Rusiyanın Azərbaycanın şimal torpaqlarına işğalçı yürüşü. Ağa Məhəmməd xan Qacarın Tiflisi tutması Kartli-Kaxetiyanı xarici hücumlardan qorumağı öhdəsinə götürən Rusiyanın siyasətinə ağır zərbə vurdu. II Yekaterina bölgədə sarsılmış nüfuzunu bərpa etmək üçün 1796-cı ildə general V.Zubovunbaşçılığı ilə Azərbaycana qoşun göndərdi. Azərbaycan xanları - şəkili Səlim xanın və şamaxılı Mustafa və qarabağlı İbrahimxəlil xanın V.Zubova qarşı təşkil etdikləri sui-qəsd cəhdi baş tutmadı. Qazıqumuq xanı ilə birləşən qubalı Şeyxəli xanın 1796-cı ildə Alpan kəndi yaxınlığında 500 nəfərlik rus hərbi dəstəsini darmadağın etməsi də Rusiyanın işğalçılıq planının qarşısını ala bilmədi. Rus ordusu 1796-cı ilin mayında Dərbəndi, iyunun 6-da Qubanı, iyunun 13-də Bakını, Şamaxını, Salyanı,oktyabrda isə Gəncəni tabe edə bildi. Qışı Muğanda keçirən rus ordusu yazda hərbi əməliyyatları Azərbaycanın cənubuna keçirib, Qacara zərbə vurmaq niyyətində idi. Lakin 1796-cı ilin noyabrında II Yekaterinanın ölümü ilə bu plan pozuldu. Hakimiyyətə gələn I Pavel rus qoşunlarının Azərbaycanın şimal torpaqlarından çıxarılması haqqında əmr verdi. 1797-ci ilin yazında rus qoşunları Azərbaycan torpaqlarını tərk etdilər.