Təbriz xanlığı. Xanlığın əsası XVIII əsrin ortalarında Əmiraslan xan tərəfindən qoyulmuşdu. Təbriz Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizənin mərkəzinə çevrildiyindən Fətəli xan Əfşar bu xanlığı özünə tabe etmişdi. Lakin onun ölümündən sonra,1763-cü ildə Təbriz xanlığı yenidən müstəqilləşmişdi. Xanlıq inzibati cəhətdən Təbriz, Güney və Mərənd mahallarına bölünürdü. Xanlıq 10 min nəfərdən ibarət daimi qoşuna malik idi.
Qaradağ xanlığı.Qaradağ xanlığı Nadir şahın ölümündən sonra yaranmışdı. Kazım xan (1748-1752) xanlığı müstəqil idarə edirdi. Xanlıq 2 min nəfərlik qoşuna malik idi. Kazım xan 1752-ci ildə Şəki xanı Hacı Çələbiyə qarşı təşkil olunmuş “Qızılqaya xəyanəti”ndə iştirak etmişdi. 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş hərbi qüvvələri tərəfindən tutulandan sonra xeyli zəifləmişdi. 1791-ci ildə Ağa Məhəmməd xan Qacar tərəfindən tabe edilmişdi.