Azərbaycan Hülakü dövlətinin mərkəzi kimi. Qazan xanın islahatları.
Böyük Monqol xaqanı Münkə xan Orta Şərq ölkələrində möhkəmlənmək və monqol istilasını tamamlamaq üçün qardaşı Hülakü xanı böyük ordu ilə yürüşə yolladı. Hülakü xan 1256-cı ildə Azərbaycan və Aranı ələ keçirdi. 1258-ci ildə Təbrizdən yürüşə çıxaraq Bağdadı tutdu və Xəlifə Mötəsimi qılıncdan keçirərək Abbasi xilafətinin varlığına son qoydu. Hülakü xan Amudərya çayından Aralıq dənizinə, İran körfəzindən Dərbəndədək böyük ərazini qılınc gücünə öz hakimiyyəti altında birləşdirərək beşinci monqol ulusunu - Hülakülər dövlətini yaratdı. Hülakü dövlətinin əsas mərkəzi - metropoliyası Azərbaycan idi. Dövlətin yarandığı 1258-ci ildə ilk paytaxtı Marağa, 1259-cu ildə Azərbaycanın baş şəhəri Təbriz olmuşdur. Hülakü elxanlarının sarayı, dövlətin inzibati, hərbi - siyasi idarəetmə orqanları, xəzinəsi və vergi idarələri Təbrizdə yerləşirdi. Hülakülərin yay iqamətgahı Qarabağda, qış iqamətgahı isə Muğanda idi. Maraqlıdır ki, Səlcuqlular dönəmində türk dövlətlərində rəsmi dil ərəb və fars dilləri idisə, Hülakülər dövründə türk dili dövlət dili mövqeyini qazanmışdı. Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusi Hülakü xanın baş məsləhətçisi, onun oğlu Abaqa xanın vəziri olmuş və hər iki elxanın dövründə ölkəmizin idarə edilməsi işlərinə güclü şəkildə təsir göstərmişdi.
Oturaq əhalini ağır vergi sisteminə cəlb edən Hülakü xan yerli Azərbaycan əyanlarını sıxışdırmağa çalışırdı. Abaqa xanın hakimiyyətinin (1265 - 1282) sonlarında köçəri əyanların hakimiyyət uğrunda mübarizəsi və daxili çəkişmələr Arqun xanın ölümündən (1291) sonra daha da gücləndi. 1295-ci ildə Qarabağda Hülakülər dövlətinin başçısı elan edilən Qazan xan (1295 - 1304) köçəri əyanların üsyan və çıxışlarını yatıraraq mərkəzi hakimiyyəti gücləndirdi.
Qazan xanın qardaşı Sultan Olcaytunun dövründə (1304 - 1316) mərkəzi hakimiyyət xeyli möhkəmləndirilsə də, on iki yaşlı Əbu Səidin dövründə (1316 - 1335) əslində dövlətin idarəsi baş əmir Çobanın ixtiyarına keçdi.
1343-cü ildə Hülakülər dövlətində hakimiyyətə gəlmiş Çobani Məlik Əşrəfin dövründə xalqımız tam bir zülm və dəhşətli qorxu içində yaşamağa məhkum edilmişdi. Hülakü dövləti yaranandan sonra Çingiz xanın vəsiyyətini əsas gətirən Qızıl Orda dövləti onlardan qoparılmış Azərbaycan kimi zəngin ölkənin itirilməsi ilə heç cürə barışa bilmirdilər. Çingiz xanın oğlu Cuciyə məxsus dördüncü ulusun – Qızıl Ordanın ərazisinin bir hissəsinin qoparılaraq beşinci ulusa - Hülakü dövlətinə çevrilməsi bu iki nəhəng güc arasında bir əsrə qədər davam edən müharibəyə səbəb oldu və aparılan savaşlar Azərbaycana böyük fəlakətlər gətirdi. Qızıl Ordanın 1263, 1265, 1288 - 1290, 1335-ci il yürüşləri ona uğur gətirmədi. Məlik Əşrəfin zülmündən baş götürüb Qızıl Ordaya qaçmış din xadimi Bərdəli Mövlana Məhiyəddın Saray Bərkə şəhərində məsciddə vaizlik edirdi. Qızıl Orda hökmdarı Canı bəyin məscidə gəlməsindən istifadə edən Mövlana Çobani Məlik Əşrəfin Azərbaycan xalqına etdiyi zülmdən elə danışdı ki, böyük hökmdar Canı bəy ağlamaqdan özünü saxlaya bilmədi və dərhal qoşun hazırlamağı əmr etdi. Canı bəy Azərbaycana gələndə, Şirvanşah qoşunu da ona qoşuldu. 1357-ci ildə Təbrizə daxil olan müttəfiqlər Azərbaycanda Çobani ağalığına son qoydular və Hülakü dövləti tarixin səhnəsindən silindi.
Qazan xan hakimiyyətdə olduğu qısa vaxt ərzində (1295 - 1304) dövlət idarəetmə sisteminin və cəmiyyət həyatının demək olar ki, bütün sahələrində islahatlar keçirmişdi.
Qazan xan hakimiyyətə gələn kimi ilk olaraq dini islahat keçirtdi və 1295-ci ildə əyanları və ordusu ilə birlikdə İslam dinini qəbul etdi. O, öz türk adına müsəlman adı da əlavə edərək Mahmud oldu. İslam beşinci ulusun - Hülakülərin rəsmi dövlət dininə çevrildi. Qazan xan dini islahat keçirməklə, xristian dövlətlərinin bütün məkrli niyyətlərinin qarşısını aldı. Qazan xanın göstərişi ilə bütün bütpərəst məbədləri, hətta atasının tikdirdiyi məbədlər, habelə kilsə və sinаqoqlar sökülüb yerində məscidlər tikilirdi. Maraqlıdır ki, Qazan xan müsəlmanlıqda olan məzhəb ayrılığına fikir verməyərək imam Hüseynin məzarı ətrafına ağaclar əkdirmiş, buraya hətta su arxı çəkdirmişdir, O, дини islahat keçirməklə hakim zümrə ilə çoxluqda olan müsəlman əhalisi arasındakı ayrı - seçkiliyi aradan qaldırmağa, yerli əyanlar və din xadimləri ilə yaxınlaşmağa çalışmışdı.
Qazan xan və onun baş vəziri Fəzlullah Rəşidəddin dövlətin iqtisadi siyasətini dəyişdirmək üçün ardıcıl islahatlar keçirmişdilər.Qazan xanın 1303-cü ildə verdiyi hərbi iqta torpaqları haqqında qanun onun islahatları içərisində xüsusi yer tutur. Bu qanuna əsasən dövlətə hərbi xidmət göstərən döyüşçülərə iqta torpaqları paylanırdı. Bu torpaqdan gələn gəlir döyüşçünün dövlət xəzinəsindən aldığı məvacibi əvəz edirdi və iqta alan döyüşçü kiçik torpaq sahibinə çevrilirdi. İqta torpağı üzərindəki əkin sahələri, təsərrüfatlar və tikililər də iqtadarın sahibliyinə verilirdi. İqta alan döyüşçüyə orada yaşayan kəndlilərdən dövlətin xeyrinə yığılan bütün vergiləri toplamaq hüququ verilirdi. İqta sahibi həmin torpağı bütün oğullarına deyil, hərbi xidmətdə onu əvəz edəcək oğluna irsən ötürə bilərdi. İqta torpağında yaşayan rəiyyətlər də iqtadarın sahibliyinə keçirdi və bu torpaqlardan başqa yerlərə qaçan rəiyyətlər 30 ildən çox vaxt keçməmişdisə, məcburi qaydada geri qaytarılmalı idi. Döyüşçü iqta torpağını sata və başqasına bağışlaya bilməzdi. Əks halda onu ölüm cəzası gözləyirdi.
Qazan xanın ardıcıl şəkildə həyata keçirdiyi islahatlardan biri də vergi sisteminin yenidən qurulmasını nəzərdə tuturdu. 1303-cü il qanununa əsasən keçirilən vergi islahatına görə rəiyyətdən vergilər yalnız müəyyən olunmuş vaxtlarda yığıla bilərdi. Taxıl vergisi ildə iki dəfə: yazda (21 mart - 11 aprel) və payızda (22 sentyabr - 12 oktyabr) yığılmalı idi. Ölkə üzrə vergi ödəyəcək əhalinin siyahısı tutuldu, vergilərin növləri, miqdarı və ödənilmə vaxtı dəqiq müəyyən olundu. Hər bir kənddə və məntəqədə əhalinin ödəməli olduğu vergilərin miqdarının yazıldığı lövhələr qoyuldu. Dövlət torpaqlarından yığılan xərac vergisi məhsulun 60%-ni, xüsusi sahibkar torpaqlarında isə məhsulun 10%-ni təşkil etməli idi. Əsas dəyişikliklərdən biri isə vergi yığılması işinin mərkəzi divana tapşırılması oldu. İslahata əsasən vergi yığılması işinin iltizama (icarəyə) verilməsi ləğv edilməsə də, bu sahədə qayda - qanun yaradıldı. Bundan sonra vergi yığımı etibarlı və dürüst adamlara iltizama verilirdi və iltizam müddəti üç ildən çox ola bilməzdi.
Azərbaycanda Hülakülər dövründə yarğu və qəza - şəriət adlanan ики ъцр məhkəmə fəaliyyət göstərirdi. Məhkəmələrin tabe olduğu qazı əl-qüzzat (qazılar qazısı) və yarğu məhkəməsinin başçısı olan yarğu əmiri dövlət başçısı elxan tərəfindən təyin olunurdu. Yarğu məhkəmələri Çingiz xanın “Böyük Yasa” adlanan Qanunnaməsi əsasında fəaliyyət göstərirdi. Həmin məhkəmələr orduda, monqolların öz aralarında və monqollarla yerli türk - müsəlman əhalisi arasında mübahisələrə və şikayətlərə baxırdı. Şəriət məhkəmələrinin fəaliyyəti isə islam dininin ehkamlarına və şəriət normalarına əsaslanırdı. Quranın və şəriətin tələbinə uyğun gəlməyən bütün işlər haram hesab olunurdu. Buna əməl etməyənlər cəzalandırılırdılar. Yarğu və şəriət məhkəmələri arasında gedən mübarizə ikincinin xeyrinə qurtardı. Bunun əsas səbəbi Qazan xanın islam dinini qəbul edərək məhkəmə islahatı keçirməsi oldu. Bu islahat ilə yarğunun nüfuzu xeyli sarsıldı və onun rolu şəriət məhkəmələri ilə müqayisədə çox zəiflədi. Qazan xan məhkəmə islahatı keçirməyə başlayanda, Hülakülər dövlətinin məhkəmə sistemində çoxlu qanunsuzluq, özbaşınalıq və rüşvətxorluq hökm sürürdü. Ən dəhşətlisi onda idi ki, məhkəmələrdə saxta sənədlərin tərtib olunması və yalançı şahidlərdən istifadə edilməsi adi hala çevrilmişdi. Qazan xan ilk növbədə dövlətin bütün ədliyyə işlərinə nəzarət etməli olan baş qazını, habelə vilayət və iri şəhərlərin qazılarını təyin etdi. Fərmana görə, qazılar ən ləyaqətli şəxslərin içərisindən seçilməli və onlar şəriət qaydalarını dərindən bilməli idilər. Məhkəmə işlərinə başçılıq edən qazılar bütün vergi və mükəlləfiyyətlərdən azad olunurdular. Qazan xan rüşvətxorluğun qarşısını almaq üçün qazıların ehtiyaclarına uyğun vəsaitin xəzinədən ödənilməsinə sərəncam vermişdi. Qazılar şəriət qanunlarına ciddi əməl etmələri haqqında yazılı iltizam verməyə borclu idilər. İslahata görə 30 ildən çox tarixə malik məhkəmə iddiaları qanunsuz elan olunurdu. Məhkəmə qərarlarının düzgün verilməsini təmin etmək üçün verilən qərarlar və onların verilmə vaxtı xüsusi dəftərlərdə dəqiqliklə qeydə alınırdı. Həmin dəftərlərdə qeydiyyatı aparan və bu işdən məsul olan şəxslərin bilərəkdən və ya bilməyərəkdən təhriflərə yol verməsi cinayət hesab olunur və ölüm hökmü ilə cəzalandırılırdı. Qazan xan ictimai asayişi təmin etmək üçün çox ciddi addımlar atmış, şəhərlərdə mübahisə və dava - dalaşın baş verməsinin əsas səbəbi hesab etdiyi şərab içilməsini qəti qadağan etmişdi. Nəticədə dava - dalaş və mübahisələrə son qoyuldu. Beləliklə, Qazan xanın məhkəmə islahatının tam şəkildə həyata keçirilməməsi haqqında tarixşünaslığımızda olan fikirlər heç bir sənədlə təsdiq olunmur.
Qazan xanın 2 il ərzində həyata keçirdiyi rabitə islahatı ilə dövlətin vahid rabitə sistemi yaradıldı. Ölkənin əsas yollarında hər üç fərsəxdən (20 - 21 km) bir rabitə dayanacaqları olan yamlar təşkil olundu. Hər bir yama əmir təyin edilərək onların ixtiyarına lazımi sayda işçi (çapar, qasid və xidmətçi), minik heyvanları (at və s.) və qoşqu vasitələri verildi. Rabitə (poçt) islahatının ən mühüm cəhəti onda idi ki, bundan sonra əhali üzərindən yam (yüklərin əhalinin hesabına daşınması) və poçt mükəlləfiyyəti götürüldü və yam xidməti dövlətin vəsaiti hesabına həyata keçirilirdi. Qazan xan ticarətin inkişafını təmin etmək üçün ölkədə vahid pul, sabit çəki və ölçü sistemi yaratdı. Pul dövriyyəsində olan dirhəmin gümüş dəyəri 3,072 qramdan azaldılaraq 2,304 qram saf gümüşə bərabər tutuldu. Daha böyük pul vahidi olan dinar isə dirhəmin 6 mislinə (13,827 qr. saf gümüş) bərabər oldu. Saxta pul kəsilməsinin qarşısını almaq üçün pulun üzərində 3 gizli hərf işarəsi qeyd olunurdu.Qazan xanın islahatları Hülakülərin nəzarət etdiyi Azərbaycanda və digər ərazilərdə uzun müddət davam edən böhrandan xilas olmaq üçün atılan çox mühüm tədbirlər sistemi kimi qiymətləndirilməlidir. Xəzinənin mədaxili artdı. Dövlətin maliyyə vəziyyəti nisbətən yaxşılaşdı. Dövlət gəlirləri 17 milyon dinardan artaraq 21 milyon dinara yüksəldi.
Qazan xanın ölümündən sonra (1304) yeni iqtisadi xətti onun baş vəziri Rəşidəddin davam etdirirdi. 1318-ci ildə əzir F.Rəşidəddinin hərbi - köçəri əyanlar tərəfindən öldürülməsindən sonra islahatın əleyhinə olan qüvvələr dövlət siyasətini dəyişdirməyə nail oldular. Bunun nəticəsində də Hülakü dövləti özünün sonuncu tənəzzül mərhələsinə daxil oldu və 1357-ci ildə Qızıl Ordanun zərbələrinə davam gətirməyərək çökdü.
Dostları ilə paylaş: |