MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Mir Mustafa xanın dövründə



Yüklə 418,25 Kb.
səhifə52/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   48   49   50   51   52   53   54   55   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Mir Mustafa xanın dövründə (1786-1814) Lənkəran xanlığı xeyli güclənmişdi. 1795-ci ildə xanlıq Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qalmışdı. Mir Mustafa xan Qacar təhlükəsinə qarşı Rusiyadan kömək almaq üçün öz nümayəndələrini Peterburqa göndərmişdi. Mir Həsən xanın dövründə (1814-1826) xanlıq Rusiya tərəfindən işğal olunsa (1812-1813-cü illərdə) da, xan hakimiyyəti bir qədər gec - 1826-cı ildə ləğv edilmişdi.

Azərbaycan xanlıqlarının xarici siyasəti. Xanlıqların xarici siyasətinin əsas məqsədi qonşu xanlıqlar və bölgənin aparıcı dövlətləri ilə münasibətlər qurmaqdan və hər bir xanlığın müstəqil yaşaması üçün əlverişli beynəlxaq təhlükəsizlik şəraiti yaratmaqdan ibarət idi. Azərbaycanın cənubunda Urmiya xanlığı, şimalında isə Quba xanlığı öz xarici siyasətlərində digər xanlıqları da tabe etmək yolu ilə Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək məqsədini ön plana çəkmişdi.

Fars Kərim xan Zənd Səfəvi sülaləsinin nümayəndələrindən biri olan III İsmayılı şahlıq taxtına oturdaraq Azərbaycanın cənub xanlıqlarını tabe etmək uğrunda mübarizəyə başladı. Türk soyundan olan Həsən xan Qacar 1755-1759-cu illərdə keçmiş Səfəvi torpaqlarında ali hakimiyyət uğrunda savaşda Kərim xan Zəndi məğlubiyyətə uğratsa da, onu siyasi səhnədən tamamilə sıxışdırıb çıxara bilmədi. 1763-cü ildə Kərim xan Zənd qarabağlı Pənahəli xan, qaradağlı Kazım xan, xoylu Şahbaz xanın köməyi ilə Urmiya xanlığını ələ keçirdi. “Şiraz qonaqlığı” adı ilə Azərbaycan xanlarını girov götürdü. Lakin Kərim xan Zəndin Azərbaycanın şimal xanlıqlarını ələ keçirmək cəhdləri nəticəsiz qaldı. Kərim xan Zəndin siyasətində Qarabağdan sonra Quba xanlığı mühüm yer tuturdu. Çünki Qubalı Fətəli xan bir tərəfdən Azərbaycan xanlıqlarını dövlətinə birləşdirməklə xeyli güclənmişdi, digər tərəfdən Fətəli xan öz dövləti üçün güclü dayaq axtarışlarında Rusiya ilə yaxın münasibətlər qurmağa çalışırdı. Kərim xan Zənd Qubaya tez-tez elçilər göndərir və dinc yolla Fətəli xanı tabe etməyə çalışırdı. Quba xanlığı üzərinə təcavüzkar yürüşləri uğursuz bitdiyindən 1775-1776-cı illərdə Kərim xanla Fətəli xan arasında elçilər mübadiləsi oldu. Kərim xan Zənd siyasətini dəyişərək öz müttəfiqi olan Gilan hakimi Hidayət xanı Quba xanlığı üzərinə yürüşə təhrik etmişdi. Hidayət xan bəzi Azərbaycan və Dağıstan hakimlərinin köməyi ilə 1778-ci ildə Salyan və Cavadı ələ keçirmişdi.

Qafqaz uğrunda Rusiya imperiyası ilə XVIII əsrdə dəfələrlə savaşa girmiş Osmanlı imperiyası Rusiya təcavüzünə qarşı Azərbaycan xanlıqlarından ibarət müsəlman dövlətləri ittifaqı yaratmağa çalışırdı. Osmanlı dövləti 1770 və 1771-ci illərdə bu məqsədlə daha güclü olan Quba xanlığına xüsusi elçilik də göndərmişdi. Ağır 1774-cü il Kiçik-Qaynarca sülhündən sonra Osmanlı dövlətinin bölgədə fəallığı bir qədər artmışdı. Osmanlı hökumətinin Azərbaycan xanlarına göndərdiyi məktublarda Rusiyanın bölgə ilə bağlı təcavüzkar niyyətləri açıqlanır və bu təcavüzə qarşı birləşəcək «din qardaşlarına» lazımi maliyyə yardımı göstəriləcəyi xüsusi vurğulanırdı. Azərbaycan xanlıqları da Rusiyanın təcavüzkar siyasətinə qarşı mübarizədə Osmanlı imperiyasının himayəsinə sığınmağa çalışırdılar.

