Naxçıvan xanlığı. 1747-ci ildə Kəngərlisoyundan olan Heydərqulu xan (1747-1764) keçmiş Çuxur Səəd bəylərbəyiliyinə düşən, Zəngəzur dağlarından Araz çayı vadisinədək ərazidə müstəqil Naxçıvan xanlığının yarandığını elan etdi. O, Qarabağ hakimi Pənahəli xanla dostluq münasibətləri saxlayırdı və onun dostcasına xahişi ilə 1752-ci ildə Hacı Çələbi xana qarşı “Qızılqaya xəyanətində” iştirak etmişdi.
Heydərqulu xanın ölümündən sonra Qarabağlı İbrahimxəlil xan Xoy hakimi Əhməd xanla ittifaqa girərək 1787-ci ildə Naxçıvan xanlığına hücum təşkil edərək Naxçıvan qalasını ələ keçirmiş, Сəfərqulu xanı devirərək hakimiyyətə Abbasqulu xanı gətirmişdi. Lakin İbrahimxəlil xan xanlığı tərk edən kimi Cəfərqulu xanın qardaşı Kəlbəli xan hakimiyyəti ələ keçirərək özünü xan elan etmişdi. Çox cəsarətli və uzaqgörən dövlət xadimi olan Kəlbəli xanın dövründə (1787-1820) xanlıq xeyli güclənmişdi. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Şimali Azərbaycana yürüş edərkən Kəlbəli xan formal olaraq onun tabeçiliyini qəbul etmişdi. Ancaq Ağa Məhəmməd xan Qacar onu silah gücünə tabe edə bilməyəcəyini başa düşdüyündən hiyləyə əl atmışdı. Tiflis səfərindən geri qayıdarkən daxildə ona dərin nifrət bəsləyən Kəlbəli xanı çox mötəbər şəxs kimi düşərgəsinə dəvət etmişdi. Qacar dərhal kor etdirdiyi Kəlbəli xanı Tehrana həbsxanaya göndərmişdi. Lakin 1797-ci ildə Qacar hökmdarı Fətəli şah Kəlbəli xanı onun xəzinəsinə müəyyən xərac ödəmək şərtilə Naxçıvanın hakimi kimi tanımışdı. 1820-ci ildə artıq qocalmış Kəlbəli xan siyasətdən çəkilərək xanlığın idarəsini oğlu Ehsan xana tapşırmış və Məkkəyə Həcc ziyarətinə getmişdi.