Azərbaycan torpaqlarının Osmanlı və Rus işğalından azad edilməsi uğrunda mübarizə. Rəşt, Bağdad və Gəncə müqavilələri. Azərbaycan Səfəvi hökmdarı II Şah Təhmasib (1722-1732) dövlətimizi və xalqımızı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün ixtiyarında olan bütün qüvvələri topladı. Şah qoçaqlığı və döyüşkənliyi ilə ad-san qazanmış və Əfşar soyundan olan hərbi birləşmələri öz ətrafında sıx birləşdirən, özünü şahın şərəfinə «Təhmasibqulu xan» adlandıran Nadir xanı öz tərəfinə çəkərək, hətta onu bütün Səfəvi qoşunlarının başçısı təyin etmişdi. Şahın əmri ilə Nadir xan Əfşar 1729-cu ildə İsfahanı əfqanlardan geri aldı. Bu qələbə Nadir xanın şöhrətini xeyli artırdı. Şah Təhmasib isə 1730-cu ildə əvvəl Təbriz, sonra isə Ərdəbil şəhərlərini osmanlı qoşunlarından azad etdi. 1731-ci ildə II Təhmasibin İrəvan və Naxçıvanı geri qaytarmaq uğrunda Osmanlı ilə apardığı savaş uğursuzluqla nəticələndi. Osmanlılar yenidən Təbriz və Ərdəbili ələ keçirdilər. 1732-ci ilin yanvar ayının 16-da II Şah Təhmasib Kirmanşahda osmanlılarla sülh müqaviləsi bağlamağa məcbur oldu. Sülhə görə Şamaxı, Gəncə, Kartli-Kaxetiya və İrəvan Osmanlıda qalırdı, Araz çayı sərhəd olmaqla Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz Səfəvilərə qaytarılırdı.
1732-ci ilin yanvar ayının 21-də Səfəvilərlə Rusiya arasında bağlanmış Rəşt müqaviləsinə görə Rusiya müqavilənin mətni təsdiq ediləndən 5 ay sonra Kür çayından cənubdakı Xəzərsahili vilayətləri Səfəvilərə qaytarırdı. Rusiya Kürdən şimaldakı Xəzərsahili bölgələri isə yalnız Osmanlının tutduğu bütün əraziləri Səfəvilər geri alandan sonra qaytarmağı öhdəsinə götürürdü. Əvəzində Səfəvilər rus tacirlərinə Azərbaycanda və digər yerlərdə gömrüksüz ticarət hüququ verirdi və şah gürcü çarı VI Vaxtanqın taxtına qayıtmasını təmin etməli idi.
Nadir xanın savaşlarda böyük şöhrət qazanması, hərbi və dövlətə aid digər idarə işlərində Şah II Təhmasiblə məsləhətləşmədən özbaşına qərarlar verməsi siyasi böhrana səbəb oldu. Dövlətin bütün əsas hərbi gücünü əlində toplayan Nadir xan Kirmanşah sülhündən narazı qaldığını bəhanə edərək 1732-ci ilin avqustun 22-də II Şah Təhmasibi taxtdan saldı və onun 3 aylıq bələkdə olan oğlunu III Abbas adı ilə şah elan etdi. Bundan sonra Nadir xan yeni şahın vəkili kimi dövləti təkbaşına idarə etməyə başladı. Nadir xan 1733-cü ildə Bağdad döyüşündə osmanlılara qalib gəldi. Onlarla bağladığı Bağdad müqaviləsinə görə osmanlılar son on ildə Səfəvilərdən qopardıqları bütün torpaqları geri qaytarmalı və dövlətlərin sərhədləri 1639-cu il müqaviləsinin şərtləri daxilində bərpa edilməli idi. Ancaq osmanlılar bu müqaviləyə qismən əməl etdilər. Nadir xan 1734-cü ildə Şirvana yürüş etdi, Şamaxını osmanlılardan geri aldı və şəhər əhalisinin bir hissəsini Ağsu çayı sahilinə köçürtdü.
Nadir xan 1735-ci ildə Gəncə şəhərini mühasirəyə aldı. Rus topçuları da Gəncə üzərinə yürüşdə Nadir xanın qoşununa köməklik göstərirdilər. 1735-ci il martın 21-də Novruz bayramı günü Nadir xan rus səfiri Qolitsinlə Gəncə müqaviləsini bağladı. Müqaviləyə görə rus qoşunları Bakını 2 həftəyə, Dərbəndi 2 aya tərk edib getməli idi. Tərəflər söz verirdilər ki, bir-birindən xəbərsiz Osmanlı ilə heç bir danışıq aparmayacaqlar.
Azərbaycan Nadir şahın hakimiyyəti dövründə. Nadir xan əski türk ənənələrinə uyğun olaraq 1736-cı ilin fevral ayında Muğanda böyük bir qurultay çağırdı. 26 fevral 1736-cı ildə Nadir xan Əfşarın tərəfdarlarının üstünlüyü ilə keçən qurultayda III Abbasın ölüm xəbəri, taxtdan düşürülməsi və Nadir xanın şah elan edilməsi haqqında qərar verildi. Beləliklə, Azərbaycan dövlətində Əfşarlar sülaləsinin hakimiyyət dövrü başladı. Nadir şah taxta çıxandan sonra Səfəvilərin dövründə mövcud olan Şirvan, Qarabağ, Təbriz və Çuxur Səəd bəylərbəyiliklərini bir inzibati vahiddə birləşdirərək bütün Azərbaycanın, habelə Gürcüstan və Dağıstanın idarəsini qardaşı İbrahim xana tapşırdı. Qacar soyundan olub, Gəncə-Qarabağ bəylərbəyiliyini idarə edən Ziyadoğlu soyu Nadir xanı deyil, Səfəviləri qanuni şah kimi tanıdığına görə onların hüquq və səlahiyyətlərini azaltdı. 1744-cü ildə Qazax və Borçalı mahallarını Gürcüstan valisi Səfi xanın idarəsinə verdi, Qarabağdakı 5 xristian məlikliyini isə birbaşa şah idarəçiliyinə tabe etdi. Ziyadoğluların əsas dayağı olan Cavanşir, Otuziki, Kəbirli mahallarının əhalisini isə Xorasana sürgünə göndərdi.
Nadir şah bütün türk və müsəlman dünyasında mövcud olan məzhəb ayrılığına son qoymaq üçün çox ciddi addımlar atmağa başlamışdı. Nadir şahın 1736-cı ildə Osmanlı dövləti ilə sülh danışıqlarında şiəliyin daha mülayim Cəfəri məzhəbinin sünnülüyün beşinci qolu kimi tanınması və Kəbədə bu məzhəb üçün də yer ayrılması təklifi Osmanlı din xadimlərinin yığıncağında qəbul edilmədi.
Nadir şah xarici dövlətlərin hərbi təcavüz təhlükəsinin qarşısını almaq üçün İran körfəzində və Xəzər dənizində hərbi donanma yaratmağa təşəbbüs göstərmişdi. Hələ 1734-1735-ci illərdə Nadir xan İran körfəzində hərbi donanma yaradılması işini admiral rütbəsi verdiyi Lətif xana tapşırmışdı. Ona ingilis və hollandlardan hərbi gəmilər satın almaq səlahiyyəti vermişdi. Ölkəmizdə hərbi gəmilər düzəldilməsi üçün ağac materialının az və dəniz sahillərindən uzaqda olması bu işi çox çətinə salmışdı. Nadir şah 1743-cü ildə ingilis kapitanı Con Eltonu dövlətin gəmiqayırma idarəsinin baş rəisi vəzifəsinə təyin edərək ona admiral rütbəsi vermişdi. C.Elton Xəzər dənizində gəmilərin inşasına başlamışdı.
Dostları ilə paylaş: |