1783-cü il Georgiyevsk müqaviləsi ilə Rusiyanın himayəsinə girmiş Kartli–Kaxetiya çarlığı bölgədə Rusiyanın təcavüzkar siyasətinin təmsilçisinə əsas alətinə çevrilməyə başlamışdı. Rusiyadan hər cür maliyyə, hərbi yardım alan və bu güclü dövlətin hərbi-siyasi nüfuzuna arxalanan Kartli-Kaxetiya çarlığı 1783-cü ildən Azərbaycan xanlıqlarının daxili işlərinə müdaxilələri gücləndirməyə başlamışdı. 1784-cü ildə Cənubi Qafqaza İstanbuldan göndərilən 60 nəfərlik nümayəndə heyəti Azərbaycan xanlıqları ilə bu yöndə danışıqlar aparmışdı. Onların Azərbaycan xanlarına təqdim etdikləri və sultan Əbdülhəmid tərəfindən imzalanmış fərmanda «bütün Cənubi Qafqaz müsəlmanları Rusiya təcavüzü qarşısında birləşməyə və müqəddəs müharibəyə hazır olmağa çağırılırdı». Osmanlı sultanı Axalsık, Qars və Bəyazid paşalarına çoxlu pul göndərərək Qarabağ və Xoy xanları ilə birlikdə İrəvan şəhərini rus-gürcü təcavüzündən qorumağı əmr etmiş, Xoylu Əhməd xanı isə birləşmiş qoşunların baş sərkərdəsi təyin etmişdi. Bu tədbirlərin nəticəsində 1784 və 1787-ci illərdə İrəvan xanlığı gürcü çarı II İraklinin təcavüzkar yürüşlərindən xilas olmuşdu. 1787-ci ildə Osmanlı sultanı açıq şəkildə Rusiyaya bildirmişdi ki, o, həmişə Azərbaycan xanlarını müdafiə edəcək, Azərbaycana məxsus olan İrəvan şəhərinin Gürcüstana tabe olmasına icazə verməyəcəkdir.

1783-cü ilin sonlarında Cənubi Qafqaza Xəlil Əfəndinin başçılığı ilə gəlmiş Osmanlı nümayəndəliyi Rusiya və Kartli-Kaxetiya çarlığına qarşı Qarabağ, Şamaxı, İrəvan və Dağıstan hakimlərindən ibarət hərbi ittifaq yaradılması üçün ciddi danışıqlar aparmışdı. Maraqlıdır ki, Şuşa şəhəri Xəlil Əfəndinin bir növ qərargahına çevrilmişdi. Müttəfiqlərin Şuşada cəmləşmiş 8 min nəfərlik qoşununun 1784-cü ildə Gürcüstana yürüşü Rusiyanın müdaxiləsi nəticəsində baş tutmamışdı.

Mənbələrdə Osmanlı sultanının İbrahimxəlil xana kömək üçün yüz min qızıl onluq göndərməsi haqda məlumatlar vardır. 1785-ci ildə İbrahimxəlil xan Osmanlı sarayına nümayəndə heyəti göndərmişdi.

1787-1791-ci illər Rusiya-Osmanlı müharibəsi dövründə Azərbaycanın Qarabağ, Şəki və Şamaxı xanlıqlarının hərbi qüvvəsindən Rusiyaya qarşı istifadə etmək cəhdləri nəticəsiz qaldı.

Cənubi Qafqazda Kartli-Kaxetiya və digər xristian qüvvələrə arxalanan Rusiya ilə Azərbaycan xanlıqlarının münasibətləri daima gərgin olmuşdu. Qubalı Fətəli xan Azərbaycan torpaqlarını birləşdirmək siyasətinə mane ola biləcək Rusiyanı zərərsizləşdirməyə çalışır, onunla "dostluq" münasibətləri qurmaq istəyirdi. Fətəli xan tərəfindən 1775-ci ildə Dərbənd hakimi Mirzəbəy Fərhadbəyovun başçılığı ilə Rusiyaya elçilik göndərilmiş, «Krım xanının statusunda» şimal-şərqi Azərbaycanın Rusiyanın himayəsinə keçməsi, xanın düşmənlərinə qarşı ona hərbi yardım göstərilməsi və əvəzində Dərbəndin Rusiyaya veriləcəyi rus çariçası II Yekaterinanın diqqətinə çatdırılmışdı. Lakin Rusiya əsas məqsədi bütöv Azərbaycan olan Fətəli xanın güclənməsini qətiyyən istəmirdi, bu onun Cənubi Qafqazla bağlı təcavüzkar planlarına uyğun deyildi və bu dövlət gələcəkdə Azərbaycanı ələ keçirmək niyyətində idi. Elçiliyə rədd cavabı verilərkən belə bir yalançı bəhanə uyduruldu ki, Rusiya Fətəli xanın bu təkliflərini ona görə qəbul etmək istəmir ki, Rusiya «guya Quba xanlığının məxsus olduğu Farsın (İranın) daxili işlərinə qarışmaq niyyətində deyil». 1783-cü ildə Kartli-Kaxetiya çarlığı Rusiyanın himayəsinə keçdikdən və Tiflisə rus qoşunları daxil oduqdan sonra Qubalı Fətəli xan Rusiyaya görə II İrakliyə qarşı açıq şəkildə çıxış etməkdən çəkinirdi. Ona görə də Fətəli xan siyasətini dəyişdi, 1784-cü ildə «cənub yürüşünə» başlayaraq Ərdəbil və Meşkini ələ keçirdi. Ancaq Rusiyanın təkidli tələbləri qarşısında 1785-ci ildə Cənubi Azərbaycanı tərk etməyə məcbur oldu.

1787-ci ildə Fətəli xan öz elçisi Mirzə Sadığı Rusiya sarayına göndərərək Kartli-Kaxetiyanın qəbul edildiyi şərtlərlə Quba xanlığının Rusiya himayəsinə keçmək istəyini bildirmişdi. Lakin Rusiya bu dəfə də Fətəli xanın bu istəyini rədd etmişdi. Rusiyanın müqaviməti üzündən gürcü çarı II İrakliyə qarşı yürüşə başlaya bilməyən Fətəli xan 1789-cu ildə onunla Şəmkir çayı sahilində görüşdü. Tərəflər belə razılığa gəldilər ki, Rusiyanın vassalı olan II İrakli Cənubi Qafqazda «asayişi qorumaqla» məşğul olsun, Fətəli xan isə gələn il Cənubi Azərbaycana yürüş etsin. Lakin Fətəli xanın qəfil ölümü ilə bu plan boşa çıxdı.

Quba xanlığı ilə yanaşı, Qarabağ xanlığı da Rusiya və Kartli-Kaxetiya çarlığı ilə müəyyən əlaqələr saxlayırdı. 1784-cü ildə İbrahimxəlil xan Rusiyanı Qarabağla bağlı məkrli niyyətlərindən çəkindirmək üçün Peterburqa Musa Sultan adlı elçi göndərsə də, iki il ərzində rus hökuməti heç bir rəsmi cavab verməmişdi, çünki Qarabağ xanlığını müdafiə etmək II Yekaterina hökumətinin maraqlarına cavab vermirdi. Əksinə Rusiya İbrahimxəlil xana qarşı sui-qəsd planı hazırlamışdı və bu planda Rusiyanın Qafqazdakı erməni casusları və Qarabağdakı xristian məlikləri iştirak edirdilər. Qarabağdakı bir monastr keşişindən bu sui-qəsd planı haqqında məlumat əldə edən İbrahimxəlil xan qabaqlayıcı tədbirlər görmüşdü, təcili yığıncaq adı ilə bütün xristian məliklərini, Alban katalikosunu və Qanzasar patriarxını həbs etdirərək Şuşa qalasına saldırmışdı. Qafqazdakı rus qoşunlarının komandanının hədə-qorxu ilə dolu olan tələbləri qarşısında həbsdən qurtulan məliklər Gürcüstana və digər yerlərə köçməyə məcbur olmuşdular.



Qafqazdakı rus qoşunlarının baş komandanı P.Potyomkinin Azərbaycan xanlarına göndərdiyi sənəddə Gürcüstanın Rusiyanın himayəsində olduğunun nəzərə alınması onlardan tələb edilmişdi. Şəki və Gəncə xanlıqları Rusiyanın bu tələbini qətiyyən nəzərə almırdılar. Quba xanlığının gürcü çarlığı ilə münasibətləri gərgin olsa da, Fətəli xanın dövründə Rusiyanın bu istəyi nəzərə alınırdı. Qarabağ xanlığı ilə gürcü çarlığı arasında isə daha çox “dostluq” münasibətləri hökm sürürdü.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin