MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Nadir şahın hakimiyyətinə qarşı üsyan və çıxışlar



Yüklə 418,25 Kb.
səhifə39/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   35   36   37   38   39   40   41   42   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Nadir şahın hakimiyyətinə qarşı üsyan və çıxışlar. Nadir şah Əfşarın hakimiyyəti dövründə müharibə xərclərinin artması şəraitində vergilərin çoxluğu, məmurların özbaşınalığı və rəiyyətin hərbi işə cəlb edilməsi Azərbaycanın ayrı-ayrı bölgələrində narazılıq və üsyanlara səbəb olmuşdu. 1738-ci ildə Car və Tala bölgələrində baş vermiş üsyanı yatırmaq üçün 30 minlik ordu ilə yola çıxan Azərbaycanın hakimi və şahın qardaşı İbrahim xan uğursuzluğa düçar olaraq öldürüldü. Apardığı qoşundan isə 7-8 min nəfəri güclə canını qurtara bildi. Nadir şahın göndərdiyi qoşunlar yalnız 1741-ci ildə üsyanı yatırdı, iştirakçılara divan tutuldu və onların bütün yurd yerləri talan edildi.

1743-cü ildə Şirvanda Nadirin vergi siyasətindən narazılıq üsyana səbəb oldu. Üsyana özünü Şah Hüseynin oğlu kimi qələmə verən Sam Mirzə başçılıq edirdi. O, ətrafına 20 mindən çox silahlı qüvvə toplaya bilmişdi. Lakin üsyan hökumət qüvvələri tərəfindən amansızlıqla yatırılmışdı. Həmin il Şirvanda II yalançı Sam Mirzənin başçılıq etdiyi üsyan da Nadir şahın qüvvələri tərəfindən yatırıldı və üsyançılara amansız divan tutuldu.

1743-cü ildə Azərbaycanın şimalında Nadir şaha qarşı genişlənmiş xalq hərəkatında Şəkidə baş vermiş üsyan xüsusilə fərqlənir. Nadir şah ali zümrə və əhali içərisində böyük nüfuza malik Hacı Çələbinin Şəki vilayəti üzrə vəkil təyin etmişdi. Şahın fərmanına görə məlik Nəcəf vəkilin razılığı olmadan əhali üzərinə vergi qoya bilməzdi. Hacı Çələbi məlik Nəcəfin qanunsuz işlərinin qarşısını almağa cəhd göstərəndə, məliyin şikayəti ilə şah hər ikisini yanına çağırmış və Hacı Çələbinin asılmasını əmr etmişdi. Boynunda kəndir Hacı Çələbi məliyin bütün qanunsuz işlərini qorxmadan bir nəfəsə Nadir şaha bildirmişdi: “... Şahdan bir qulluq gəlsə, məlik dörd-beş qulluq da onun üstünə qoyub rəiyyətə həvalə eylər. Mən deyirəm ki, şah məni vəkil edibdir. Qoymaram ki, şahın rəiyyətini əbəs yerə xərab eləyəsən. Məlik bu səbəbdən xilaf yerə ərz eylər. Rəiyyət padşahın ixtiyarındadır.” Nadir şah Hacı Çələbinin cəsarətinə heyrətlənib demişdi: “ Mənim hüzurumda bir kimsənin həddi yoxdur ki, nəfəs çəkə. Şəkili Çələbi nə cürət sahibi varmış ki, boğazında kəndir cürət eləyib bu ərzləri mənə elədi. Heç sözündə yanılmadı. Əlbəttə, bundan bir xəta əmələ gələcək. Mənim zənnim xəta olmaz.”

Hacı Çələbi bütün tərəfdarlarını ətrafına toplayıb üsyan qaldırdı, məlik Nəcəfi devirərək öldürdü və Şəki vilayətini müstəqil xanlıq elan etdi. 1744-1746-cı illərdə Hacı Çələbi “Gələsən-Görəsən” qalasında müdafiəyə çəkildi. Nadir şahın qalanı almaq üçün təşkil etdiyi iki yürüş boşa çıxdı. İki ildən çox davam edən üzücü savaşdan sonra Hacı Çələbi Nadir şahın hakimiyyətini tanıdığını bildirdi. 1747-ci ildə Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi ilə onun qurduğu nəhəng imperatorluq dağıldı və Azərbaycan çox çətin və mürəkkəb siyasi dağınıqlıq dövrünə daxil oldu.

Oxu materialları:

1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, M.Q.Abdullayevin elmi redaktorluğu ilə, Bakı, 2019, s.146-157.

2. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı, 1996, 2009.

3. Рахмани А.А. Азербайджан в конце XVI и в XVII вв. Баку, 1981

4. Петрушевский И.П. Очерки по истории феодальных отношений Азербайджана и Армении в XVI – начале XIX вв. Л., 1949.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin