi” əsərlərini qələmə almışdı.
XI - XII əsrlərdə yazıb - yaratmış şair və mütəfəkkirlərin Azərbaycan - türk dilində heç bir əsəri bizə gəlib çatmasa da, mənbələrdəki məlumatlar bu dildə əsərlər yazıldığını sübuta yetirir. XI əsrdə Məsud ibn Namdarın ərəb və əcəm (fars) dilləri ilə yanaşı, türkcə şeirlər yazması haqqında mənbələrdə məlumatlar vardır. Şirvanşah Axsitanın böyük şairimiz Nizamiyə “Leyli və Məcnun” əsərini türkcə deyil, farsca və ya ərəbcə yazmağı sifariş verməsi bu dövrdə türk dilində şeirlər yazıldığını və şairin milliyyətcə Azərbaycan türkü olduğunu bir daha sübuta yetirir. İntibah ədəbiyyatımızın ən görkəmli şairlərindən biri olan Xaqani (1121 - 1199) şeir sənət ocağı Şamaxıda dünyaya göz açmışdır. Kiçik yaşlarından Quranı, dilçilik, ədəbiyyat, fəlsəfə, riyaziyyat və başqa elmləri dərindən öyrənmiş, Şirvanşahların sarayına dəvət almış, ancaq saray həyatına uyğunlaşa bilmədiyindən İraqa və Məkkəyə getmişdir. Kəbə ziyarətindən döndüyü vaxtdan - 1176-cı ildən Təbrizdə yaşamışdır. Xaqani Azərbaycan ədəbiyyatında ilk poema yazan şair kimi məşhurdur. Ondan bizə 17 min beytlik lirik şeirlər divanı və “Töhvətül - İraqeyn” (“İki İraqın töhfəsi”) poeması qalmışdır. Şirvanşah III Mənüçöhrün sarayında Əbülüladan şeir - sənət dərsi almış Fələki Şirvani (1107 - 1147) qısa ömrünü nücum (astrologiya), riyaziyyat elmlərinin inkişafına həsr etmişdir. Onun əsərlərində Şirvanşah III Mənüçöhrün (1120 - 1160) qıpçaqlar və alanlar üzərində qələbəsi, gürcülərlə münasibətlər, Şirvanın şəhərləri və görkəmli şəxsiyyətləri haqqında, hətta dövrün tarixi mənbələrində olmayan məlumatlardan tarixçilərimiz yetərincə yararlanmışlar. XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri Məhsəti Gəncəvi (1089 - 1183) idi. Bu görkəmli qadın sənətkarımızın yaradıcılığının mərkəzində real insan və onun arzuları dayanırdı.
Azərbaycanın intibah ədəbiyyatı Nizami Gəncəvi (1141 - 1209) yaradıcılığı ilə özünün ən yüksək zirvəsinə ucaldı. Ümumdünya mədəniyyətinin ən nadir simaları sırasında öz əzəməti ilə ucalan Böyük Nizami Şərq və dünya poeziyasının inkişafına güclü təkan vermişdir. Azərbaycanın dahi şairi Nizami yaradıcılığının mayası insandır. Nizaminin ölməz beş kitabı - “Xəmsə”si (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) onu dünya mədəniyyətinin dahiləri sırasına çıxardığı kimi, şairi yetirən xalqa da dünya şöhrəti gətirmişdir.
İntibah dövründə Azərbaycan memarlığının dörd əsas məktəbi formalaşmışdı:
Şirvan - Abşeron;Naxçıvan - Marağa;Aran və Eldənizlər dövründə Azərbaycan dövlətinin tərkibində olan İraqi - Əcəm;Qəzvin - Həmədan
Ərəb mənbələrinə görə X əsrdən Azərbaycanın bütün böyük şəhərlərində əzəmətli və gözəl camelər və məscidlər tikilmişdir. Bunlardan dövrümüzədək gəlib çatmış Bakıda indi “Sınıqqala” məscidi və Ərdəbilin Came məscidini göstərmək olar. Bakıdakı Qız qalası, Şamaxıdakı Gülüstan qalası, Ağsu çayı sahilindəki Buğurd qalası, Naxçıvandakı Əlincəqala, Lerikdəki Oğlanqala, Abşerondakı Mərdəkan qalası və digər tikililərin hər biri dünya memarlığının nadir inciləri sayılır. Müdafiə qurğuları içərisində Abşeronda Mərdəkan qəsrini və dairəvi baş bürclü Mərdəkan qalasını xüsusilə qeyd etmək olar. Abşeron abidələri içərisində möhtəşəmliyi ilə seçilən Bakıdakı Qız qalasını memar Məsud Davudoğlu Xəzər sahilində böyük bir qaya üzərində ucaltmışdır. Bu qala 28 metr hündürlüyündədir.
XII əsrdə yaşamış Əcəmi Əbubəkr oğlu tərəfindən 1186-cı ildə Naxçıvanda “Möminə Xatın” türbəsi, Qoşaminarə (1187), Cümə məscidi, Darülmülk (Eldənizlər sarayı) və başqa nadir memarlıq abidələri tikilmişdir. Naxçıvan məktəbi üçün səciyyəvi olan memarlıq üslubunda Marağada Göygümbəz, Urmiyada Üçgümbəz məscidləri ucaldılmışdır. Şəddadi nəslindən olan Azərbaycan hökmdarı Fəzl ibn Məhəmmədin 1027-ci ildə Araz çayı üzərində saldırdığı məşhur Xudafərin körpüsüdür. On beş aşırımlı bu nadir sənət abidəsi əsrlər boyunca Azərbaycanın şimalı ilə cənubu arasında iqtisadi və hərbi - siyasi əlaqələrin qurulmasında mühüm rol oynamışdı. Araz çayı üzərində salınan körpülərdən biri də on bir aşırımlı Xudafərin körpüsü və Qazax bölgəsindəki Qırmızı körpüdür. Uzunluğu 175 metr olan bu möhtəşəm abidə el arasında “Sınıq körpü” adlanır. Belə sənət nümunələrindən biri də Gəncənin məşhur qala qapılarıdır. Gəncə qapılarını Şəddadi nəslindən olan Azərbaycan hökmdarı Əbuləsvar Şavurun göstərişi ilə məşhur usta İbrahim Osmanoğlu 1063-cü ildə düzəltmişdi. Bu nadir sənət incisi dəhşətli 1139-cu il zəlzələsindən istifadə edib Gəncə şəhərinə hücum edən gürcü işğalçıları tərəfindən qənimət kimi aparılmışdır.
XI - XIII əsrin əvvəllərində Azərbaycanda tətbiqi incəsənətin əsas növünü bədii tərtibatlı dulusçuluq (keramika) təşkil edirdi. Beyləqan, Şamaxı, Qəbələ, Gəncə, Naxçıvan, Təbriz bu dövrün əsas dulusçuluq mərkəzləri idi. Azərbaycanın cənubunda bədii keramika məmulatlarında quş təsvirləri üstünlük təşkil edir. XI əsr Ağkənd keramikasının gözəl nümunəsi olub, Londonun Viktoriya və Albert muzeyində saxlanılan boşqab üzərində qartal gerb formasında yüksək sənətkarlıqla təsvir olunmuşdur. 1190-cı ildə Naxçıvanlı usta Osman tərəfindən hazırlanmış və Fransanın Luvr muzeyində saxlanılan bürünc qabın naxışları “Möminə Xatın” türbəsinin naxışları ilə demək olar ki, eyni idi.Xalçaçılıq və bədii üsulla parçaların hazırlanması intibah dövründə Azərbaycanın dekorativ tətbiqi incəsənətində özünəməxsus yer tuturdu. Azərbaycan xalçalarının dünyanın müxtəlif ölkələrinə ixrac olunması haqqında məlumatlar vardır.
Dostları ilə paylaş: |