MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Toxtamış və Teymurun Azərbaycana yürüşləri. Şirvanşah I İbrahim



Yüklə 418,25 Kb.
səhifə30/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   26   27   28   29   30   31   32   33   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Toxtamış və Teymurun Azərbaycana yürüşləri. Şirvanşah I İbrahim

Hülakü dövlətinin süqutundan sonra Azərbaycanın cənub hissəsi 1359-cu ildə Cəlairilər tərəfindən ələ keçirilmiş, 1367-ci ildə isə Şirvanşahlıq onlardan asılı vəziyyətə düşmüşdü. Lakin Cəlairilər Azərbaycanda tam möhkəmlənə bilmədilər. 1385-ci ildə Qızıl Orda xanı Toxtamış 100 minlik qoşunla yürüşə başlayıb, Dərbəndi və Şirvan vilayətini ələ keçirdikdən sonra Təbriz şəhərini mühasirəyə aldı. Təbriz əhalisindən 250 qızıl tümən bac alsa da, onun vədinə aldanan əhalinin silahı yerə qoymasından istifadə edib şəhərə soxuldu. Toxtamış 8 gün ərzində Təbrizdə əhalini qırdı və var - dövlətini talan etdi. Marağa, Mərənd və Naxçıvanı da qarət edən Toxtamış 200 min nəfər əsirlə Qızıl Ordaya qayıtdı.

1386-cı ildə isə Azərbaycan Şərqin ən böyük fatehlərindən biri olan Əmir Teymurun hücumuna məruz qaldı. Birinci yürüş zamanı (1386 - 1388) Sultaniyyə, Təbriz, Naxçıvan və digər şəhərləri ələ keçirən Teymur Toxtamışdan fərqli olaraq kütləvi qırğınlar törətməmiş, şəhərləri dağıdıb yerlə - yeksan etməmişdi. Əksinə o, Dərbəndin qala divarlarını təmir etdirmiş və Beyləqanda abadlıq işləri gördürmüş, Araz çayından bura su çəkdirmişdi. Teymur Azərbaycanın və ona qonşu olan vilayətlərin idarəsini oğlu Miranşaha tapşırmışdı. Atasından fərqli olaraq Miranşah əyləncə düşkünü olduğundan dövlət işlərində və idarəetmə sahəsində bacarıqsızlığı ilə ad çıxartmışdı. Onun idarəçiliyi dövründə Azərbaycanda heç bir qayda - qanuna əməl olunmurdu. Mənbələrə görə bir bina belə ucaltmayan Miranşah tərəfindən Sultaniyyə şəhərində dünyanın ən gözəl binaları yerlə - yeksan edilmişdi. Təsadüfi deyil ki, 1399-cu ildə Əmir Teymurun üçüncü yürüşü zamanı onun fəaliyyətini xüsusi komissiya vasitəsi ilə yoxlatdırmış, üzə çıxarılan dəhşətli faktlar əsasında oğlu Miranşahı cəzalandırmasa da, onun əyləncə dostlarının hamısına edam cəzası vermiş, Miranşahdan bol - bol hədiyyələr almış əyanların malını - mülkünü müsadirə etdirmişdi.

Əmir Teymur Azərbaycanı və ona qonşu olan bölgələri əldə saxlamaq məqsədilə təşkil etdiyi ikinci yürüş zamanı, 1392-ci ildə Təbriz şəhərinə yenidən yiyələnmişdi. Sultan Əhməd Cəlairinin xəzinəsinin saxlandığı Əlincə qalasını isə 14 illik ağır mühasirə şəraitindən sonra Teymur yalnız üçüncü yürüş zamanı, 1400-cü ildə ələ keçirə bilmişdi. Azərbaycan Əmir Teymurun Toxtamışa qarşı apardığı mübarizədə əsas strateji məntəqə rolunu oynayırdı. Bu işdə onun ən yaxın müttəfiqi isə Şirvanşah I İbrahim idi.

Çobani və Cəlairi hakimiyyəti dövründə Şirvanşah Huşəngin yeritdiyi yarıtmaz siyasət, xalqın dinc həyatının pozulması və Cəlairilərdən asılılıq Şirvanda üsyana səbəb olmuş və Şirvanşah Huşəng öldürülmüşdü. Nəticədə 1382-ci ildə Şirvanşahlar sülaləsinin Dərbənd qolundan olan İbrahim taxta çıxarılmışdı. Beləliklə, Şirvanda Dərbəndilər sülaləsinin hakimiyyət dövrü (1382 - 1538) başlamışdı. Şirvanşah I İbrahim (1382 - 1417) Teymur və Toxtamış arasında bölgə uğrunda gedən amansız rəqabətdən Vətənimiz Azərbaycanın şimal torpaqlarını böyük dağıntılardan xilas etmək və Şirvan taxt - tacını qoruyub saxlamaq üçün istifadə etməyə çalışırdı. Əmir Teymurun birinci yürüşü başlayanda öz baş vəzirindən “nə edək?”- sualına belə cavab almışdı: “Görünür qaçıb dağda gizlənməkdən başqa çarəmiz qalmamışdır. ” Ancaq I İbrahim ilk öncə Şamaxıda Teymurun adına xütbə oxutdurdu, pul kəsdirdi və hədiyyələrlə Qarabağda onun görüşünə getdi. Bu görüşün böyük tarixi əhəmiyyəti oldu. Teymur onu Şirvanın hakimi kimi tanıdı, şimal sərhədlərinin təhlükəsizliyinin qorunması kimi mühüm vəzifəni də ona həvalə etdi. Bu addımla Əmir Teymur Toxtamışa qarşı mübarizədə sədaqətli müttəfiq, I İbrahim isə Əmir Teymur kimi güclü dayaq qazandı. I İbrahim bu yolla Şirvanşahlığın ərazisinin toxunulmazlığına nail oldu, ölkəsinin iqtisadiyyatını və əhalisinin asayişini qoruyub saxlaya bildi. Tarixi sənədlərin təhlili göstərir ki, Əmir Teymurla Şirvanşah arasında vassallıq münasibətlərindən daha çox müttəfiqlik olmuşdur. Çünki Şirvanşahlığın Əmir Teymura bir vassal kimi bac ödəməsi haqqında tarixdə heç bir məlumata rast gəlinmir. I İbrahimə çox böyük rəğbətlə yanaşan Əmir Teymur hətta ayrıca bir fərmanla (qızıl yasa) övladlarına da Şirvanşahın və onun varislərinin hakimiyyətini qoruyub saxlamağı tapşırmışdı. Maraqlıdır ki, Əmir Teymur I İbrahimə övladlarından başqa bir kimsəyə layiq bilmədiyi “oğlum” - deyə müraciət edirdi. Öz dikbaşlığı və özbaşına qərarlar verməsi ilə tanınan Miranşah( onu Şərqdə “ilanşah” adlandırırdılar.) atasının böyük müttəfiqi olan Şeyx İbrahimlə yola getməsə də, heç zaman onunla münasibətləri pozmağa cəsarət etmirdi.

I İbrahim 1387-ci ildə Miranşahla, 1395-ci ildə isə Teymurla birlikdə Toxtamışa qarşı yürüşlərdə öz qoşunu ilə iştirak etmiş və qələbə nəticəsində əsas düşməni olan Toxtamış sıradan çıxarılmışdı. I İbrahim Əmir Teymurun 1399 - 1402-ci illərdə Osmanlı Sultanı Bəyazid üzərinə Kiçik Asiya yürüşlərində də iştirak etmişdi. I İbrahimin Cənubi Qafqaz bölgəsində böyük siyasi nüfuza sahib olması və yeganə liderə çevrilməsi onunla sübut olunur ki, Əmir Teymur Əlincə qalasının müdafiəsində ona qarşı vuruşan Seydi Əlinin oğlu Seydi Əhmədi I İbrahimin xahişi ilə Şəki vilayətinə hakim təyin etmişdi. O, Əmir Teymurun əsas düşmənlərindən biri olan Gürcü çarı VII Georginin bağışlanmasına da nail olmuş və Əmir Teymur onu öz vassalı kimi tanımışdı.

Şirvanşah I İbrahim əlverişli tarixi şəraitdən bacarıqla istifadə edərək Gəncəni və Qarabağı öz şahlığına birləşdirmişdi. Teymurun ölümünə qədər onunla müttəfiqliyə sadiq qalan I İbrahim Teymur öləndən sonra siyasətini dərhal dəyişmişdi. O, 1405-ci ildə öz müttəfiqləri ilə Teymuri Ömərin qoşununu Kür çayı sahilindəki döyüşdə məğlubiyyətə uğratmışdı. 1406-cı ildə Təbriz əhalisinin Teymurilərə qarşı üsyanından istifadə edərək Təbrizə daxil olmuş və əhali onu hörmətlə qarşılayaraq Təbriz hakimi kimi tanımışdı. Lakin Cəlairi Sultan Əhməd və Baharlı Qara Yusifin Təbrizə yaxınlaşması xəbərini alıb, şəhəri tərk etmişdi.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin